Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:42

Lirə ‘sağaldımı’ – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Yanvarın 24-dək 5.4 trilyon lirəlik bank sektoru depozitlərindən yeni mexanizmlər çərçivəsində 196 milyard lirə cəlb olunub

Ötən il 44 faiz dəyər itirmiş Türkiyə lirəsinin məzənnəsi möhkəmlənməkdədir. Prezident Receb Tayyib Ərdoğan dekabrda lirənin xilasına yönəlik fövqəladə tədbirlər elan elədi. Ancaq “Financial Times” qəzeti təhlilçilərin lirənin gələcəyindən arxayın olmadığını yazır.

Ötən ilin sonunda hökumət lirə əmanətlərini qorumaq üçün bəzi addımlar atdı, üstəlik, hökumət bazara bir neçə milyard dollarlıq müdaxilə etdi. Bütün bunlar müvəqqəti sabitlik yaratsa da, təhlilçilərin az bir qismi bu tədbirləri Türkiyənin valyuta dilemmasını birdəfəlik həll etdiyini düşünür. Çünki Ərdoğan faiz dərəcəsini ölkədə yüksələn inflyasiyadan aşağı həddə saxlamağı hədəfləyir.

Elektroşok terapiyası

“Buna elektroşok terapiyası kimi baxıram. Ölmək üzrə olan xəstənin həyatı xilas edildi. Bəs o sağaldımı? Bu addımların uzunmüddətli həll olduğunu düşünmürəm”, – Dubayda yerləşən “Greenwest Consultancy” şirkətinin direktoru Emre Akcakmak deyib.

Ötən ilin son dörd ayı ərzində mərkəzi bank faiz dərəcəsini 500 bənd azaldandan sonra bir dollar 18 lirəyədək yüksəldi. Bundan sonra prezident əmanətçiləri lirəyə meylləndirmək üçün dövlət dəstəyi tədbirlərini elan elədi.

Yanvarın 24-dək 5.4 trilyon lirəlik bank sektoru depozitlərindən yeni mexanizmlər çərçivəsində 196 milyard lirə cəlb olunub. “Financial Times” bu məbləğin 30 faizindən də azının dollar və avro əmanətlərinin yerli valyutaya çevrilməsi nəticəsində yarandığını yazır.

Yeni mexanizmlər lirə əmanətçilərini valyuta məzənnəsi itkisindən qorumağı nəzərdə tutur.

2022-ci ilin əvvəlindən lirə cəmi 2 faiz ucuzlaşıb. Qəzet türklərin dollar, avro, qızıl almaq təlaşının da səngidiyini yazır. Mərkəzi bankın datası yanvarın 14-dək üç həftə ərzində sakinlərin xarici valyuta depozitlərinin azaldığını göstərir.

Həftəyə 1.25 milyard dollar

Bəzi təhlilçilərsə inanırlar ki, mərkəzi bank hələ də xarici valyuta ehtiyatlarını lirəni dəstəkləməyə xərcləyir. Dekabrda azı 7 milyard dollar bu məqsədə sərf olunmuşdu.

İstanbulda HSBC-nin təhlilçisi İbrahim Aksoy deyir ki, yanvarın əvvəlindən qüvvəyə minmiş yeni qaydaya görə, ixracatçılar xarici valyuta ilə qazandıqlarının 25 faizini mərkəzi banka satmalı olurlar. Yanvara 20 milyard dollarlıq ixrac fonunda mərkəzi bankın ehtiyatları həftəyə 1.25 milyard dollaradək arta bilər. Amma qəzet bankın ehtiyatlarında artım olmadığını qeyd edir.

“Reuters” də görülən tədbirlərin lirə böhranını səngitdiyini yazır. Bəzi təhlilçilər tətbiq olunan qanunları, prosedurları kapitala yumşaq nəzarət hesab edirlər.

Lirəni dəstəkləməyə milyardlarla dollar xərcləmiş mərkəzi bank dekabrın ortasından 60%-dən çox azalmış xarici valyuta ehtiyatlarını yenidən qurmağa can atır.

Əmanətçilərə zəng edirlər

KKM sistemi hesablara lirə qoyanlar üçün mövcud 14%-lik faiz dərəcəsindən üç faiz yuxarı gəlir nəzərdə tutur. Yaxud xarici valyuta ehtiyatlarını lirəyə çevirənlər 26%-dək gəlir əldə edə bilərlər. Yatırımlar azı üç aylığa qoyulmalıdır.

Agentlik dekabrın 20-dən KKM sxemi ilə 200 milyard lirədən (14.7 milyard dollar) çox vəsaitin cəlb olunduğunu yazır. Ancaq onun az hissəsi, Ankaranın gözlədiyi kimi, xarici valyutadan transfer olunur.

Dövlət banklarının baş menecerləri müştərilərə zəng edərək onları xarici valyuta əmanətlərinin bir qismini sözügedən sxemə yönəltməyə həvəsləndirirlər. “Reuters” bank işçilərinin işinin bu göstəricilərə görə fərqləndirildiyini qeyd edir.

Bu ayın əvvəlindən hökumət KKM sxemini korporasiyalara da şamil edib. Maliyyə naziri Nureddin Nebati deyib ki, yeni qanun çərçivəsində 10 milyard dollarlıq xarici valyuta əmanətinin lirəyə çevriləcəyini gözləyir.

Əcnəbilərə yönəlik tədbirlər

Türkiyə əcnəbilərə azı 250 min dollarlıq daşınmaz əmlak alan, yaxud azı 500 min dollarlıq kapital yatırım qarşılığında vətəndaşlıq təklif edir. Yeni qaydalara görə, bu proqram çərçivəsində əldə olunan xarici valyuta sərmayələri Türkiyənin başqa bir bankı vasitəsilə mərkəzi banka satılır.

Bundan başqa, Mərkəzi Bank BƏƏ-dəki müvafiq bankla 5 milyard dollarlıq svop müqaviləsi də imzalayıb. Azərbaycanın mərkəzi bankıyla 1 milyard avroluq valyuta svopu müqaviləsinin imzalanacağı haqda xəbərlər yayılsa da, Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 28-də belə danışıqların aparılmadığını bildirib.

Valyuta svopu bir valyutanın digərinə nəzərən müxtəlif periodlar üzrə (adətən nağd və forvard) eyni vaxtda alınması və satılmasıdır. Bu növ svopda iki tərəf arasında müəyyən gün üçün valyuta mübadiləsi üzrə və gələcəkdə bir gün üçün əks mübadilə üzrə məzənnələr razılaşdırılır.

XS
SM
MD
LG