Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:29

Stoltenberq: Rusiya qoşunlarını azaltmır, artırır (Video)


Zelenski fevralın 16-nı birlik günü elan edib. Məlumatlara görə, ABŞ kəşfiyyatı həmin gün Rusiyanın hərbi hücuma başlaya biləcəyini bildirib

Qərb ölkələri və Kiyev Rusiyanın öz qoşunlarını Ukrayna sərhədlərindən çəkdiyinə dair bəyanatlarına inanmadıqlarını bildiriblər.

Üstəlik onlar bildirirlər ki, Moskvanın bu qoşunların sayını artırdığı müşahidə edilir və buna görə də Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsi hələ də qalır.

Fevralın 16-da Vaşinqton habelə Rusiya Dövlət Dumasının Ukraynanın şərqində separatçıların nəzarət etdikləri ərazilərin müstəqilliyinin tanınması barədə təklifini qətiyyətlə pisləyib.

ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Moskva belə bir addım atarsa, bu beynəlxalq qanunun çox kobud şəkildə pozulması sayılacaq.

Rusiya Müdafiə Nazirliyinin fevralın 16-da yaydığı videoda tankların, piyadaların döyüş maşınlarının və özüyeriyən artilleriya birliklərinin dəmiryolu ilə ilhaq olunmuş Krımdan daşındığı görünür.

Lakin NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, alyans Rusiyanın bəyanatlarına rəğmən hələki sözü gedən bölgələrdə heç bir de-eskalasiya müşahidə etmir:

"Əksinə, belə görünür ki, Rusiya qoşunların sayını artırmaqla məşğuldur. Bizim paylaşdığımız kəşfiyyat məlumatları açıq mənbələrlə də, peyk fotoları ilə də təsdiqlənir”.

Stoltenberq təəssüflə qeyd edib ki, Rusiya təhlükəsi Avropada “yeni normala” çevrilib.

O əlavə edib ki, NATO mərkəzi və cənub-şərqi Avropada yeni döyüş qrupları yaratmaqla alyansın çəkindirmə və müdafiə qüdrətini artıracaq.

Qərb Rusiyanın qoşunları geri çəkdiyinə inanmır

Qərb ölkələri Rusiyanı öz qoşunlarının Ukrayna sərhədləri yaxınlığından geri çəkilməsi üçün “konkret” addımlar atmağa çağırmaqda davam edirlər.

Moskvanın qoşunları çıxarmağa başladığına dair bəyanatı Qərb tərəfindən şübhə ilə qarşılanıb.

Rusiya Müdafiə Nazirliyinin fevralın 16-da yaydığı videoda tankların, piyadaların döyüş maşınlarının və özüyeriyən artilleriya birliklərinin dəmiryolu ilə ilhaq olunmuş Krımdan daşındığı görünür.

Lakin Britaniyanın müdafiə naziri Ben Uolles fevralın 16-da deyib ki, London Rusiya qoşunlarının Ukrayna sərhədlərindən çəkildiyini göstərən əlamətlər görünmür:

"Bizim görüntülü müşahidələrimiz Kremldən gələn ritorikanın əksinin baş verdiyini göstərir”.

Kanadanın müdafiə naziri Anita Anand da deyib ki, Rusiya qoşunlarının Ukrayna yaxınlığında, əksinə, artdığı müşahidə olunur.

Co Bayden: 'Rusiya qüvvələrinin çıxıb getməsi yaxşı olardı…'

ABŞ prezidenti Co Bayden deyib ki, Rusiyanın Ukraynaya hücumunun mümkünlüyü “hələ də bir xeyli qalır”, amma belə hərəkətin nəticəsində “nəhəng” insan tələfatı ola bilər.

Prezident fevralın 15-də televiziya ilə canlı yayımlanan çıx;şında bəyan edib ki, Rusiya belə bir hərəkətə yol versə, ABŞ qətiyyətlə cavab verməyə hazırdır.

Bayden deyib ki, Rusiya hazırda Ukrayna ilə həmsərhəd bölgələrə 150 minlik qoşun yığıb.

Rusiyanın müdafiə naziri bəzi qüvvələrin artıq Ukrayna yaxınlığından çəkildiyini demişdi, amma dövlət katibi Entoni Blinken bunun hələ dəqiqləşdirilməli olduğunu bildirib.

Co Bayden deyib:

“Rusiya qüvvələrinin çıxıb getməsi yaxşı olardı, amma biz bunu hələ dəqiqləşdirməmişik. Biz Rusiya hərbi birləşmələrinin öz daimi bazalarına qayıtmasını hələ dəqiqləşdirməmişik. Təhlillər onların hələ də təhlükəli mövqedə qaldıqlarını göstərir”.

Prezident Biden Rusiya xalqına üz tutur
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

ABŞ Rusiyanın qoşunları geri çəkməsindən əmin olmaq istəyir

ABŞ dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrova deyib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya davam edən müdaxilə hazırlığından narahatdır və “inandırıcı, etibarlı və mənalı de-eskalasiyanın” baş verdiyindən əmin olmaq istəyir.

