Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:41

2021-ci ildə Türkiyədə oturum izni olan azərbaycanlı sayı 13 min nəfər artıb


Bakının bir milyard avrosu Türkiyəyə kömək olacaqmı?
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

Bakının bir milyard avrosu Türkiyəyə kömək olacaqmı?

Türkiyədə yaşayan əcnəbi sayı 5 milyonu aşıb

Türkiyə miqrasiya qurumu ötən ilin yekunlarına dayanaraq ölkədə miqrantlarla bağlı statistik bilgiləri açıqlayıb. Rəsmi göstəricilərdən aydın olur ki, Türkiyədə yaşayan əcnəbi sayı artmaqdadır. Özəlliklə 2005-ci ildən bəri xaricdən gəlib Türkiyədə yaşamağa başlayanlar sayca çoxalıb. Həmin vaxtdan indiyədək Türkiyədəki əcnəbi sayında altı dəfədən çox artım qeydə alınıb. Bu müddət ərzində yalnız pandemiya ilə bağlı 2020-ci ildə - sərt məhdudiyyətlərin olduğu bir zamanda öncəki illə müqayisədə azalma gözə çarpmışdı. 2020-ci ildə Türkiyədə rəsmi oturum izniylə yaşayan əcnəbilərin sayı 250 min nəfərə yaxın azalaraq 887 minə yaxınlaşmışdı.

Miqrasiya qurumunun son bilgilərinə görə, ölkədə indi 1 milyon 353 min əcnəbi rəsmi yaşayış icazəsiylə yaşamaqdadır. Bu şəxslərin 704 min nəfəri, yəni yarısından çoxu (52 faizi) İstanbulda yaşayır. Türkiyədə rəsmi yaşayış icazəsi olan əcnəbilərin ən çox yaşadığı digər şəhərlərsə Antalya, Ankara, Bursa və Mersindir.

Suriyadakı savaşdan bəri Türkiyəyə gələn Suriya vətəndaşları qaçqın statusunda olduğundan bu saya daxil deyil. Hazırda Türkiyədə qaçqın statusuyla yaşayan suriyalıların sayı təxminən 3 milyon 737 min nəfərdir. Bu o deməkdir ki, ölkədə, ən azı, 5 milyondan çox xarici vətəndaş yaşayır.

Türkiyədəki azərbaycanlılar

Türkiyədə məskunlaşan əcnəbilər arasında ilk yerlərdən birini Azərbaycan vətəndaşları tutur. Rəsmi bilgilərə görə, indi Türkiyədə 69 min 48 nəfər Azərbaycan vətəndaşının rəsmi yaşayış icazəsi var. 2020-ci ilin sonunda bu göstərici toplam 56 min nəfər idi. Deməli, ötən il ərzində Türkiyədə oturum izni alan Azərbaycan vətəndaşlarının sayı daha 13 min nəfər artıb. Azərbaycanda dolanışığın pisləşməyə başladığı və devalvasiyaların baş verdiyi 2015-ci ildə bu göstərici 32 min nəfər idi. Belə çıxır ki, devalvasiyadan bəri Türkiyədə rəsmi yaşayış icazəsiylə məskunlaşan Azərbaycan vətəndaşlarının sayı iki dəfədən çox artıb.

Cədvəl: Hazırda Türkiyədə rəsmi yaşayış icazəsiylə ən çox vətəndaşı yaşayan ilk 10 ölkə

Ölkə

Türkiyədə rəsmi yaşayış icazəsiylə yaşayanların sayı

1

İraq

165 min 876

2

Türkmənistan

123 min 405

3

İran

108 min 862

4

Suriya

105 min 754

5

Özbəkistan

71 min 861

6

Azərbaycan

69 min 48

7

Rusiya

68 min 769

8

Əfqanıstan

54 min 718

9

Qazaxıstan

40 min 108

10

Misir

33 min 861

Türkiyədə ən çox xarici tələbə Azərbaycandandır

Hazırda Türkiyədə rəsmi yaşayış icazəsiylə məskunlaşan 70 minə yaxın azərbaycanlının 16 min 521 nəfəri - təxminən dörddə biri tələbələrdir. Bu göstəriciylə Azərbaycan Türkiyəyə ən çox tələbə göndərən ölkədir. Türkiyədə toplam 121 min xarici tələbə təhsil alır. Bu o deməkdir ki, hər səkkiz əcnəbi tələbədən biri və ya bütün əcnəbi tələbələrin 13 faizindən çoxu azərbaycanlıdır. Tələbələrə verilən rəsmi yaşayış icazəsinin sayına görə Azərbaycandan sonrakı yerləri İran, Türkmənistan, Somali və İraq tutur.

Azərbaycanlıların lider olduğu digər bir rəsmi yaşayış icazəsi növü ailələrə verilən yaşayış icazələridir. Bu tip rəsmi yaşayış icazələri Türkiyə vətəndaşları ilə ailə həyatı quran əcnəbilərə və Türkiyədə rəsmi yaşayış icazəsi olan xarici vətəndaşlarla evlənən şəxslərə verilir. Hazırda Türkiyədə 90 minə yaxın bu tip yaşayış icazəsi verilib ki, bu icazələrin 12 min 385-i Azərbaycan vətəndaşlarına məxsusdur. Siyahıda sonrakı yerləri Özbəkistan (6 min 986), Rusiya (6 min 716), Ukrayna (6 min 281) və Mərakeş (4 min 933) vətəndaşları tutur.

Ötən il Türkiyədə daşınmaz əmlak satın alan azərbaycanlıların da sayı artıb. Türkiyə qurumlarının açıqladığı rəsmi rəqəmlərə görə, 2021-ci ildə Azərbaycan vətəndaşları Türkiyədən 1 min 517 daşınmaz əmlak alıb. Bu rəqəm 2020-ci illə müqayisədə 238 ədəd və ya 18.6 faiz çoxdur. Əcnəbilər il ərzində Türkiyədən toplam 59 min 282 daşınmaz əmlak alıb. Ötən il bu baxımdan İran vətəndaşları önə çıxıb (10 min 56 ev). Növbəti yerləri İraq (8 min 661) və Rusiya (5 min 379) tutur. Azərbaycan siyahıda 8-ci yerdə qərarlaşıb.

XS
SM
MD
LG