Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:51

Putin üçüncü dozanı vurdurur. Avropada etirazlar


Novosibirskdə QR kodu yoxlanır
Novosibirskdə QR kodu yoxlanır

Putin Sputnik V vaksininin birinci dozasını martda, ikincini apreldə vurdurub

Avstriyada tam lokdaun başlanıb

Noyabrın 22-də Avstriyada tam lokdaun başlanıb.

8.9 milyon əhalisi olan ölkədə evdən yalnız işə, mağazaya vacib bazarlığa, yaxud hava almağa çıxmağa icazə verilir. Restoranlar, barlar, gözəllik salonları, teatrlar qapadılır.

Məhdudiyyətlər dekabrın 12-cən davam edəcək, hakimiyyət onlara 10 gündən sonra yenidən baxılacağını bildirib.

Avstriya ötən həftə elan elədi ki, fevraldan COVID-19-a qarşı vaksinasiyanı tələb kimi qoyacaq. İndiyədək Avropada yalnız Vatikanda belə bir tələb qüvvədədir.

Məhdudiyyətlər isə kəskin reaksiyaya səbəb olub. Həftəsonu 30 mindən çox insan Vyanada küçələrə çıxıb. Noyabrın 21-də Linzdə 6 minədək insan etiraza çıxıb.

***

Rusiya Prezidenti Vladimir Putin noyabrın 21-də COVID-19-a qarşı üçüncü doza vaksin vurdurduğunu açıqlayıb.

“İki saat öncə yenidən vaksin olundum. Heç nə hiss etmirəm. Normal vəziyyətdəyəm. Hər şey yaxşıdır”, – o, Rossiya 24 dövlət televiziyasına deyib.

Putin ölkəsində hazırlanmış Sputnik V vaksininin birinci dozasını martda, ikincini apreldə vurdurub. Peyvənd olunması barədə açıqlamanı isə iyunda verib.

Rekord yoluxma və ölüm

Son həftələr Rusiyada koronavirusla bağlı rekord sayda ölüm və yoluxmalar qeydə alınır.

Ancaq ölkənin 146 milyonluq əhalisinin yalnız 37 faizinin tam peyvənd olunduğu bildirilir. Rusiya Sputnik V vaksinini dünyada vaksin vurulmağa başlanandan xeyli qabaq qeydiyyatdan keçirib.

Hazırda ABŞ və AB ölkələri daxil olmaqla bir çox ölkələrdə gücləndirici buster dozaların vurulmasına icazə verilir.

Səhiyyə ekspertləri vaksinlərin xəstəliyin ağırlaşması və ölümə qarşı qoruduğunu bildirir. Amma qoruma zamanla azalan anticismlərin səviyyəsindən asılıdır. Buster dozadan sonra anticismlərin nə qədər müddətə qaldığını isə heç kəs bilmir.

Rusiyada indiyədək 9.3 milyondan çox yoluxma və 264 mindən çox ölüm aşkarlanıb və Avropada pandemiyanın ən çox zərbə vurduğu ölkə hesab olunur. Rosstat dövlət statistika idarəsi isə COVID-ə bağlı ölümlərin daha çox olduğunu açıqlayıb. Sentyabrın sonunda pandemiyaya bağlı ölü sayının 460 minə yaxın olduğu bildirilib.

Avropada etirazlar davam edir

Noyabrın 21-də Niderlandın bir neçə şəhərində iğtişaşlar üçüncü gecəyə keçib. Minlərlə insan COVID-19-a qarşı yeni qadağalara etiraz edirlər.

Polis gülləsindən xəsarət aldığı bildirilən dörd nəfər xəstəxanaya yerləşdirilib.

Niderlandda yetkin yaşlıların 85 faizinin tam peyvənd olunmasına baxmayaraq COVID-19-a yoluxmalar artır və hökumət üç həftəlik qismən lokdaun elan edib. Nümayişə çıxanlar hökumətin peyvənd olunanlar, yaxud xəstəlikdən sağalanlar üçün COVID pasportu tətbiq etməsinə qarşı çıxırlar. Restoranlara, kafe və barlara giriş üçün belə pasport tələb olunacaq.

Noyabrın 21-də qonşu Belçikada da zorakılıq qeydə alınıb. Brüsseldə 35 minə yaxın insan koronavirusla bağlı tədbirlərə qarşı çıxıb.

Həftəsonu Avropada məhdudiyyətləri sərtləşdirilməsinə qarşı onminlərlə adam etiraza çıxıb.

Avstriya, Xorvatiya, İsveçrə və İtaliyada nümayişlər keçirilib.

XS
SM
MD
LG