Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:02

Neft niyə bahalanır – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Ər-Riyad Ağ evin aylarla çəkən təzyiqindən sonra digər OPEC+ üzvləri ilə hasilatı artırmağa razılaşıb. Artım günə 650 min barelədək əlavə neft deməkdir

Səudiyyə Ərəbistanı və digər istehsalçılar bazara daha çox neft vurmaqla bağlı razılığa gəliblər, amma neftin qiyməti düşmək bilmir. Avqust çatdırılmaları üçün nəzərdə tutulmuş Brent neftinin bareli dünən – iyunun 6-da 119.51 dollara bərabərləşib. Bu isə OPEC+ qrupunun ötən həftəki toplantısından öncəki həddən yüksəkdir.

“Financial Times” qəzeti neftin mərkəzi bankı hesab olunan Səudiyyə Ərəbistanının addımlarına baxmayaraq neftin ucuzlaşmamasının səbəblərindən yazır.

Ər-Riyad Ağ evin aylarla çəkən təzyiqindən sonra digər OPEC+ üzvləri ilə hasilatı artırmağa razılaşıb. Artım günə 650 min barelədək əlavə neft deməkdir.

Günə 2.6 milyon barel az neft istehsal olunur

Məqsəd qlobal iqtisadi artımı təhdid edən, ABŞ-da benzini tarixi yüksək həddə yüksəldərək Prezident Co Baydenə siyasi başağrısı yaradan neft bahalanmasını cilovlamaqdır. Təhlilçilər bu razılaşmanın həm də Səudiyyə ilə Bayden administrasiyası arasında buzun əriməsinə işarə olduğunu deyirlər.

Ancaq məsələ ondadır ki, yeni artım gözlənən həcmdən azdır. Hər ay üçün günə 432 min barel ol onsuz da planlaşdırılmış və bazar qiymətinə salınmışdı. OPEC+un daha kiçik üzvləri son aylar günə 2.6 milyon barel daha az neft istehsal edirdi. S&P Global bunun qlobal neft tələbatının 3 faizinə bərabər olduğunu bildirir.

ABŞ OPEC+dan hasilatda daha çox artım gözləyirdi. Məsələ bundadır ki, ABŞ-ın öz təchizatçıları belə yeni quyular qazmağa meylli deyillər. Üstəlik, Venesuelanın sanksiya altında olan neft sektorundan ixracın artırılması cəhdləri nəticəsiz qalıb. Qəzet yazır ki, İranla yeni nüvə sazişi ilə bu ölkənin bazar payının qaytarılması uzaq görünür. Tehran-ın ABŞ daxil dünya gücləri ilə nüvə sazişini bərpa etməsi yönündə danışıqlar gedir.

Artan istehlak

“Morgan Stanley” qeyd edir ki, Səudiyyənin təchizatı gücləndirmək qərarı OPEC-in ehtiyat hasilat gücünə təzyiqi artırır. Onsuz da bu fövqəladə təchizat buferi “tarixi aşağı” həddə – günə 2 milyon barellə düşüb.

Digər tərəfdən, istehlak da yüksəlməkdədir. Çin iqtisadiyyatı Covid-19 lokdaunlarından qayıdır. OPEC bu il dünyada günə 100.3 milyon barel neftin işlənəcəyini bildirir. 2021-ci ildə bu göstərici günə 97 milyon barel idi.

“Financial Times” yazır ki, yalnız tələbat səngiyəcəyi halda qiymət sıçrayışı dayana bilər. Ancaq son iki ildə qiymətdə 500 faizdən çox artıma baxmayaraq, neftin qiyməti 2008-ci ildəki tarixi pik həddən aşağıdır. Yəni, təhlilçilər qiymətin daha da yüksələcəyini istisna etmirlər.

XS
SM
MD
LG