Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:02

Azərbaycan 5 Ermənistan hərbçisini təhvil verib [reaksiyalar]


Bu ilin fevralında azad edilmiş Ermənistan hərbi qulluqçuları
Bu ilin fevralında azad edilmiş Ermənistan hərbi qulluqçuları

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də Azərbaycanın31 avqust Brüssel görüşündən sonra beş erməni hərbçisini buraxmasını alqışlayıb.

“İlk dəfədir təhvil vermə ikitərəfli qaydada həyata keçirilir və bu, həm Azərbaycan, həm də Ermənistan üçün etimad deməkdir. Bütün həll olunmamış humanitar məsələlərin yoluna qoyulması əsas prioritetdir”, – Mişel tvitində yazıb.

Birləşmiş Ştatlar Azərbaycanın 5 Ermənistan hərbi qulluqçusunu qarşı tərəfə təhvil verməsini alqışlayıb. Bunu Dövlət Departamentinin sözçüsü Ned Prays Twitter-də yazıb.

“Biz erməni saxlananların evlərinə qayıtması xəbərlərini alqışlayırıq. Bu, Ermənistan və Azərbaycan sülh prosesi üçün müsbət haldır. Ümid edirik ki, qalan bütün saxlanılanlar da tezliklə öz evlərinə qayıdacaqlar, Azərbaycan və Ermənistan etimad yaratmaq və mövcud fikir ayrılıqlarını həll etmək üçün addımlar atmağa davam edəcək”, – Prays yazıb.

***

Beş Ermənistan hərbi qulluqçusu qarşı tərəfə təhvil verilib.

Bu haqda Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası sentyabrın 8-də məlumat yayıb.

Məlumatda bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə bu il avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündə əldə edilmiş ikitərəfli razılaşma ilə izah edilir.

Komissiya əlavə edir ki, 5 nəfər Ermənistan hərbçisi azad edilib və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verilib.

Həmin şəxslərin kimliyi də açıqlanıb. Onlar Martin Aqramanyan, Aşot Gevorkyan, Feliks Qriqoryan, Varazdat ManukyanEdik Hovsepyandır.

Dörd hərbi qulluqşunun cəzası azaldılıb

Daha öncə Azərbaycan Ali Məhkəməsinin Ermənistan hərbçilərinin cəzasını azaltması haqda xəbər yayılıb.

Sentyabrın 8-də Azərbaycanda həbsdə olan Ermənistan hərbi qulluqçulardan 4 nəfər barəsində kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmədən verilən məlumata görə, onların kassasiya şikayəti qismən təmin edilib. Həmin şəxslərə verilən cəzalar azaldılıb və barələrində qəti olaraq 1 il 8 ay 25 gün azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Üstəlik, bildirildiyinə görə, Ermənistan vətəndaşı olan 4 nəfərin cəza müddəti başa çatdığından onlar azadlığa buraxılıb.

Lakin hökmlərində qeyd edilib ki, cəza müddəti başa çatan şəxslər Azərbaycan hüdudlarından dərhal çıxarılmalıdır.

Bu məlumata həmin hərbi qulluqçuların vəkillərindən, hələlik, münasibət almaq mümkün olmayıb. Eyni zamanda, bu 4 hərbi qulluqçunun kimliyini də məhkəmədən tam dəqiqləşdirmək cəhdləri nəticə verməyib.

Azərbaycan rəsmi qurumlarının açıqlamasına görə, Ermənistan vətəndaşları, silahlı dəstələrin üzvləri olan bu şəxslər Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hadrut qəsəbəsi yaxınlığında 2020-ci il dekabrın 13-də keçirdiyi əməliyyat nəticəsində tərksilah edilib. Həmin əməliyyatda ümumilikdə 60 civarında hərbi qulluqçunun saxlandığı bildirilmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə haqqında bəhs edilən 4 şəxs isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan ərazisinə qanunsuz keçmək və başqa qanunsuz əməllərdə günahlandırılan bu şəxslər ittihamları əsasən qəbul etməyiblər.

Azərbaycan həmin vaxt və sonra üst-üstə 100-ə yaxın Ermənistan hərbi qulluqçusunu öz ərazilərində saxladığını açıqlayıb. Terrorçuluq, sərhəddi qanusuz keçmək və başqa əməllərdə ittiham edilən həmin şəxslər müxtəlif quruplar şəkilində mühakimə ediliblər, ittihamları əsasən qəbul etməyiblər. Onlardan bir çoxunun artıq işğaldan azad edilən bir sıra rayonlara aid mina xəritləri əvəzində ölkələrinə təhvil verildiyi açıqlanıb.

Həmin hərbi qulluqçuların məsələsi Azərbaycanla Ermənistan arasında mübahisələrə səbəb olub.Ermənistan hesab edir ki, onlar hərbi əsirlərdir və ölkələrinə təhvil verilməlidir. Amma Azərbaycan bu hərbi qulluqçuların 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan sonra saxlandığını qeyd edərək, onları hərbi əsir saymadığını bəyan edib.

Bununla belə onların məsələsi zaman-zaman Ermənistanla aparılan sülh danışıqlarında gündəmə gəlib.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG