Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:03

Rusiyalı sənət adamlarına qadağaların Putinə... köməyi


Rusiya Prezidenti Vladimir Putin Mariinski Teatrının baş dirijoru Valeri Qerqiyevi təltif edir. 2016
Rusiya Prezidenti Vladimir Putin Mariinski Teatrının baş dirijoru Valeri Qerqiyevi təltif edir. 2016

Rusiyanın Ukraynaya hücumunun başlaması ilə işğalçı Rusiya ilə bağlı hər şey bu müharibəyə yanaşmayla müəyyən olunmağa başlayıb. Qərb institutları rusiyalı sənət adamları ilə əməkdaşlıqlarını dayandırırlar. Bu addım bəzən onların Putinə çox yaxın olması ilə bağlı olursa, bəzən sadəcə rusiyalı olmaları hər şeyi həll edir.

"Sony" kimi musiqi sahəsində çalışan şirkətlər Rusiyadakı əməliyyatlarını dayandıraraq yüzlərlə insanı işsiz qoyurlar. London Kral Opera Evi Böyük Teatrın balet truppasının da konsertlərinin olduğu yay mövsümünü yerli-dibli ləğv dib.

Təxirə salınan konsertlər

Monreal Simfonik Orkestri 20-yaşlı pianoçu Aleksandr Malofeyevin üç konsertini təxirə salıb. Halbuki Malofeyev ictimai şəkildə bu bəyanatı vermişdi: "Bizim heç birimizin təsir edə və ya öncədən görə bilmədiyimiz bu dəhşətli və qanlı qərara görə hər bir rusiyalı on illərlə özünü günahkar hiss edəcək. Hətta çoxdan dünyadan köçmüş sənət adamları belə repertuarlardan çıxarılır. Uelsin Kardiff Filarmoniyası XIX əsrdə yaşayıb-yaratmış liberal və homoseksual rus bəstəkarı Pyotr Çaykovskini repertuarından çıxarıb. Çaykovskinin millətçiliklə heç bir əlaqəsi olmayıb".

Bütün bu addımlar Putinin müharibəsinə qarşı həmrəylikdən başqa hansı məqsədi daşıyır? "The Washington Post" yazır ki, bu rəmzi və emosional etirazlar həssas sənət adamlarını dolanışıqdan məhrum etmək, onları risklə üz-üzə qoymaqdan başqa heç bir nəticə vermir. Üstəlik, bu, sənət adamları ilə fərd kimi deyil, Rusiyanın böyük ideyalarının mədəni təmsilçiləri kimi davranmaqdır. Bu isə ruslara Avropa və ABŞ-ın guya onlara qarşı olması ilə bağlı fikirlərin təsdiqi və, deməli, həm də Putinin get-gedə sərtləşən diktaturasının daha da möhkəmlənməsi ilə nəticələnə bilər.

Risk

İncəsənət adamlarına gəlincə, onlar çox çətin vəziyyətdə qalıblar. İndi onlar Putinin siyasətinə etiraz etmək üçün ciddi təzyiqlə üzləşsələr də, bu, vətənlərində onların özlərinə və ailələrinə böyük risklər yarada bilər. Üstəlik, bu etirazlar onların konsert və sərgilərinin ləğvi ilə bağlı qərarlara təsir etməyəcək.

Rusiyanın özündə qalıb çalışan incəsənət adamlarının vəziyyəti daha risklidir. Etiraz onların karyerasının bitməsi, özlərinin hücumlara məruz qalması, ictimai məkanların üzlərinə bağlanması demək ola bilər.

Nijni Novqorod Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri İvan Velikanov bu risklə canlı üzləşənlərdən biridir. O, Moskvadakı Dövlət Akademik Böyük Teatrında "Fiqaronun Toyu" operası üçün dirijorluq etməli idi. Ancaq onun müharibəyə qarşı qısa çıxışının ardınca Bethovenin "Xoşbəxtlik Odası"nın çalğısına rəhbərlik etməsi hər şeyi dəyişib. Velikanovun səhnədən uzaqlaşdırılması qərarı birbaşa prezident səviyyəsində qəbul edilib. Böyük Teatrın baş direktoru Vladimir Urin bununla bağlı heç nə edə bilməyib. Urinin özü də müharibəyə qarşı olduğunu açıq səsləndirib. Ancaq o, rəhbərlik etdiyi teatrın Putinin qırmızı xəttini keçməsini istəmir.

Qerqiyev, Netrebko

Rusiyanın bəzi tanınmış ulduzları ya Putinin siyasətini açıq müdafiə edir, ya da özlərini onunla bağlı hər şeydən kənar tutmağa çalışırlar. Bu yaxınlarda Münhen Filarmoniyasından qovulan dirijor Valeri Qerqiyev Putinin dəstəkçisi kimi tanınır. Qəzet yazır ki, Qerqiyevin özü də Mariinski Teatrında XIX əsrdə yazılmış baletlərin səhnəyə qoyulması zamanı Rusiyanın düşmənlərinin etnik nöqteyi-nəzərdən təsviri üçün çox canfəşanlıq edib.

Qerqiyev həm də 2014-cü ildə Putinin Krımı ilhaq etməsini dəstəkləyən məktubu imzalayan 500 incəsənət adamından biridir.

Ukraynanın separatçı Donbas bölgəsində opera binasına pul ianə edən Anna Netrebko da putinpərəst mövqeyinə görə cəzalandırılıb. Nyu-York Metropoliten Operası Putinə qarşı çıxış etmədiyi üçün bu yaxınlarda onunla əlaqələrini kəsib.

Tanınmış balerina, Ukraynanın Lutsk şəhərində doğulmuş, ancaq özünü rus artisti hesab edən Svetlana Zaxarova Putinin Vahid Rusiya Partiyasından parlamentə üzv seçilib. Bu mövqeyinə görə o, artıq Kiyev balet məktəbində dərs deyə bilməyəcək.

XS
SM
MD
LG