Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:50

Prokurordan Ata Abdullayevə 9 il həbs tələbi: o, hərbi xidmətdən də yayınıbmış


Ata Abdullayev
Ata Abdullayev

Özünü videobloqer kimi təqdim edən Ata Abdullayevə 9 il həbs cəzası kəsilməsi istənilib. Dekabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Dövlət ittihamçısı Abdullayevi səciyyələndirən halları sadalayarkən məlum olub ki, o, 2004-cü ildə hərbi xidmətdən yayınmaya görə məhkum edilib. 2014-cü ildə isə onlayn oğurluğa görə həbs olunsa da, ona 7 il şərti cəza verilib.

"Yalan danışmaq istəmir"

Prokuror deyir ki, Abdullayev müxtəlif şəxslərdən, o cümlədən Masazır qəsəbəsi üzrə icra nümayəndəsi Şahlar Həsənov, Gənclər və İdman Nazirliyinin nəzdindəki "Formula-1" Tədbir Əməliyyat Komitəsinin baş mühasibi Elmar Əliyev, DTX-nın keçmiş əməkdaşı, hazırda bina tikintisiylə məşğul olan Elçin Əliyev və sahibkar Cəmil Babayevdən hədə-qorxu ilə pul tələb edib. Son nəticədə Elmar Əliyevdən "iPhone 11Pro Max" telefonu alıb.

Zərərçəkmiş Əliyevin nümayəndəsi məhkəmədə mülki iddia qaldıraraq Abdullayevdən telefona görə 2 min 400 manat, mənəvi ziyana görə isə 10 min manat tələb edib.

Abdullayev isə deyir ki, yalandır, o telefonu dostu Ziya Məmmədov ona hədiyyə olaraq verib, Elmar Əliyevə görə yox: "Ziyanın bura gəlməyə üzü yoxdur, yalan danışmaq istəmir. Ona görə gəlmir. Əgər mənim bu adamlardan pul tələb etməyimi sübut edən bircə fakt olsa, evimi satıb 100 min manat da ödəyərəm. Güllələmək qərarı olsaydı, onu eləyərdiniz, mənim də canım qurtarardı. Yorulmuşam, ölürəm daha...".

"Onun əllərinə qurban olum"

Abdullayev 2009-cu ildə Neft Akademiyasında 13 tələbənin ölümüylə nəticələnən terror zamanı fəaliyyətindən danışıb. O deyir ki, əgər vaxtında o binaya daxil olub, güc strukturlarına xəbər verməsəydi, ölənlərin sayı daha çox ola bilərdi: "O hadisədən sonra Akif Çovdarov mənə o qədər zülm elədi ki...".

Abdullayev ittihamda göstərilən cinayətlərin heç birini törətmədiyini, amma bu dövlətin ədalətinə güvəndiyini də dilə gətirib: "Biz 1992-ci ildə - Əli Kərimli dönəmində yaşamırıq, ulu öndər Heydər Əliyevin qurduğu ölkədə yaşayırıq. Mən dünyanın ən xoşbəxt adamıyam ki, 2001-ci ildə ulu öndərlə görüşmüşəm. Sonradan da onun layiqli davamçısının dəmir yumruğunu öpmək mənə nəsib olub. Onu izləyirdim, hansı xarici ölkəyə gedirdisə, mən də ora uçurdum. Amerikada, Fransada alınmadı, nəhayət, dördüncü cəhddə bu mənə qismət oldu. Beşinci dəfə də Münhendə mənə əl elədi. Onun əllərinə qurban olum...".

Qonşuların rəyi

Məhkəmədə o da məlum olub ki, yaşadığı ərazi üzrə Mənzil Kommunal İstismar Sahəsinin rəisi Abdullayev haqqında mənfi xasiyyətnamə verib. Onu özündənrazı, daim qonşularla münaqişədə olan biri kimi təsvir edib. İş materiallarında qonşuların da Abdullayev haqqında ərizəsi var və onu müsbət xarakterizə ediblər.

Abdullayevin vəkili Telman Talıbov deyir ki, prokurordan belə çıxış və ağır cəza tələbi gözləmirdi. Ona görə də müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Ona dekabrın 28-nə qədər vaxt verilib.

İndiyədək bir sıra qalmaqallarda adı keçən Ata Abdullayev martın 12-də DTX əməkdaşları tərəfindən saxlanıb.

XS
SM
MD
LG