Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:48

Endemik strategiya necə görünür – Qərb mediası


ABŞ, arxiv fotosu
ABŞ, arxiv fotosu

Administrasiya rəsmiləri kaliforniyalılar, hətta məktəblilər üçün maska siyasətinə dəyişiklik ediləcəyini deyirlər

Kaliforniyanın qubernatoru Geyvin Nyusom ştatda kütləvi toplantılara qadağaları və qapalı məkanlarda maska taxmaq qaydasını yüngülləşdirməyə hazırlaşır. “Politico” bunun qubernatorun Covid-19 pandemiyasından çıxma strategiyası yönündə ilk addım olacağını yazır. Axı, Kaliforniya ABŞ-da ən sərt və uzunmüddətli pandemiya məhdudiyyətlərinin saxlandığı ştatlardan biridir.

Ştatda omikrona yoluxma səviyyəsi yaxşılaşır və normal həyata dönməklə bağlı çağırışlar səslənir. Administrasiya rəsmiləri kaliforniyalılar, hətta məktəblilər üçün maska siyasətinə dəyişiklik ediləcəyini deyirlər. Məktəblilərin pandemiya boyunca maska taxması sərt şəkildə tələb olunub.

Nyusom hələ ötən ay “endemik” strategiyanın anonsunu vermişdi. Məqalədə deyilir ki, pərdəarxası işlərə baxmayaraq, rəsmilər ictimaiyyətə çox az məlumat açıqlayırlar. Əvəzində qanunverici orqan pandemiya siyasətinin gücləndiriləcəyi siqnalını verib. Ştat boyunca hər yerdə vaksin tələbinin tətbiqi haqda söhbətlər səslənib.

Biznes təmsilçiləri isə normal həyata qayıtmaq üçün administrasiyaya təzyiq göstərir. “Biznes cameəsi aydın, çevik və müəyyən endemik siyasət görməyə can atır”, – Kaliforniya Biznes Dəyirmi Masasının Prezidenti Rob Ləpsli deyib.

Covid-ə münasibət dəyişir

“The Washington Post” qəzeti iki il ərzində beş dalğadan yorulmuş ABŞ əhalisinin bir qisminin sadəcə, koronavirusla yaşamağa qərar verdiyini yazır. Vaksinlərin üçüncü dozaları vurulur, yoluxma nəticəsində immunitet qazananlar var. Beləliklə də, belə düşünənlərin sayı artır.

Elə DC-dəki pabını qapatmalı olmuş Endru Markert də bir neçə aya iki restoran açmağı planlaşdırır.

“The Atlantic” ötən ay bu şəxsləri “Peyvəndləndi, bitdi” adlandırıb. “Time” dərgisi isə bu həftə “Covid necə başa çatır” mövzusunu araşdırır.

Artıq bir sıra bələdiyyələr və məktəblər maska tələbini qaldırır. Seçilmiş rəsmilər daha Prezident Co Baydenin yeddi ay öncə etdiyi kimi, virusu məğlub etməkdən danışmırlar. Ötən həftə hər iki partiyadan olan bir qrup qubernator Ağ evdə Baydenə deyib ki, “pandemiyadan uzaqlaşmaq” vaxtıdır.

Amma ehtiyatı əldən verməyənlər də az deyil. Bəzi adamlar qapalı yerlərdə yemək yemir, dostlarla maskasız toplantıları məhdudlaşdırır.

Yanvarda Monmouth-un keçirdiyi rəy sorğusuna görə, amerikalıların 28 faizi deyib ki, ölkə “heç vaxt” pandemiyanı nəzarətə ala, normal həyata dönə bilməyəcək. 2021-ci ilin martında belə düşünənlərin sayı 9 faiz idi.

Axios/Ipsos sorğusu göstərib ki, respondentlərin 61 faizi vaksinin onların pandemiyadan öncəki rutinə qaytaracağına inanır. KFF sorğusuna görə, amerikalıların 77 faizi inanır ki, adamlarda Covid-19-a yoluxma onsuz da baş verəcək.

Pensilvaniya Universitetinin Varton Məktəbində davranış alimi və professoru Moris Şveytzer deyir ki, çox adam qeyri-müəyyənliyi sevmir və son iki ildə görünən də elə budur. Çoxları artıq təngə gəlib.

“Bunun bitməsini istəyirik. Problem odur ki, bu virusdur. Yorulmaq bilmir”, – professor vurğulayıb.

Bəs, pandemik qəzəblə neyləməli

“The New York Times” qəzetində Pol Kruqman Nyu Yorkun koronavirusun omikron ştammının öhdəsindən yaxşı gəldiyini yazır.

Xəstəxana sistemində gərginlik yaransa da, iflas etmədi, dekabrın 5-dən yanvarın 22-dək “cəmi” 2846 nəfər vəfat edib.

Amma müəllif 2020-ci ildə pandemiyanın ilk dalğasında yaşananları yada salır. Şəhərin indiki dalğanın öhdəsindən yaxşı gəlməsi sakinlərin çoxunun vaksin olunması, ictimai yerlərdə maska taxması, qapalı məkanlarda vaksinasiya sənədi istənilməsi ilə izah edilir.

Ümumilikdə isə Birləşmiş Ştatlarda əhalinin sayına görə ölüm az olmayıb. Müəllif bunu amerikalıların çoxunun məsuliyyətsiz davranması ilə izah edir.

“Məsuliyyətli davranan amerikalıların bu cür etməyənlərə necə baxması üzrə çox az sorğu keçirilir. Maskaya və vaksinə qarşı çıxanların yol verdiyi zorakılıq çox vaxt xəbər başlıqlarına çıxır. Delta dalğası vaxtı rəy sorğuları vaksin vurdurmuş amerikalıların vurdurmayanlara qəzəbini ortaya qoyurdu. Omikron ştammı dövründə bu rəqəmlərin artmasına təəccüblənmərəm, çünki düzgün olanı etməyən həmvətənlərindən bezən amerikalılar sözsüz çoxluq təşkil edirlər”, – müəllif yazır.

XS
SM
MD
LG