Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:40

Vidadi Muradov vəfat etsə də, məhkəmə davam edir


Prezident İ.Əliyev və V.Muradov "Azərxalça" ASC-nin Şəmkir filialının açılışında. 2017
Prezident İ.Əliyev və V.Muradov "Azərxalça" ASC-nin Şəmkir filialının açılışında. 2017

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin keçmiş sədri, 20 milyondan artıq yeyintidə suçlanan Vidadi Muradov vəfat etsə də, onun haqqındakı cinayət işi üzrə məhkəmə araşdırmaları davam edəcək. Noyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində onun həyat yoldaşı Rəhilə Muradova bu iş üzrə hüquqi varisi qismində tanınıb.

Muradovun özünün və ailə üzvlərinin adına olan ümumi dəyəri 30 milyon 587 min manatlıq ev və obyektlərə, həmçinin onun şirkəti olan "Azər-İlmə" MMC-nin səhm və aktivlərinin üzərinə məhkəmə qərarıyla həbs qoyulub. Məhkəmədə mərhum Muradovun vəkili Vüqar Babayev əmlaklar üzərindən həbsin götürülməsini istəyib. Bu barədə vəsatət qaldıran vəkilin sözlərinə görə, Muradov özünü təqsirli bilməyib: "Qanuna görə, üzərinə həbs qoyulan əmlaklar təqsirləndirilən şəxsin cinayət yoluyla əldə etməsinə şübhə olan əmlaklar ola bilər. Vidadi Muradov "Azərxalça"ya 2016-cı ildə rəhbər təyin edilib. Amma üzərinə həbs qoyulan əmlaklar 2016-cı ildən əvvəl əldə edilib. Ona görə də həmin əmlakların üzərindən həbsin götürülməsini xahiş edirik". Məhkəmə vəsatəti təmin etməyib.

İş üzrə "Azərxalça" ASC və Dövlət Vergi Xidməti zərərçəkmiş qismində tanınıb. "Azərxalça"nın nümayəndəsi məhkəməyə mülki iddia təqdim edərək mənimsənilən vəsaitin ödənilməsini istəyib. Mülki iddia icraata götürülüb, onun təmin edilib-edilməməsinə məhkəmənin sonunda - hökmdə qərar veriləcək.

Xatırlatma

21 milyon 673 min manatlıq mənimsəmə, 640 min manat vergidən yayınma kimi əməllərdə suçlanan Vidadi Muradov 2021-ci ilin yanvarında həbs olunub. Onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilən Muradov noyabrın 1-də ev dustaqlığına buraxılıb. Noyabrın 5-də isə vəfat edib.

Cinayət işinin materiallarında iddia olunur ki, Muradov öz şirkəti "Azər-İlmə" MMC-nin Bakıda yerləşən inzibati binasını dövlət şirkəti olan "Azərxalça" ASC üçün bazar qiymətlərindən daha yüksək qiymətə icarəyə götürüb. "Azərxalça"nın pulu - xalça istehsalı üçün ip alınması məqsədilə nəzərdə tutulan vəsait formal olaraq müxtəlif şirkətlərin hesabına köçürülüb. Həmin şirkətlərin rəhbərləri köçürülmüş vəsaiti hesabdan çıxarıb nağdlaşdırandan sonra geri qaytarıblar.

Bundan əlavə, "Azərxalça"nın ölkənin müxtəlif bölgələrində 23 müəssisəsinin tikintisi zamanı qiymətlərin şişirdilməsi, daha ucuz və keyfiyyətsiz materiallarla işlərin görülməsi nəticəsində də külli miqdarda yeyintinin olduğu bildirilir.

Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Onun oğlu Cavid Muradov Bakının öncə Səbail rayonunun polis rəisi olub. Hazırda isə Sabunçu rayon Polis İdarəsinin rəisidir.

XS
SM
MD
LG