Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:39

Azərbaycanın buğda 'sıxıntısı'


Taxıl əkənlər hökumətdən gübrə və su üçün kömək istəyirlər
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

Taxıl əkənlər hökumətdən gübrə və su üçün kömək istəyirlər

Qlobal taxıl ixracının üçdə biri Rusiya və Ukraynanın payına düşür

Rusiya-Ukrayna savaşı enerji sektoru ilə yanaşı, kənd təsərrüfatında da ciddi çağırışlar doğurub. Hər iki ölkənin kənd təsərrüfatı məhsullarının ixracında qabaqcıl yer tutması dünyada ərzaq təhlükəsizliyi məsələsini gündəmə gətirib. Hazırda Ukraynadakı durum istər dəniz, istər quru, istərsə hava yolu ilə bu ölkədən məhsulların çıxarılmasını əngəlləyir. Rusiya Ukraynanın hərbi obyektləri ilə yanaşı, mülki infrastrukturuna da zərbələr endirir. Belə ortamda, təbii ki, hər hansı təsərrüfat fəaliyyətindən söhbət gedə bilməz. Bütün bu amillər Ukraynada kənd təsərrüfatı məhsullarının yetişdirilməsini və ixracını çətinləşdirir.

Rusiyada isə əsas çətinliklər sanksiyalardan qaynaqlanır. Yaranmış vəziyyətə görə Rusiya hökuməti bəzi məhsulların ixracına məhdudiyyətlər tətbiq edib. Bu məhsullardan ən çox diqqət çəkənlərdən biri taxıldır. Nəzərə almaq lazımdır ki, Rusiya dünyada taxıl ixracına görə ilk yeri tutur. Ukraynanın da taxıl ixracında ilk beşdə olması bu məhsulun qiymətini kəskin artırıb. Beləcə, dünya bazarlarında taxılın qiyməti son 14 ilin maksimal həddinə çatıb. Bu da var ki pandemiya başlayandan bəri qlobal ərzaq qiyməti indeksləri artmaqda davam edir. Müharibədən öncə də taxıl ən çox bahalaşan məhsul qruplarından idi. Onu da nəzərə almaq lazımdır ki, qlobal buğda ticarətinin təxminən üçdə biri, günəbaxan yağı ixracının 80 faizi, yemlik qarğıdalının ixracınınsa 19 faizi təkcə Rusiya və Ukraynanın payına düşür.

Ekspert: 'Rusiyadan buğda asılılığı çoxdan aradan qaldırılmalı idi'
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Azərbaycanın azuqə güvənliyinə savaşın təsirləri

İstər əhalinin qida rasionunda mühüm yer tutması, istərsə də ərzaq təhlükəsizliyi baxımından Azərbaycanda ən vacib kənd təsərrüfatı məhsullarından biri buğdadır. Rəsmi açıqlamalardan məlum olur ki, hər il ölkənin buğda ehtiyacı 3-3.5 milyon ton civarındadır. Azərbaycanın daxili istehsalı öz tələbatının təxminən 60 faizə yaxınını qarşılamağa yetir. Tələbin yerdə qalan hissəsi idxal hesabına qarşılanır.

Rəsmi rəqəmlərdən aydın olur ki, ötən il Azərbaycanda təxminən 1 milyon 900 min ton buğda yetişdirilib. İl boyunca 1 milyon 148 min ton buğda idxal edilib. Ölkəyə bu həcmdə idxal 332 milyon dollara başa gəlib və bütün idxalının 3 faizi anlamına gəlir. Azərbaycanın özünü buğda ilə tam təmin edə bilməməsi ərzaq güvənliyini təhlükəyə atmaqla bərabər, ölkədən ciddi həcmdə valyuta çıxışı da doğurur.

Daha bir problemli məqam buğda idxalında Rusiyadan kəskin asılılıqdır. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycan ötən il Rusiyadan 1 milyon tona yaxın buğda gətirib. Bu idxalın dəyəri 315 milyon dollardır. Rusiyanın 2021-ci ildə ən çox buğda satdığı ölkələr arasında Azərbaycan üçüncü yerdədir. Bütün satışın 4 faizi Azərbaycanın payına düşür. İlk iki yerdə isə Türkiyə (24.81 faiz) və Misir (21.30 faiz) durur.