Fevralın 15-də Blinken və Lavrovun telefonla danışmasından az əvvəl Moskva Ukrayna yaxınlığındakı bəzi qoşun hissələrinin təlimi başa vuraraq öz daimi bazalarına qayıtdığını xəbər vermişdi.

Bu arada Rusiya prezidenti Vladimir Putin də dialoqu davam etdirmək istədiyini deyib.

Lakin Qərb ölkələri bildirirlər ki, onlar hələ Rusiya qoşunlarının Ukrayna yaxınlığından çəkilməsinə əmin olmalıdırlar.

Blinken Lavrova deyib ki, Vaşinqton həqiqətən də “Moskvanın başlatdığı böhranın” diplomatik yolla aradan qaldırılmasını istəyir.

Lavrov bir yerdə işləməyə və “praqmatik dialoqa” çağırıb, lakin Vaşinqtonun “aqressiv ritorikasının” qeyri-məqbul olduğunu bildirib.

Şolts Putinlə görüşdən ‘ümidli’ çıxıb

Almaniya kansleri Olaf Şolts fevralın 15-də Rusiya prezidenti Vladimir Putinlə dörd saatlıq danışıqlardan sonra deyib ki, o Rusiya və Ukrayna arasında müharibənin önlənməsi üçün daha çox diplomatiyaya imkan görür.

Şoltsun Ukraynaya səfərdən dərhal sonra Moskvaya gəlməsindən məqsəd Rusiyanın Ukrayna sərhədlərində cəmləşdirdiyi 100 mindən çox hərbçinin Ukraynaya müdaxiləsinin qarşısını almaq idi.

Almaniya kansleri Putinlə birgə keçirilən mətbuat konfransında deyib ki, “diplomatik imkanlar hələ tükənməyib”.

Şolts bunu da vurğulayıb ki, Rusiya qoşunlarının bir hissəsinin Ukrayna yaxınlığında təlimlərdən sonra daimi xidmət yerinə qayıtmağa başlaması barədə xəbərlər ümidvericidir:

"Həll yolu tapılması mümkün olmalıdır. Vəziyyət nə qədər çətin və mürəkkəb görünsə də, mən onun ümidsiz olduğunu demək istəmirəm”.

“Avropada müharibə ağlasığmazdır”

Almaniya kansleri əlavə edib ki, Avropada uzunmüddətli təhlükəsizlik yalnız Rusiyanın iştirakilə əldə oluna bilər:

"Mənim nəslimdən olanlar üçün Avropada müharibə ağlagəlməz bir şeydir. Biz elə etməliyik ki, bu, elə belə də qalsın. Bu, bizim dövlət və hökumət liderləri kimi məsuliyyətimizdir ki, Avropada hərbi eskalasiyanın qarşısını alaq”.

Ukrayna məsələsində qarışıq mesajlar verdiyinə və Rusiyaya qarşı danışmadığına görə öz ölkəsində tənqid olunan Şolts bunu da deyib ki, NATO və Avropa İttifaqı Rusiyanın tələblərini qəbul etməsə də, müzakirəsinə dəyən məqamlar mövcuddur.

Bununla belə Şolts Rusiyanın Ukraynaya müdaxilə edəcəyi təqdirdə Şimal Axını 2 kəmərinin dayandırılacağına dair heç nə deməyib. O yalnız ötəri olaraq bildirib ki, bunun “nəticələri” olacaq.

Ukraynadakı azərbaycanlılar səfirlikdən xəbərdarlıq almaqdıalarını deyirlər
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

NATO üstündə mübahisə

Amma Almaniya kansleri Rusiyada Memorial təşkilatının bağlanması da daxil insan haqları pozuntuları ilə əlaqədar narahatlığını ifadə edib.

İki lider habelə NATO mövzusunda mübahisə ediblər.

Putin NATO-nu 1999-cu ildə keçmiş Yuqoslaviyanı bombalamaqla Avropada müharibə başlamaqda ittiham edib.

Şolts bunun qarşılığında deyib ki, həmin addım Kosovoda etnik albanlara qarşı soyqırımı təhlükəsinin qarşısının alınması üçün atılıb.

Putin isə bundan çıxış edərək deyib ki, Moskva da Ukraynanın şərqindəki Donbas regionunda etnik ruslarla rəftarı soyqırım hesab edir.

Stoltenberq: Rusiyanın qoşun geri çəkməsinin əlaməti görünmür

NATO-nun Baş katibi Yens Stoltenberq deyir ki, alyans Rusiyanın Ukrayna ilə sərhəd ərazilərdə qoşunların bir hissəsini geri çəkməsi iddialarının əlamətini görməyib. Amma Moskvanın dialoqu davam etdirməyə hazır olmasına işartılar var və bu, regionda böhranın önlənəcəyinə ümid yaradır.

