Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:52

10-yaşlı Nərminin qətl işi: 'Yalanlardan daha birinin üstünün açılması...'


İlkin Süleymanov məhkəməyə gətirilir. Foto arxiv
İlkin Süleymanov məhkəməyə gətirilir. Foto arxiv

Tovuzun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsi, meyitinin isə yandırılmasıyla bağlı məhkəmə araşdırmaları davam etdikcə bu cinayət işindəki ziddiyyətli məqamlar da üzə çıxır.

10-yaşlı Nərminin qətlində suçlanan İlkin Süleymanovun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır. Oktyabrın 27-də məhkəmədə Nərminin əmisi Arif Quliyevin dindirməsi davam edib. Uşaq 2019-cu il noyabrın 21-də sonuncu dəfə bu əmisigildə olub, ondan sonra itkin düşüb.

Quliyevin sözlərinə görə, günorta saatlarında Nərmin onlarda təxminən bir dəqiqə dayanıb və gedib. Ondan təxminən bir saat yarım sonra böyük bacısı Şəbnəm gəlib deyib ki, Nərmin hələ də evə gəlib çıxmayıb. Özü də bacısının burada olub-olmadığını dəqiqləşdirmək üçün gəlib. Nərminin əmisigildə olmadığını bilib və evlərinə geri qayıdıb.

Baxmayaraq ki, uşağın harada olduğu bilinmirdi, Nərminin atası Şərif Quliyev həmin gün axşam saat 18:00 radələrində qardaşıgilə gəlib, oradan da qonşu kənddə toy axşamına gediblər. Bunu da qardaşı dindirmə zamanı deyib.

"Camaatı yığıb dedi ki, uşağı öldürən İlkindir"

Cinayət işinin materiallarında iddia olunur ki, İlkin Süleymanov uşaq itkin olduğu 47 gün ərzində onu həyətlərindəki ikinci evdə daim nəzarət altında saxlayıb. Arif Quliyev isə deyir ki, onu həmin müddətdə bir neçə dəfə – həm gündüz, həm də axşam saatlarında kəndin içində görüb.

Rəsmi sənədlərdə təqsirləndirilən Süleymanovun 2020-ci il yanvarın 10-da saxlandığı yazılıb. Özü isə bildirir ki, yanvarın 6-da saxlanıb, dörd gün ərzində işgəncəyə məruz qalıb, işgəncələrə dözməyib, yanvarın 10-da uşağı oğurlayıb öldürməsi barədə ifadəyə imza atıb.

Arif Quliyev də vəkillərin suallarına cavab verərkən təsdiqləyib ki, İlkin yanvarın 6-da saxlanıb: "İlkini həmin gün polis şöbəsinə aparmışdılar. Saxlandığını həmin gündən bilirdik. Uşağın üç mərasimində mağarda Kamal Qılıcov (hazırda Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi-red.) camaatı yığıb dedi ki, uşağı öldürən İlkindir...".

Uşağın meyitini görən olmayıb

Arif Quliyev deyir ki, yanvarın 6-da axşam qardaşı qızının meyitinin kənddə yandırılmış vəziyyətdə tapıldığını eşidib, hadisə yerinə gedib: "Mən gedəndə çoxlu polislər vardı. Meyitə lap yaxından baxmadım, aramızda təxminən beş metr məsafə olardı. Elçin adlı prokuror dedi ki, sizin uşaqdır. Camaat danışırdı ki, meyiti İlkin söndürüb. Onların evinin yanında idi. Gedib atasına xəbər verdim, təxminən 11-ə işləmiş olardı, o da gəldi...".

Dindirmə zamanı məlum olub ki, uşağın atası da gələndə meyitə baxmayıb. Heç anası Aynurə İsmayılova da nə həmin gün, nə də sonradan tapılan meyiti görməyib.

Nərmin itkin olduğu müddətdə kənddə evlərdə axtarışlar aparılıb. Dondar Quşçuya gətirilən əhliləşdirilmiş itlər uşağın əmisi Arif Quliyevin, onunla eyni həyətdə yaşayan nənəsinin və yanaşı həyətdə yerləşən qonşunun evlərinə daxil olub. Qohumlar, polislər başqa evlərə də baxış keçirib.

Arif Quliyev istintaqa ifadəsində deyib ki, İlkin Süleymanovun əmisi oğlu, keçmiş polis əməkdaşı Murad Süleymanov axtarışlar vaxtı onlara məxsus evlərə baxış keçirməkdən yayındırmağa çalışırdı. Məhkəmədə isə bu məsələ ilə bağlı fərqli danışıb: "O evlərə baxış keçirməyə qadağa qoyulmamışdı. İstəsəydik, gedib baxa bilərdik. Sadəcə, Murad özü polis olduğuna görə baxmamışıq...".

Məhkəmə araşdırmaları noyabrın 3-də davam edəcək.

"Cinayət işindəki yalanlardan daha birinin üstünün açılması..."

Təqsirləndirilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayev AzadlıqRadiosuna bildirib ki, məhkəmə araşdırması hüquqlarını müdafiə etdiyi şəxsin yanvarın 10-da deyil, 6-da saxlandığını ortaya qoyur. Vəkilin sözlərinə görə, bu isə cinayət işindəki yalanlardan daha birinin üstünün açılması deməkdir: "İstintaq orqanı İlkin Süleymanovun dörd gün ərzində Tovuz rayon Polis Şöbəsində qanunsuz saxlanması faktını ört-basdır eləməyə çalışır. Bunun əksini isə təkcə İlkin Süleymanov, müdafiə tərəfi demir, zərərçəkən tərəf də ifadələrində bildirir ki, ayın 6-dan saxlanmışdı. Biz Qılıcovun hansı statusla bu prosesdə iştirak etməsi, Süleymanova rəsmi ittiham elan olunmadan onun haqqında açıqlama verməsi məsələsi ilə bağlı da araşdırma aparacağıq".

Süleymanovun dörd gün heç bir qərar olmadan qanunsuz saxlanması barədə müdafiəçilər prokurorluğa, məhkəməyə şikayət versələr də, təmin olunmayıb. Bu məsələ ilə əlaqədar Avropa Məhkəməsinə şikayət göndərilib.

Xatırlatma

48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək etiraf ifadəsinə imza atmağa məcbur olub.

Süleymanovun ailə üzvləri də onun təqsirsiz olduğunu, hüquq-mühafizə orqanlarının bu səs-küylü cinayət işinin açılması görüntüsü yaratmaq üçün onun üzərinə qoyduğunu bildirir.

Baş Prokurorluq isə işgəncə iddialarını rədd edib, bu barədə deyilənlərin həqiqətəuyğun olmadığını, Süleymanovun özünü müdafiə məqsədilə belə danışdığını açıqlayıb.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG