Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:17

Meloni AB-də xaos yarada biləcəkmi


(Sağdan) Corciya Meloni, Silvio Berluskoni və Matteo Salvini
(Sağdan) Corciya Meloni, Silvio Berluskoni və Matteo Salvini

Meloninin ən böyük mövqe dəyişikliyi Rusiya ilə bağlıdır

İtaliya II Dünya müharibəsi dövründən bəri özünün ən sağçı hökumətini seçib. İndi Brüssel Avropa Birliyinin (AB) üçüncü ən böyük iqtisadiyyatı, üstəlik birliyin əsasını qoyan altı ölkədən biri olan İtaliya ilə ciddi fikir ayrılıqlarının yaranacağından narahatdır. Bu fikir ayrılıqları Rusiya məsələsindən tutmuş fiskal məsuliyyət siyasətinədək bir çox sahələri əhatələyə, Roma AB klubunda yeni pozucu qüvvəyə çevrilə bilər. Ancaq onun təsiri ən çox azlıqların hüquqları, immiqrasiya kimi həssas məsələlərdə hiss olunacaq. Çünki bu sahələr AB-nin deyil, birbaşa dövlətlərin öz fərdi siyasətləri ilə tənzimlənir.

Corciya Meloni və onun “İtaliyanın qardaşları” (Fratelli d’Italia) partiyasının tarixi simvolizminə fikir verməmək çətindir. Cəmi bir aydan sonra İtaliya diktatoru Benito Mussolininin "Romaya yürüşü”nün 100 ili tamam olacaq. Bu yürüş faşist dövlət çevrilişi ilə nəticələnmişdi.

Ter-Petrosyan: 'Azərbaycanla sülhə getməsək, yenidən dövlət qurmalı olacağıq'
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Diktatorun mədhi

Meloni bu yaxınlarda özünü Mussolinidən ayırsa da, o və bir çox partiyadaşları keçmişdə diktatoru mədh ediblər. Partiyanın loqosu da neofaşist İtaliya Sosial Hərəkatının simvolikası ilə eynidir: alov şəklində italyan trikoloru. Bu hərəkat II Dünya müharibəsinin külü üzərində yaradılıb. Meloni Mussolini rejimi ilə assosiasiya olunan “Tanrı, vətən, ailə” şüarından istifadədən də çəkinməyib.

Bütün bunların Meloninin seçkilərdəki uğuruna təsir dərəcəsi aydın deyil. Ancaq görünən odur ki, onun Mario Draqinin 2021-ci ildən bəri hakimiyyətdə olan texnokratik hökumətinə qoşulmayan yeganə partiya kimi qalmaq qərarı uğurlu gediş olub. 2018-ci il seçkilərində cəmi 4% səs yığan FdI bu dəfə səslərin 26%-ni toplayaraq lider olub. İkinci yerdə qərarlaşan sol mərkəzçi Demokratik Partiya ilə fərq 7% təşkil edir.

Onun Matteo Salvininin antiimmiqrant və populist platformaya malik Liqa partiyası və keçmiş baş nazir, media maqnatı Silvio Berluskoninin “Forza Italia” partiyası ilə ittifaqı Parlamentin hər iki palatasında çoxluğa sahib olacaq. Beləliklə, Meloni İtaliyanın ilk qadın baş naziri olacaq.

Mövqe dəyişikliyi

Ancaq Meloni bəzi məsələlərdə siyasi mövqeyini dəyişmiş kimi görünür. O artıq İtaliyanı avro zonasından çıxarmaq istəmir və birdən-birə NATO-nun böyük pərəstişkarına çevrilib. Üstəlik, əvvəllər Brüsselin İtaliya iqtisadiyyatına müdaxiləsinə qarşı çıxış etsə də, indi büdcəni balanslaşdırmağa söz verir.

Meloninin ən böyük mövqe dəyişikliyi isə Rusiya ilə bağlıdır. Italiyanın həm sağ, həm də sol yönlü siyasətçiləri tarixən Kremlə yumşaq yanaşıblar, rus turizmi və qaz kontraktlarını dəstəkləyiblər. Meloninin özü də bu mənada fərqli deyildi. O 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra AB-nin Kremlə sanksiyalarına qarşı çıxıb. Bundan dörd il sonra isə Vladimir Putinin seçkilərdə qələbəsini pafosla "Rusiya xalqının yekdil iradəsi” adlandırıb.

