Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:53

'Döydülər, Səfər Əbiyevin əleyhinə ifadə istədilər'


İlham Əliyev və Səfər Əbiyev Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışı mərasimində. 2012
İlham Əliyev və Səfər Əbiyev Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışı mərasimində. 2012

Ali Hərbi Məhkəmənin keçmiş rəisi Mirzəli Yusifov deyir ki, onu 2013-cü ildə Milli Təhlükəsizlik Nazirliyində (MTN) elə döyüblər, qulağının pərdəsi deşilib. Onun dediyinə görə, həmin vaxt müdafiə naziri olan Səfər Əbiyevin əleyhinə ifadə verməyi tələb edirdilər.

"Səfər Əbiyevin əleyhinə ifadə tələb edirdilər, mən imtina etdim. Onda mənə dedilər ki, "səni də tutacağıq, Səfər Əbiyevlə eyni kamerada olacaqsan. O biri kamerada da (general) Məmməd Beydullayev və kontr-admiral Şahin Sultanov olacaq", – Yusifov oktyabrın 14-də Bakı Hərbi Məhkəməsində ifadə verərkən belə deyib.

"Məndən 315 min dollar pul alınıb"

Bu məhkəmədə MTN-in Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi olmuş general Nizami Şirinov, onun tabeliyində işləmiş keçmiş idarə rəisləri Elcan Abdullayev Elman Tahirov, sabiq əməliyyat müvəkkili Nadir Nəzirovun işinə baxılır. Adları çəkilən şəxslərdən yalnız general Şirinov həbsdədir. Ali Hərbi Məktəbin keçmiş rəisi də bu iş üzrə zərərçəkmiş qismində tanınıb. Cinayət işinin materiallarında iddia olunur ki, sabiq MTN-çilər onu həbs etməklə hədələyib, işgəncə verib külli miqdarda pulunu alıblar.

Yusifov bildirib ki, uzun müddət zabit kimi Müdafiə Nazirliyində işləyib, polkovnik rütbəsi daşıyıb. O, 2009-2013-cü illərdə Ali Hərbi Məktəbin rəisi olub.

Zərərçəkmiş deyir ki, ilk dəfə MTN-in Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə çağırılıb, orada saxta cinayət işi açılıb, həbs olunmaqla hədələnib: "Məndən əvvəl 275 min dollar, sonradan da 25 min dollar pul aldılar. Bir müddət keçdi, daha 15 min dollar pul verməyə məcbur oldum. Ümumilikdə məndən 315 min dollar pul alınıb".

"Qulağımın pərdəsi deşildi"

Yusifovun sözlərinə görə, 2013-cü ildə Ali Hərbi Məktəbin rəisi vəzifəsindən çıxarılandan sonra yenidən MTN-ə çağırılıb. Deyir ki, bu dəfə orada işgəncəyə məruz qalıb.

"Vəzifədən çıxandan sonra məni yenə Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə çağırdılar, orada elə döydülər, qulağımın pərdəsi deşildi. Elcan Abdullayev və Nadir Nəzirov da bu prosesdə iştirak edirdi. Bu dəfə də 300 min dollar istədilər. Həm də o zaman müdafiə naziri olan Səfər Əbiyevin əleyhinə ifadə tələb edirdilər", – zərərçəkmişin sözləridir.

Yusifov əlavə edib ki, keçmiş nazirin əleyhinə ifadə verməyəndə onu həbs olunacağı haqda xəbərdar ediblər. Bir müddət sonra o, rüşvət almaqda suçlanaraq həbs edilib: "Dediklərini elədilər. 2 il 2 ay həbsdə qaldım...".

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları oktyabrın 21-də davam edəcək.

Xatırlatma

Təqsirləndirilən sabiq MTN-çilərə CM-in 182 (hədə-qorxu ilə tələbetmə), 311 (rüşvət alma), 341 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələri ilə ittihamlar verilib. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında beş general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Generallardan hazırda yalnız ikisi - Elçin Quliyev və Teymur Quliyev həbsdədir. Akif Çovdarov və Sübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb. Natəvan Mürvətovaya isə şərti cəza təyin edilib.

Ümumiyyətlə, 2015-ci ildə həbs olunanlardan həbsdə qalanların sayı cəmi beş nəfərdir.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Əks Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG