Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:49

40 dollara saxta vaksin sertifikatı


Saxta vaksin sənədinin sifarişi
Saxta vaksin sənədinin sifarişi

Rusiyada hökumətin koronavirusun yayılmasını önləmək üçün atdığı addımlar yeni bir problemə yol açıb. İş, müntəzəm tibbi xidmət və səyahət üçün gərəkən vaksinasiya sertifikatlarının saxta yollarla əldə edilməsi halları kəskin artıb. Bütün bunların vaksinə etibarsızlıq və tezliklə normal həyata qayıtmaq istəyi ilə bağlı olduğu deyilir.

Rusiyada səyahət etmək, restorana getmək, hətta ofisdə işləmək üçün COVID-19 vaksinasiyasını sübut edən sənəd tələb olunur.

Vaksin vurdurmağa tərəddüd edən, yaxud yerli-dibli vaksin vurdurmaq fikrində olmayan milyonlarla rusiyalı çıxış yolunu saxta sənəd almaqda görür.

350 dollara qeydiyyat

CurrentTime TV-nin müxbiri əvvəlcədən görüş almadan tibbi sənədlərin satışı ilə məşğul olan bir saytdan soruşub: "Salam. COVID vaksinasiyası sertifikatı düzəldə bilərsiniz?". Cavab belə olub: "Bəli, qiyməti 3000 rubldur (40 dollar). Belə sifarişlərimiz çoxdur. Tələssəniz yaxşıdır".

Vəd edildiyi kimi, növbəti gün kuryer yenicə çap olunmuş, üzərində rəsmi möhürlər, imzalar və qeydiyyat nömrələri olan sertifikatı gətirib çatdırıb. Həmin adama vurulmalı olan dozanın başına nə gəldiyi (zibilliyə atıldığı, yaxud başqa adama vurulduğu) isə məlum deyil.

AzadlıqRadiosunun (RFE/RL) "Amerikanın Səsi" (VOA) ilə birgə şəbəkəsi olan CurrentTime TV vaksinasiya sertifikatları satan onlarla sayt aşkarlayıb. Kağız sənədlərin qiyməti cəmi 40 dollar, rəsmi vaksinasiya haqda məlumat bazasında qeydiyyat isə 350 dollara başa gəlir.

Araşdırmaçı jurnalist Xristo Qrozev vaksinlərin insanlara mikroçip vurulması üçün olduğunu iddia edən konspirasiya nəzəriyyələrinə inananlara xitabən belə bir tvit paylaşmışdı: "Çip implantı riski qarşısında həkimlə görüşməyə gərək yoxdur. Rusiyada satılmayan heç nə yoxdur".

Qaydalar

Moskvada iyunun 28-dən qüvvəyə minmiş qaydalara görə, yalnız vaksin vurdurmuş, yaxud son 6 ayda COVID-ə yoluxmuş şəxslər restorana gedə bilər. Bu qaydanı pozanlar 5 min rubladək (70 dollar) cərimə olunur. Təşkilatçılar insanların peyvənd vurdurduğunu sübut edə bilmədiyi halda, konsert, idman yarışları və digər tədbirlərdə auditoriya 500 nəfərdən çox ola bilməz.

170 kafe və restoran müstəqil qaydada "COVID-siz" müəssisə kimi qeydiyyatdan keçib. Bu müəssisələr iyulun 1-dən etibarən zaman limiti qoyulmadan açıq qala biləcək. QR kodu göstərə bilən müştərilərsə maskasız və sosial məsafə qorumadan bu məkanlarda qala bilərlər.

"Levada" Mərkəzinin iyunda keçirdiyi sorğunun nəticələrinə görə, rusiyalıların 55 faizi koronavirusa yoluxmaqdan qorxmur və bu rəqəm artmaqdadır.

Mərkəzin apreldə keçirdiyi oxşar sorğu isə peyvəndə inamın aşağı düşdüyünü, ölkə sakinlərinin yalnız 26 faizinin "Sputnik V" ilə peyvənd olunmaq istədiyini üzə çıxarmışdı.

İyunda Rusiya prezidenti Vladimir Putin ölkənin 144 milyonluq əhalisindən 18 milyonadək adamın peyvənd olunduğunu demişdi. Ancaq onların tələb olunan iki dozadan birini, yoxsa hər ikisini vurdurduğu haqda heç nə deməmişdi.

Altı ayadək həbs

Ölkənin telekommunikasiyalara nəzarət edən rəsmi qurumu COVID dezinformasiyası ilə mübarizə aparmağa çalışır. Qurum bu yaxınlarda COVID haqqında yanlış məlumat yayan minədək səhifəni bağladığını bəyan edib. Onların arasında saxta vaksinasiya sertifikatları verən möhtəkirlər də var.

Rusiya hüquq-mühafizə orqanları saxta sertifikat satışı ilə məşğul olan qara bazarın təqibinə başladığını deyir. Bu sertifikatlardan istifadəyə görə altı ayadək həbs cəzası nəzərdə tutulub.

Ancaq bu qəbildən bəzi saytlar bağlansa da, kibertəhlükəsizlik mütəxəssisi Yuri Druqaç yüzlərlə başqa saytın "yuxu" rejimində olduğunu, aktivləşdiriləcəyi anı gözlədiyini deyir.

"3000 rubla sizin vaksininiz kanalizasiyaya axıdılacaq və sizə sertifikat veriləcək. Bu necə bir cinayətdir!!! …Bütün sivil dünya normal həyat yaşamağa başlayacaq… bizsə intensiv müalicə şöbələrini doldurmağa davam edəcəyik. Dünya ictimaiyyəti bizim saxta sertifikatlarımızdan xəbər tutsa, nə olacaq???", – Moskvada yaşayan pediatr və immunoloq Bella Breqvadze iyunun 21-də öz Instagram postunda yazıb.

XS
SM
MD
LG