Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:10

Nikolas Keycin ən yaxşı melanxolik rolu


"Pig" filmindən kadr
"Pig" filmindən kadr

"Oskar" mükafatçısı Nikolas Keyc Maykl Sarnoskinin yeni "Pig" (Donuz) filmində tərki-dünya olmuş, ancaq qısa müddətə həyata geri dönən aşpaz Robin obrazını canlandırır. Ancaq onun dönüşü xoşbəxt dönüş deyil. Robin sevimli donuzu vəhşicəsinə əlindən alındığından Oreqon meşələrini tərk edir. Ancaq bu film intiqam trillerindən çox personajın daxili aləminə baxışdır.

"Variety" yazır ki, "Pig", hər şeydən əvvəl, tamaşaçıya Keycin bu gün çalışan ən istedadlı və cəsur aktyorlardan biri olduğunu xatırladır.

"Daha sən heç mövcud da deyilsən"

Robin və donuzu trüfel göbələyi toplayır. Robinin kənar dünya ilə yeganə əlaqəsi olan bir şəxs (Aleks Vulf) həftədə bir dəfə bu göbələkləri onlardan təhvil alır. Robin və donuzu qalan vaxtlarını gözəl yemək bişirmək və sakitlikdən həzz almaqla keçirirlər. Bu saqqallı, səliqəsiz adama baxanda onun özünü çox da yaxşı hiss etmədiyini, hansısa travma səbəbindən həyatı geridə qoyub meşəyə getdiyini görmək olur. O, həyatını dünya ilə paylaşmağa tələsmir. Adsız donuzu ilə birlikdə sakit mövcudluğunu davam etdirə bilməsi ona bəs edir. Ancaq həyat belə davam edə bilməz… Pis adamlar Robinin donuzunu oğurlayırlar.

"Variety"nin rəyində qeyd olunur ki, bu filmdə anderqraund döyüş klubundan tutmuş restoran işçilərinin yeməklərə əcaib fransızsayağı adlar qoymasına qədər hər şey var. Ancaq hadisələr heç vaxt absurda varmır.

Robin Portlendə qayıdanda gördüyü ilk şəxs ona belə deyir: "Sənin adının insanlara vacib olduğu vaxtları xatırlayıram, Robin. İndi isə sənin dəyərin yoxdur. Daha sən heç mövcud da deyilsən".

Komediya cütlüyü

Robinin keçmişindən gələn bu səslər, donuzun ətrafındakı müəmma azmış kimi, üstəlik, Robinin əzab çəkdiyini onun üzünün hər cizgisindən görmək olur. Keyc özünü tamamilə bu performansla bütövləşdirib.

Rəydə daha sonra Aleks Vulfun da rolunu böyük əminliklə oynadığı qeyd edilir. İki personaj axırda bir növ komediya cütlüyü kimi görünməyə başlayır. Maks gizli qalmağa çalışan ciddi adamdır. Robinsə qəribədir. O, üzündəki qanı silmir, donuzu əlindən alınanda aldığı yaralarını isə təmizləmir. Adsız donuza gəlincə isə, o, ekranda az görünsə də, onun varlığı hər an hiss olunur. Üstəlik, o, hadisələrin kökündə dayanır. Hər şey onun ətrafında baş verir.

Donuzu oğurlayanlar bunu etməməli idilər. Ancaq Robin heç vaxt döyüş əhvalında olduğunu, yaxud ona pislik edənlərin çox peşman olacaqlarını bilindirmir. Tamaşaçı film gedişində hadisələrin "John Wick" filmindəki kimi kəskin dönüş edəcəyini gözləsə də, filmin rejissoru Sarnoski hər dəfə təmkinini qoruyub saxlayır və sanki tamaşaçının gözləntiləri ilə oynayır.

Yorğun və gücsüz

""Pig"in qəhrəmanı Keycin digər filmlərindəki işləri görmək üçün çox yorğun və gücsüzdür", – yazıda deyilir.

"Pig" ilk baxışdan trüfel axtaran donuzun oğurlanması haqda olsa da, əslində çox təsirli filmdir. "Variety" və "The Guardian" bu performansı Keycin ən yaxşı melanxolik rolu adlandırıb. Üstəlik, tamaşaçı filmdə Keycin məharətini bir daha görmüş olur. "[Həyatda] bizə vacib olan şeylərin sayı çox olmur", – Robin öz dərin monoloqunun fonunda başqa bir şef aşpaza deyir. Monoloqsa insanların arzuları, uğurun faniliyi və bunların arasındakı hər şey haqdadır.

"İstər trüfel olsun, istər heyvan dostluğu, istərsə də tamamilə başqa bir şey, bizim Robinin donuzu qədər əhəmiyyətli şeyimiz varsa, deməli, bəxtimiz gətirib. Son nəticəninsə fərqi yoxdur", – məqalədə deyilir.

XS
SM
MD
LG