Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:23

Ata Abdullayevə 7 il həbs cəzası verildi: 'Mənim üç babam, iki atam var…'


Ata Abdullayev
Ata Abdullayev

Özünü videobloqer kimi təqdim edən Ata Abdullayev 7 il azadlıqdan məhrum edildi. Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hökmdən öncə məhkəmədə ağlaya-ağlaya son sözünü deyən Abdullayev bu cinayət işində zərərçəkmiş kimi tanınan dörd nəfərin heç birindən pul tələb etmədiyini vurğulayıb. O bildirib ki, başqa müstəvidə günahının nədən ibarət olduğunu bilir, buna görə dəfələrlə üzr istəyib və bir daha da üzr istəyir.

"Mən bilirəm ki, nəyə görə buradayam"

"Kiminsə sözünü kəsmişəmsə, kiməsə qarşı xətam olubsa, hansısa balacanın, prezidentin yaxınlarının xətrinə dəymişəmsə, böyüklərdən də, kiçiklərdən də dönə-dönə üzr istəyirəm. Mən bilirəm ki, nəyə görə buradayam. Mənim üç babam var, iki atam. Heydər Əliyev mənim babam, cənab prezident isə mənəvi atamdır...", – Abdullayev belə deyib.

O, xarici səfərlərə Prezident İlham Əliyevin arxasınca getməsi, Ermənistanın Baş naziri Nikol Paşinyanla Milanda necə görüşməsi barədə də ətraflı danışıb. Deyir ki, Paşinyanın kilsəyə gələcəyini öyrənəndən sonra bir azərbaycanlı tələbə ilə ora gedib, gözətçiyə özünü gürcü jurnalist kimi təqdim edib. Müəyyən qədər gözləyəndən sonra bir neçə nəfər qadına qoşulub kilsəyə daxil olub. Orada sual verəndə azərbaycanlı olduğunu biliblər.

"Corabımı axşam yuyub, səhər geyinirdim"

"Cənab prezident demirdi ki, "Ata, arxamca gəl", məni aparan ona olan sevgi idi. Mən o ölkələrə gedəndə özümlə pal-paltar aparmırdım. Hava limanında əşyalarımı yoxlayanlar da təəccüblənirdi. Mən corabımı axşam yuyub, səhər geyinirdim. Amma əvəzində cənab prezidentlə Mehriban xanımın şəkillərini aparırdım. Həmin şəhərlərdə hər yerdə nümayiş etdirirdim", – Abdullayevin sözləridir.

Onun sözlərinə görə, İlham Əliyevi ilk dəfə 13-14 yaşı olanda görüb. Həmin vaxt Dövlət Neft Şirkətinin vitse-prezidenti olan Əliyev "Neftçi" futbol komandasının bazasına gəlib, atasının - prezidentin mühafizəçiləri ilə futbol oynayırmış. Prezidentlə 2019-cu ildə Vyanadakı görüşündən, əlini onun çiyninə qoymasından danışan Abdullayev gileylənib ki, vaxtilə ata və oğul Əliyevləri tənqid, hətta təhqir edənlər hazırda hökumət tədbirlərində iştirak edir, mükafatlandırılır, o isə dəmir barmaqlıqlar arasındadır: "Vaxtilə "Heydər Əliyevin ölüm xəbərini gətirənlərə üzüyümü bağışlayacam" deyənləri, İlham Əliyevi təhqir edənləri hökumət tədbirlərində görürəm, məyus oluram. Onlar ingilis bayrağı da deyillər, neçə üzləri var. Mənim isə bir üzüm var, Heydər Əliyev ideologiyasıyla yaşayan adamam. Mən bu gün aldığım nəfəsə görə də göydə Allaha, yerdə cənab prezidentə, Mehriban xanıma borcluyam".

"Ortada sübut olmalıdır"

Abdullayevin vəkili Telman Talıbov da müvəkkilinə qarşı irəli sürülən ittihamların əsassız, uydurma olduğunu deyir. Onun sözlərinə görə, ittihamlar söz yığınından ibarətdir, heç bir sübut yoxdur: "Mən də deyə bilərəm ki, kimsə məndən pul tələb etdi. Axı bununla bitmir, ortada sübut olmalıdır. Zərərçəkmiş qismində tanınanlardan biri keçmiş MTN əməkdaşıdır. Tutaq ki, bu birilər məlumatsızdır, o isə belə bir qurumda işləyib, bütün vasitələrdən, üsullardan xəbərdardır. Bəs niyə əlində Abdullayevin ondan pul tələb etdiyini təsdiqləyən heç bir sübut yoxdur?".

Vəkil zərərçəkmişlərin dördünün də polis və ya prokurorluğa yox, məhz Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) şikayət etməsinə diqqət çəkib. O vurğulayıb ki, özü də, bu şikayətlər pul tələb edildiyi iddia olunan vaxtdan aylar sonra göndərilib.

İndiyədək bir sıra qalmaqallarda adı keçən Ata Abdullayev martın 12-də DTX əməkdaşları tərəfindən saxlanıb. O, CM-in 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.

Abdullayev 2004-cü ildə hərbi xidmətdən yayınma, 2014-cü ildə isə onlayn oğurluğa görə məhkum edilib.

XS
SM
MD
LG