Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:49

Kiyev ətrafında Ukrayna qoşunlarının irəlilədiyi xəbər verilir


Ukrayna əsgəri Javelin raketi atarkən
Ukrayna əsgəri Javelin raketi atarkən

Kievin şimal-qərb ətrafındakı əsas magistral yolda isə Ukrayna qüvvələri Rusiya qüvvələrini mühasirəyə almağa çalışırlar

Moskva martın 25-də özünün Ukrayna müharibəsindəki ambisiyalarını azaltmasının işarəsini verib.

Reuters agentliyinin yazdığına görə Moskva Ukraynadakı “xüsusi əməliyyatının” birinci fazasının başa çatdığını və bundan sonra əsas diqqətin rusiyayönlü separatçıların nəzarətində olan ərazilərə yönəldiləcəyini bildirib.

Lakin bundan əvvəl Ukrayna qoşunlarının Rusiya qüvvələrini paytaxt Kiyevin ətraf qəsəbələrindən vurub çıxardığı xəbər verilib.

Ukraynaya təcavüzkar müdaxilənin başlanmasından bir aydan da çox vaxt keçməsinə baxmayaraq Rusiya qüvvələri Ukraynada bircə böyük şəhərə də nəzarəti ələ ala bilməyib.

Reuters yazır ki, prezident Volodimir Zelenskinin döyüşçülərinin qızğın müqaviməti ilə üzləşən Rusiya qoşunlarının hücumu Kiyev ətrafında dayandırılıb.

Rusiya qüvvələri ölkənin başqa yerlərində də əhəmiyyətli irəliləyişə nail ola bilməyiblər.

Rusiya qüvvələrinin məhz bu səbəblərdən Ukraynanın şəhər və kəndlərini havadan və artilleriyadan atəşə tutulmasını intensivləşdirdiyi bildirilir.

Ukraynanın 44 milyonluq əhalisinin dörddə biri bombardmanlara görə evindən didərgin düşüb.

Britaniya kəşfiyyatının məlumatı

Britaniya kəşfiyyatının hesabatında deyilir ki, Kiyev yaxınlığında cəbhə xətlərində hərəkət donub.

Paytaxtın şimal-qərb və şərq həndəvərlərində Rusiyanın iki əsas zirehli texnika karvanı dalana dirənib və Ukrayna qüvvələri əks-həmlə ilə Rusiya qüvvələrini Kiyevdən şərqə doğru geri oturdub:

"Ukraynanın əks-hücumları və Rusiya qüvvələrinin geri çəkilməsi və təchizat xətlərinin həddən artıq uzunluğu Ukrayna qoşunlarının Kiyevdən 35 kilometr şərqdəki şəhər və müdafiə mövqelərini ələ keçirməsinə imkan verib”.

Reuters yazır ki, Rusiya Müdafiə Nazirliyinin yeni bəyanatından hədəflərin məhdudlaşdırıldığı, əməliyyatın əsasən başa çatdığı və Rusiya qüvvələrinin bundan sonra Donbas regionunun “azad edilməsinə” yönəldiləcəyi anlaşılır.

Rusiya silahlı qüvvələri baş qərargahının baş əməliyyat idarəsinin rəisi Sergey Rutskoy belə bəyanat verib:

“Ukrayna Silahlı Qüvvələrinin hücum potensialı nəzərəçarpacaq dərəcədə azalıb…və bu, bizə diqqəti əsas məqsədimizə - Donbasın azad olunmasına yönəltmək imkanı verir”.

Moskvadakı diplomatik mənbələrdən biri bildirib ki, bu bəyanat Rusiyanın Ukraynadakı hücumunun mümkün tükənməsinin prelüdü kimi səslənir:

"Onların müharibə hədəfləri Donbasdan daha geniş idi və daha genişdir və qoşunların müxtəlif cəbhələrdə hücumlarının lazımınca koordinasiya edilməməsi qüvvələrin parçalanması ilə nəticələnib”.

Ukrayna Rusiyanın yeni hücumunun dəf edildiyini deyir
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Ukraynalılar döyüş meydanı hazırlayır

Kiyevin şərq ətrafındakı Borispol şəhərinin meri Volodimir Borısenko deyib ki, bu ərazidəki 20 min əhali evakuasiya edilir.

Onun sözlərinə görə bundan məqsəd Ukrayna qoşunlarının hücumu üçün meydan açmaqdır.

Ölkənin əsas hava limanı Borispolda yerləşir.

Kievin şimal-qərb ətrafındakı əsas magistral yolda isə Ukrayna qüvvələri İrpen, Buça və Hostomel qəsəbələrinin yaxınlığındakı Rusiya qüvvələrini mühasirəyə almağa çalışırlar.

Kiyevdən 25 kilometr şimal-qərbdə yerləşən Buça qəsəbəsində Ukrayna qüvvələrinin kiçik bir qrupu antitank raketləri ilə birlikdə yeni mövqeləri möhkəmləndirirlər.

BMT Ukraynada bombardmanlar nəticəsində 1081 mülkinin öldüyünü və 1707 nəfərin yaralandığını təsdiq edib. Bu rəqəmlərin daha böyük olduğu ehtimal edilir.

Rusiyanın Müdafiə Nazilriyi 1351 hərbçisinin öldüyünü bildirib. Ukrayna tərəfi Rusiyanın 15 mindən çox hərbçi itirdiyini iddia edir.

XS
SM
MD
LG