“Diplomatiyanı davam etdirməyin vacibliyinə dair Moskvadan əlamətlər var, bu isə ehtiyatlı optimizmə əsas verir. Amma indiyədək yerdə de-eskalasiyaya hər hansı əlamət görməmişik”, – Stoltenberq fevralın 15-də Brüsseldə jurnalistlərə deyib.

NATO üzvlərinin müdafiə nazirlərinin ikigünlük görüşü öncəsi danışan Stoltenberq Rusiyanın Ukrayna ərazisinə və ətrafına döyüş qüvvəsi yığmasını “soyuq müharibədən bəri misli görünməmiş” adlandırıb.

“Yeni hücum üçün hər şey hazırdır. Amma Rusiyanın geri çəkilməyə, müharibə hazırlığını dayandırmağa, dinc həll üçün işə başlamağa vaxtı var”, – Stoltenberq vurğulayıb.

***

Almaniyanın Kansleri Olaf Şolts bu gün – fevralın 15-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. Qərb Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığmasının yaratdığı gərginliyi azaltmağa çalışır.

Ötən həftə Fransa Prezidenti Emmanuel Makron və Britaniyanın iki naziri Moskvada olub.

Rusiya fevralın 15-də iddia edib ki, Ukrayna sərhədindəki qoşunların bir hissəsini geri çəkir. Bu, de-eskalasiya yönündə ilk addım ola bilər.

Müstəqil təsdiqlənməsi mümkün olmayan bu xəbər ABŞ və Britaniyanın xəbərdarlıqlarına ziddir. Onlar Rusiyanın istənilən an Ukraynaya təcavüz edə biləcəyini deyirlər.

Rusiyanın neçə əsgəri geri çəkdiyi bəlli deyil.

Kremldə PCR testi verməyib

Şolts Moskvada Putinlə görüşdən öncə koronavirus testi verməkdən imtina edib. O əvəzində Almaniya səfirliyindən gətirilmiş həkimin PCR testi götürməsinə şərait yaradıb. Fransa Prezidenti Emmanuel Makron da ötən həftə Putinlə danışıqlardan öncə Rusiya tərəfin PCR testi götürməsinə etiraz edib. Bundan sonra iki lider altı metr uzunluğu olan masada danışıq aparıblar.

Fevralın 14-də Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşən Şolts Rusiyanı gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə çağırıb. ABŞ Rusiyanın Ukrayna ilə sərhəd yaxınlığına 130 min əsgər yığdığını deyir.

Şolts Rusiyanın Ukrayna ilə sərhəddə hərbi fəaliyyətə “məntiqi əsaslandırma” görmədiyini deyib.

Ukraynaya hücum planı olmadığı deyən Rusiya Qərbdən təhlükəsizlik qarantiyaları tələb edir. Bir tələb NATO-nun Ukrayna, Gürcüstan kimi ölkələri üzvlüyə qəbul etməməsidir.

Xəbərdarlıq

Amma Rusiyanın Avropa İttifaqında elçisi fevralın 15-də xəbərdarlıq edib ki, Ukraynadakı Rusiya vətəndaşlarına hücumla “təhrik edilərsə”, Moskva Ukraynanı işğal edə bilər.

“Buna təhrik olunmadıqca Ukraynanı işğal etməyəcəyik”,Vladimir Çijov Rusiyanın “RIA” xəbər agentliyinə deyib.

“Ukraynalılar Rusiyaya hücum edərlərsə, biz əks-hücuma keçəndə təəccüblənməyin. Yaxud onlar Donbasda, ya başqa yerdə Rusiya vətəndaşlarını öldürməyə başlarsa”, – səfir deyib.

Rusiya 2014-cü ildə Krımı ilhaq edərək Ukraynanın şərqindəki separatçıları dəstəkləyib.

Vaşinqton indiyədək dəfələrlə xəbərdarlıq edib ki, Rusiya Ukraynaya təcavüzə bəhanə üçün “saxta bayraq” insidentləri planlaşdırır.

Milli birlik günü

Britaniyanın Xarici işlər naziri Liz Trass fevralın 15-də Ukraynaya yaxın vaxtda təcavüz ehtimalının yüksək olduğunu, Rusiya əsgərlərinin Kiyevə “çox, çox sürətlə” çata biləcəyini deyib.

Zelenski isə fevralın 16-nı birlik günü elan edib. Məlumatlara görə, ABŞ kəşfiyyatı həmin gün Rusiyanın hərbi hücuma başlaya biləcəyini bildirib.

“Bizə fevralın 16-nın işğal günü olacağını deyiblər, bu günü birlik günü edəcəyik”, – Zelenski fevralın 14-də axşam yaydığı videoda deyib.

Sabah ukraynalıların ölkə boyunca bayraq qaldıracağı, səhər saat 10-da dövlət himnini səsləndirəcəyi gözlənir. “Gəlin, dünyaya birliyimizi göstərək”, – Zelenski deyib.

XS
SM
MD
LG