Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:33

Həyat yoldaşının qətlində ittiham olunan kişi feministləri günahlandırır


Sevinc Məhərrəmova
Sevinc Məhərrəmova

Həyat yoldaşı Sevinc Məhərrəmovanı qətlə yetirməkdə ittiham olunan Füzuli Qarayev ailəsində yaşananlara görə həm də feministləri günahlandırır.

O iddia edir ki, Sevinci düşüncə baxımından feminist olan Nigar adlı xalası qızı və başqaları yönləndirirdi.

"Özü də mənə etiraf etdi ki, onu öyrədirlər. Deyirlər ki, sən onun üçün uşağa baxansan? Şikayət elə, əvvəl-axır tutacaqlar, sən də alimentini alacaqsan, sosial alacaqsan, öz həyatını yaşayacaqsan..." – Qarayev yanvarın 18-də məhkəmədə ifadə verərkən belə deyib.

“Feministlər hay-küy saldılar, maddəni ağırlaşdırdılar”

1997-ci il təvəllüdlü Sevinc Məhərrəmova ilə 1979-cu il təvəllüdlü Füzüli Qarayev qeyri-rəsmi evli olub. Bu, Qarayevin ikinci evliliyi idi. Cütlüyün altı il davam edən evlilikdən iki övladı var.

43-yaşlı Qarayev etiraf edir ki, son illərdə münasibətləri gərgin olub. Həyat yoldaşı üç dəfə ondan polisə şikayət edib, nəticədə barəsində CM-in 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi başlanıb:

"Feministlər hay-küy saldılar, maddəni ağırlaşdırdılar. Sonra yenə 128 elədilər. Bir neçə dəfə uşaqları gah qonşuya, gah bacımgilə atıb getmişdi. Şikayət eləyirdi, sonra özü şikayətini geri götürürdü, üzr istəyirdi ki, barışaq..."

"Gözləyirdim ki, onu kiminləsə tutum..."

Amma müttəhim zərərçəkmiş tərəfin nümayəndəsi Zibeydə Sadıqovanın suallarını cavablandırarkən bildirib ki, işə gedəndə həyət qapısını bağlayıb, açarı da gizlədirdi. O, 2021-ci ildə Novruz bayramı ərəfəsində mərhum həyat yoldaşını albalı ağacıyla möhkəm döydüyünü də etiraf edib.

Həyat yoldaşını qətlə yetirdiyinə görə peşmançılığını dilə gətirən təqsirləndirilən şəxsdən hakim soruşub ki, ailədəki bu qədər gərginliyə baxmayaraq, niyə vaxtında sivil şəkildə ayrılmayıblar? O, suala belə cavab verib: "Gözləyirdim ki, onu kiminləsə tutum..."

Hadisə 2021-ci il avqustun 3-də Zirə qəsəbəsində baş verib. Füzuli Qarayev həyat yoldaşının evdə olmadığını görərək, onu axtarmağa başlayıb və qonşuda tapıb.

Hadisə zamanı Qarayev qonşuya da xəsarət yetirib. Bu üzdən ona CM-in 120.1 (qəsdən adam öldürmə) və 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG