Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:21

Taliban etirazları yatırdır


Kabil aeroportu, 18 avqust, 2021-ci il
Kabil aeroportu, 18 avqust, 2021-ci il

Britaniyanın Xarici işlər naziri Dominik Raab deyib ki, “adi halda” London insan haqları standartlarına görə Talibanla işləməzdi

Kabildə güllə səsləri eşidilib, Əfqanıstanın şərqində isə silahlılar etiraz aksiyasını dağıdıblar.

Yayılan videolarda silahlıların izdiham içindən keçərək aeroporta getmək istəyənləri qamçıladığı görünür. Bu zaman güllə səsləri də eşidilir.

Avqustun 18-də silahlılar Cəlalabad şəhərində etiraz aksiyasını dağıdılar. Onlarla adam ölkənin qara, qırmızı və yaşıl rəngli dövlət bayrağını qaldırıb. Bir gün sonra isə Əfqanıstanda Müstəqillik Günü qeyd olunacaq. Silahlılar havaya atəş açaraq etirazçılara hücum ediblər.

Yerli xəbər agentliyinin reportyoru bir kameramanla birlikdə aksiyanı işıqlandırarkən talibançılar tərəfindən döyüldüyünü deyib.

“Reuters” şahidlərə istinadla zorakılıq zamanı üç nəfərin öldürüldüyünü xəbər verir. Etirazçılar bayrağı bir meydana sancmaq istəyiblər. “AP” Cəlalabadda bir nəfərin öldürüldüyünü, altın nəfərin yaralandığını yazır. Bu məlumatları təsdiqlətmək mümkün olmayıb.

Talibançılar tutduqları ərazilərdə Kəlmeyi-Şəhadət həkk olunmuş ağ bayraqlarını ucaldırlar.

BBC-nin paştu xidməti Kunar və Xost şəhərlərində də Talibana qarşı etirazlar olduğunu, nümayişçilərin Əfqanıstan bayrağı qaldırdıqlarını xəbər verir.

***

Dünya Talibanın hərəkətlərinin sözünə uyğun gəlib-gəlmədiyini izləyir. Bunu Britaniyanın Baş naziri Boris Conson deyir. Silahlılar rəqiblərindən qisas almayacaqlarını, qadın hüquqlarına hörmət edəcəklərini deyirlər.

“Biz bu rejimə seçimlərinə, sözləri deyil, hərəkətlərinə, terrorçuluğa, cinayətkarlığa və narkotik maddələrə, qızların təhsil alma hüquqlarına münasibətinə görə dəyər verəcəyik”, – Conson parlamentin iclasında deyib.

Baş nazirin sözlərinə görə, Britaniya hökuməti avqustun 15-dən 2 mindən çox əfqanı ölkədən çıxarıb, rəsmilərsə silahlılarla iş üzrə planın hazırlanmasında beynəlxalq ictimaiyyəti birləşdirmək yönündə çalışır.

“İndiyədək 306 britaniyalını və 2 min 52 əfqanın təhlükəsiz qayıdışını təmin etmişik”, – deyən Conson əfqanların daha 2 min müraciətinin tamamlandığını, “çoxusunun” üzərində iş getdiyini söyləyib.

***

Xaricilərin və Talibanın qisasından çəkinən əfqanların evakuasiyası güclənir, yüzlərlə insan Əfqanıstanı tərk etməkdədir. Xarici ölkələr isə kobud insan haqları pozuntularında suçlanan Talibanla necə işləməyi götür-qoy edirlər.

Taliban administrasiyası avqustun 17-də bəyan edib ki, sülh və islam dəyərləri çərçivəsində inklüziv hökumət qurmaq istəyir. Onlar opponentlərdən intiqam alınmayacağını, şəriət daxilində qadın hüquqlarına hörmət edəcəklərini, 20 il öncədən “fərqli” idarəçilik yürüdəcəklərini deyiblər.

Amma özəlliklə son 20 ildə ABŞ-ın başçılığı ilə xarici qüvvələrə kömək etmiş minlərlə əfqan ölkədən çıxmağa çalışır. Bir qərb təhlükəsizlik əməkdaşının “Reuters”ə deməsinə görə, Kabil aeroportunda evakuasiya işləri sürətlənib.

4 min hərbçi

Birləşmiş Ştatlar əcnəbilərin və əfqanların evakuasiyasını təmin etmək üçün hərbi qüvvələr göndərib. Avqustun 17-də hərbçilərin sayı 4 minə çatıb. Bundan bir gün öncə isə hava meydançasındakı xaos səbəbindən aeroport müvəqqəti bağlanmışdı.

Kabildə həyat tədricən bərpa olunur. Kabildə yaşayan jurnalist Əli M. Lətifi tvitində mağazaların, restoranların yenisən açıldığını yazıb.

“… kütlə (qadınların sayı azalıb) qayıdır, maşınlar qayıdıb, son 48 saat ərzində küçələrdə daha az talib görünür”, – o yazıb.

Başqa bir jurnalistin yazmasına görə, Kabilin “məşhur dondurma arabaları bu gün səhər yenə də ucadan musiqi qoyublar”.

“Son 20 ildə onlardan əldəqayırma partladıcılar, intiharçı hücumları, yaxud Taliban nəzarəti üçün istifadə ediblər. Bu günsə sadəcə dondurma satırlar”,Bilal Sərvəri Twitter-də yazıb.

“Dünya bizim bütün liderləri görəcək”

İslamçı hərəkatın aparıcı üzvü avqustun 18-də “Reuters”ə deyib ki, Taliban liderləri özlərini dünyaya göstərəcəklər, son 20 ildə isə onların liderləri gizlicə yaşayırdılar.

“Yavaş-yavaş, tədricən dünya bizim bütün liderləri görəcək, daha gizlilik olmayacaq”, – adının çəkilməsini istəməyən talibançı deyib.

Bu arada qrup liderlərinin ölkənin cənubundakı Qəndəhar şəhərində beynəlxalq aləmdə qəbul olunacaq hökumətin formalaşmasını müzakirə etdiyi bildirilir.

Talibanın qurucularından olan Molla Əbdül Qani Bəradər avqustun 17-də Qətərdən Qəndəhara gedib. O, aylardı Qətərdə Birləşmiş Ştatlar, daha sonra əfqan təmsilçilərlə sülh danışıqları aparırdı.

Taliban Əfqan Milli Barışıq Şurasının başçısı Abdulla Abdulla, keçmiş prezidenti Həmid Kərzai, Hizbu-İslami siyasi və yarımhərbi qrupunun rəhbəri Gülbiddin Hikmətyarla da əlaqə saxladığını bildirib.

ABŞ, Britaniyanın mövqeyi

Ağ evin milli təhlükəsizlik müşaviri Ceyk Salivan avqustun 17-də jurnalistlərə deyib ki, Taliban “dünyanın qalan hissəsinə kim olduqlarını, necə davam etmək istədiklərni göstərməlidir”.

“Onların keçmişi yaxşı olmayıb və bu məsələdən danışmaq hələ tezdir”, – Salivan Taliban administrasiyasını tanımaqla bağlı deyib.

Britaniyanın Xarici işlər naziri Dominik Raab deyib ki, “adi halda” London insan haqları standartlarına görə Talibanla işləməzdi.

“Belə bir rejimi mötədil etmək imkanı olub-olmadığını yoxlamaq istəyirik”, – o vurğulayıb.

Avqustun 18-də Britaniya deputatları yay tətilini yarımçıq kəsərək Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər.

XS
SM
MD
LG