Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:08

Hacıbala Abutalıbovun Aparat rəhbərinə hökm oxundu


Rasim Quliyev
Rasim Quliyev

2001-2019-cu illərdə Bakı Şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmış, o cümlədən 8 il Aparat rəhbəri olmuş Rasim Quliyev 3 il azadlıqdan məhrum edildi. Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Ona münasibətdə CM-in 62-ci (qanunda nəzərdə tutulmuş minimum cəzadan daha aşağı cəza təyin etmə) maddəsi tətbiq olunub.

Quliyev paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi-141 ünvanında (Qış parkının yanı) tarixi-memarlıq abidəsi sayılan ikimərtəbəli yaşayış binasının sökülməsi və yerində çoxmərtəbəli yeni binanın tikintisi üçün "FF-2011" şirkətinə icazə verməkdə təqsirli bilinib. O, sözügedən sərəncamı 2018-ci ilin mayında Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən şəxs qismində imzalayıb.

"Bu işdə əsl zərərçəkən mən və ailəmdir"

Lakin Quliyev özünü təqsirli bilmir. O, məhkəmədən öncə son sözündə də deyib ki, həmin ünvanda söküntü-tikinti hələ 2012-ci ildə başlamışdı. O zaman da tikinti şirkətinə icazəni şəxsən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov vermişdi: "O zaman hara, necə, nə ziyan dəyib, mənim məlumatım olmayıb. 2017-ci ildə mənə deyildi ki, rəhbərliklə razılaşdırılıb, icra başçısının müavini səlahiyyətini müvəqqəti icra edəcəm. Ümumi nəzarəti Bakı Şəhər İcra Hakimiyyətinin başçısı həyata keçirəcək. Bu haqda xüsusi sərəncam da var və cinayət işinin materiallarındadır. Məhkəmə dövründə müxtəlif qurumlar və şəxslər arasındakı yazışmalarla sübut olundu ki, heç vəzifə səlahiyyətləri də mənə düzgün ötürülməyibmiş...".

O vurğulayıb ki, "FF-2011" şirkətinin o ərazidə tikinti aparması üçün hələ 2012 və 2015-ci illərdə Hacıbala Abutalıbovun iki sərəncamı olub. O da 2018-ci ildə (həmin vaxt Abutalıbov artıq Baş nazirin müavini təyin edilmişdi) əvvəlki iki sərəncama əsaslanaraq icazə sənədini imzalayıb.

O, prezident tərəfindən medalla təltif olunması və başqa xidmətlərini də yada salıb. Sabiq Aparat rəhbəri bildirib ki, "bu işdə əsl zərərçəkən mən və ailəmdir".

Xatırlatma

50-yaşlı Rasim Quliyev 2001-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətində çalışıb. Eldar Əzizov 2018-ci ilin iyulunda Bakı Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilib, həm də başçı səlahiyyətlərinin icrasına başlayandan sonra Quliyev Aparat rəhbəri vəzifəsindən azad edilib. O, icra hakimiyyətinin Xarici Əlaqələr Departamentinin sədri təyin edilib. 2018-ci ilin noyabrında Eldar Əzizov icra başçısı vəzifəsinə təsdiqlənəndən az sonra Quliyev, ümumiyyətlə, bu qurumdan işdən çıxarılıb.

Bakı Şəhər İcra Hakimiyyətindəki fəaliyyətindən öncə - 2000-ci ildə parlament seçkiləri zamanı Quliyev 29 saylı Səbail Dairə Seçki Komissiyasının sədri olub.

2019-cu ildə icra hakimiyyətindən uzaqlaşdırılandan sonra həmin ilin aprelində YAP Mərkəzi Aparatında işə təyin olunub.

XS
SM
MD
LG