Hindistanın Ticarət Nazirliyi buğda ixracı ilə bağlı, Azərbaycan da daxil, 30 ölkəyə üz tutmaq barədə qərar qəbul edib. Hindistan həmin bazarlarda rus buğdasını əvəzləməyi düşünür. Hindistan rəsmisi deyib ki: "Məqsədimiz yalnız cari böhran dövründə qısamüddətli razılaşmalar əldə etmək deyil, Rusiya və Ukrayna buğdasının ağır basdığı bazarlarda keyfiyyətli buğdanın etibarlı uzunmüddətli tədarükçüsü olmaqdır".

Kəndli niyə taxıl əkmək istəmir?
Gözlə

No media source currently available

0:00 0:06:57 0:00

Son illər buğda yetişdirməklə bağlı geniş müzakirələr getsə də, ciddi artım qeydə alınmayıb. Əksinə, buğda əkilən sahələrin ərazisində azalma gözə çarpıb. Ötən ilin yekunlarına görə, ölkədə buğda istehsalının həcmi 1 milyon 885 min ton olub. Bu da biröncəki illə müqayisədə 1 faizdən də az artım deməkdir.

Son illərdə buğda sahələrinin kiçilməsi müşahidə edilir. Əgər 2009-cu ildə 808 min, 2013-cü ildə 689 min hektar sahədə buğda əkini aparılmışdısa, ötən il cəmi 572 min hektar sahədə buğda əkilib. Bu o deməkdir ki, 2009-cu ildən bəri ölkədə buğda əkilən sahələr 30 faizə yaxın azalıb. Əkin sahələri azalsa da, məhsuldarlıqda nisbi artım gözə çarpır. 2009-cu ildən bəri hər hektarda 26.5 sentner olan məhsuldarlıq 2021-ci ildə 32.9 sentnerə yüksəlib. Son illərdə nisbi artım olsa da, buğda əkinlərində Azərbaycandakı məhsuldarlığı o qədər də yüksək qiymətləndirmək olmaz. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2020-ci ilə aid məlumatlarından aydın olur ki, buğda əkinlərinin məhsuldarlığı baxımından Azərbaycandan hətta iki dəfədən də yüksək nəticələrə sahib ölkələr var.

Hökumət Azərbaycanda buğda əkinlərində məhsuldarlığın aşağı olmasını torpaq və su resurslarının məhdudluğuna bağlayır. Aqrar Tədqiqatlar Mərkəzinin açıqladığı rəqəmlərə görə, ölkədə buğda əkilən ərazilərin 64 faizində su çatışmazlığı var. Həmin açıqlamada qeyd edilir ki, toplam buğda əkinlərinin təxminən 38 faizi dəmyə ərazilərdə aparılır. Buğda əkilən ərazilərin daha 26 faizində isə ciddi suvarma problemləri var. Bu baxımdan, ölkədə su çatışmazlığı probleminin və suvarmada itkilərin bəlli dərəcədə aradan qaldırılması kənd təsərrüfatında məhsuldarlığın artırılmasına təkan verə bilər.

Məhsuldarlığının aşağı olmasının əsas səbəblərindən biri də toxumlarla bağlıdır. Azərbaycanın kənd təsərrüfatında istifadə edilən toxumların keyfiyyət göstəriciləri bilinmir. Digər tərəfdən, bir çox ölkələrdə istifadə edilən toxumların keyfiyyətinə ciddi nəzarət var və beləliklə, aşağı keyfiyyətli toxumlardan istifadə məhdudlaşdırılır. Bu baxımdan, həm bazara çıxarılan toxumların keyfiyyəti və həm də fermerlərin yetişdirdiyi məhsullardan əldə etdiyi və əkin üçün istifadə etdiyi toxumların keyfiyyəti yoxlanılır. Ancaq Azərbaycanda keyfiyyətli toxumlardan istifadə məsələsinə ciddi nəzarət edilmir. Bütün bu çatışmazlıqlar ölkənin taxıl məhsulları ilə yetərsiz təminatına gətirib çıxarır. Deməli, Azərbaycanda taxıl istehsalının artırılması və taxıl idxalından asılılığın azaldılması ilə bağlı kəsərli addımlar atılmasa, neft qiymətləri ilə yanaşı, dünya bazarlarındakı buğda qiymətlərinin də ölkə iqtisadiyyatına ciddi təsirləri hiss ediləcək.

XS
SM
MD
LG