Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:51

Müşaviri Erdoğanın Bayden ilə Qarabağı və qırıcıları müzakirə edəcəyini deyir


“Türkiyənin ilkin məqsədi ABŞ-dan F-35 təkmil qırıcı təyyarələrinin alınmasıdır. Əgər ABŞ F-35 qırıcılarını Türkiyəyə verərsə, münasibətlərdəki böhran aradan qalxar, biz də F-35 proqramına qayıdarıq”.

Bunu Türkiyənin Milliyyet qəzetinə eksklüziv müsahibəsində prezident Recep Tayyib Erdoğanın müşaviri İbrahim Kalın deyib.

Kalın bildirib ki, Türkiyə tərəfi alternativ kimi ona F-16 qırıcılarının verilməsini təklif edib. Rəsmi qeyd edib ki, Türkiyə F-16-ları artıq F-35 qırıcıları üçün ödənmiş 1.4 milyard dolların hesabına almaq niyyətindədir.

İbrahim Kalın bildirib ki, Ərdoğan bu məsələni ABŞ prezidenti Co Baydenlə Böyük iyirmilərin G20 sammitində müzakirə edəcək.

Kalın F-16-ların köhnə texnologiya olmasına dair iddiaları rədd edib. O deyib ki, hal-hazırda Türkiyə və NATO hərbi hava qüvvələrinin bel sütununu məhz bu təyyarələr təşkil edir.

Onun sözlərinə görə bundan başqa iki lider enerji, terrorla mübarizə, ticarət, müdafiə sənayesi, Suriya, İraq, Liviya, Qarabağ və Aralıq dənizi məsələlərini müzakirə edəcəklər.

Kalın deyib ki, Ərdoğan və Bayden bu məsələlərdə iki müttəfiq arasında ortaq mövqeyin tapılmasına çalışacaqlar.

Türkiyənin ABŞ-dan gözlədiyi addımlar

Türkiyə prezidentinin müşaviri bunu da bildirib ki, müzakirə olunan mövzular arasında Türkiyəyə qarşı sanksiyalar da olacaq.

O bildirib ki, Ankaranın nəzərində ABŞ sanksiyaları cəza vasitəsi kimi artıq səmərəli deyil.

Rusiyadan alınmış S-400 raket sistemi məsələsinə toxunan Kalın bildirib ki, Türkiyənin bu silahı almasının səbəbləri “hamıya məlumdur”. Köməkçinin sözlərinə görə bu, kompromisə gəlinməsi mümkün olan bir məsələdir.

Kalın təəssüflə bildirib ki, ABŞ Konqresindəki bəzi dairələr S-400 məsələsini bəhanə gətirərək iki müttəfiq arasında münasibətlərin xeyrinə olmayan bəyanatlar verirlər.

Türkiyənin ABŞ-dan gözlədiyi addımlar barədə suala cavab verən Kalın deyib ki, bunlar Vaşinqtonun Fethullah Gülen hərəkatına qarşı qətiyyətli addımlar atması, Suriyada Türkiyəyə düşmən kürd silahlı dəstələrinə dəstəyin dayandırılmasıdır.

İbrahim Kalın vurğulayıb ki, Ankara Suriyadan daha bir qaçqın axının olmasına qarşıdır.

G20 sammiti oktyabrın 30-31-də Romada keçiriləcək.

XS
SM
MD
LG