Ancaq bu yaxınlarda Meloni Rusiyanın Ukraynaya hücumunu sərt tənqid edib, Rusiyaya qarşı sanksiyaları dəstəkləyib və hətta Kiyevə silah göndərilməsinin lehinə olub. Ümumən İtaliyada bu məsələ ilə bağlı fikir ayrılığı var.

İlqar Məmmədov: 'Bizim Qərbi Zəngəzurda gözümüz yoxdur, amma...'
Gözlə

No media source currently available

0:00 0:08:43 0:00


Koalisiya tərəfdaşları

Adlarının çəkilməsini istəməyən bəzi Brüssel rəsmiləri Melonidə müşahidə olunan bu dəyişikliklərə müsbət yanaşırlar. Onlar Meloninin bunu özünü etibarlı tərəfdaş kimi göstərmək üçün etdiyini düşünürlər. Az sayda rəsmi, xüsusən də Ukraynanın döyüş meydanında get-gedə daha uğurlu olması fonunda, Romanın “sanksiyaları öldürməyə” çalışacağını düşünür. Ancaq Brüssel rəsmiləri hələ də Meloninin partiyasındakı başqa fiqurlar, ən əsası onun iki koalisiya partnyoru ilə bağlı narazılıq ifadə ediblər.

Uzun müddət Putinlə dostluq etmiş Berluskoni ötən həftə Putinin, sadəcə, Ukrayna Prezidenti Volodimir Zelenski hökumətini “layiqli adamlarla əvəzləmək istədiyini və bunu rus xalqı və nazirlərin istəyi ilə etdiyini” deməsi ilə ciddi narahatlığa səbəb olub. Salvini isə Qərbin öz sanksiyalarına “yenidən baxmalı” olmasından danışıb, yayda "sülh missiyası" üçün Rusiyaya getməyə çalışıb. Üstəlik, onun partiyası Putinin “Vahid Rusiya” partiyası ilə əməkdaşlıq sazişi imzalayıb.

Bəs, Meloninin təsiri nə qədər güclü olacaq? İtaliyanın iqtisadi məsələlərdə çox problem yaradacağı gözlənilmir. Roma AB-nin postkovid bərpa fondundan 200 milyard avro (193 milyard dollar) alacaq. Bu, üzv ölkələr arasında ən yüksək məbləğdir. Bu qış inflyasiya və artan enerji qiymətləri fonunda bu məbləğ çox köməyə gələcək. Meloni bərpa fondu şərtlərini yenidən danışmağı vəd etsə də, Avropa Komissiyası yalnız cüzi dəyişikliklərə imkan verəcək.

Hansı məsələlərə təsir göstərə bilər

Meloninin Avropa siyasətinə ən böyük təsiri immiqrasiya, abortlar və LGBT haqları məsələlərində ola bilər. Bunlar onun qəti qarşı çıxdığı və fikrini dəyişmədiyi məsələlərdir. Baş nazir olacağı halda o təkcə İtaliyanı idarə etməyəcək. Çünki o, eyni zamanda Avropa Mühafizəkarlar və İslahatçılar (ECR) qrupunun prezidentidir. Avropa Parlamentinin bu panavropa qrupuna Polşanın hakim Qanun və Ədalət Partiyası, habelə Çexiyanın baş naziri Petr Fialanın Vətəndaş Demokratik Partiyası da daxildir. Sentyabr seçkilərindən sonra ölkələrindəki ən iri sağçı qüvvəyə çevrilən İsveç Demokratları da ECR-ın üzvüdür. Bu partiya ya İsveçin yeni hökumətinin tərkibində olacaq, ya da onu dəstəkləyəcək.

Romanın qanunun aliliyindən tutmuş media azadlığı və gey haqlarına qədər bir çox məsələlərdə Brüssellə fikir ayrılıqlarında Budapeşt və Varşavanı dəstəkləyəcəyi gözlənilir. Bunlar AB-nin son illərdə daha çox təsir göstərməyə çalışdığı, ancaq İtaliyanın dəstəyi olmadan çətinlik çəkə biləcəyi məsələlərdir. İmmiqrasiya haqda da eyni şeyi demək olar. Meloni hətta miqrantların Aralıq dənizini keçməsinin qarşısını almaq üçün Liviyaya dəniz səddi tətbiq edilməsi fikrini də səsləndirib.

Meloninin Brüsseli parçalamasa da, birliyə bu qədər çox ehtiyacın olduğu zamanda AB-ni daha xaotik yerə çevirəcəyi gözlənilir.

XS
SM
MD
LG