Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:40

Bəxtiyar Hacıyev işgəncəylə üzləşdiyini deyir


Hacıyevin avtomobilinin şüşəsi sındırılıb
Hacıyevin avtomobilinin şüşəsi sındırılıb

“Mənə dedilər ki, sən Bəxtiyar Hacıyev olduğuna görə, heç bir şikayətin araşdırılmayacaq. Ona görə də mən etiraz aksiyası keçirmək qərarına gəldim”

Bunu martın 9-da axşam saatlarında Bakı Şəhər Baş Polis İdarəsindən çıxan ictimai fəal Bəxtiyar Hacıyev bildirib.

Onun sözlərinə görə, 1 il ərzində onun bütün şikayətləri lazımı səviyyədə araşdırılmayıb:

"Dünən, martın 8-də xəbərdarlıq etmişəm ki, Daxili İşlər Nazirliyinin qarşısında aksiya edəcəm. Bu gün, martın 9-da şəxsi avtomobilimin şüşəsinə "Vilayət Eyvazov (Daxili İşlər naziri-red), cinayətkarları himayə etməyin" yazaraq nazirliyin qarşısında dayandım. Plakatı götürmək üçün maşını təpiklə, yumruqla vurublar, maşının şüşəsini sındırıblar".

Fəalın sözlərinə görə, ona işgəncə verilib:

"Qoluma qandal vurublar, axıra kimi sıxıblar. Deyəndə ki, qolum ağrıyır, qollarımı arxadan yuxarı qaldırıblar ki, sınsın. Yolda məni başımdan vurublar, qulağım şişib. Daha sonra Bakı Şəhər Baş Polis İdarəsinə gətirəndə diz üstə saxlayıblar.”

Onun deməsinə görə, baş verənlərin bəzi məqamlarını da telofona çəkiblər:

“Hələ deyirdilər ki, "elə çək ki, yaxşı düşsün"".

Bəxtiyar Hacıyev özünü və ya başqa bir yeri yandırmaq istəməsi ilə bağlı deyilənləri təkzib edib.

Onun bu dedikləri ilə bağlı Daxili İşlər Nazirliyindən “Turan” Agentliyinə isə bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.

Amma Daxili İşlər Nazirliyindən polisdə insanlara işgəncə verilməsi ilə bağlı şikayətləri əsasən təkzib edirlər.

Bəxtiyar Hacıyev saxlanıb

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, martın 9-da ictimai fəal Bəxtiyar Hacıyev Bakıda Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında saxlanıb. İctimai fəalın şəxsi avtomobilinin şüşəsi sındırılıb və onu polislər avtomobilindən düşürərək aparıblar.

Baş verənləri B.Hacıyevin özü Facebook səhifəsində canlı yayıb. Videodan görünür ki, B.Hacıyev avtomobilinin yan şüşəsindən Daxili İşlər naziri Vilayət Eyvazovun adı yazılmış hansısa mətn asıb.

O, bundan əvvəl bildirmişdi ki, Yasamal məhkəməsində baş verən xuliqanlıqla bağlı açılan cinayət işi beş aydır uzadılır.

Hüquq müdafiəçisi Rüfət Səfərov da bildirib ki, B.Hacıyev Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. "Hazırda məni ora dəvət ediblər".

DİN-in izahı

DİN Mətbuat xidməti isə bildirilib ki, B.Hacıyev şikayət əsasında aparılan araşdırmaya etiraz edərək bu gün, martın 11-də saat 14:30 radələrində özünə məxsus avtomobillə nazirliyin inzibati binasının qarşısına gəlib: "Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar. Bəxtiyar Hacıyev isə etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb. Hazırda araşdırma davam etdirilir".

B.Hacıyev bu hadisədən əvvəl, bu il fevralın 11-də Bakı Şəhər Baş Polis İdarəsində rəhbərlik səviyyəsində hədələndiyini də açıqlamışdı. Onun sözlərinə görə, Baş Polis İdarəsinə bir cinayət işi ilə bağlı şahid qismində çağırılsa də, İdarənin rəis müavini Vüqar Ələkbərov onu otağına dəvət edərək çox sərt şəkildə təhdid edib. Gənc fəal bunu V.Eyvazov haqqında yazdığı statusla izah edib.

Amma Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "Turan"a bildirmişdi ki, B.Hacıyevə qarşı heç bir təhdiddən söhbət gedə bilməz: "Bəxtiyar Hacıyev öz ampluasındadır. Səsləndirilən iddialar əsassızdır".

Xatırlatma

Harvard Universiteti məzunu olan B.Hacıyev 2011-ci ilin martında həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb. O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilir.

XS
SM
MD
LG