Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:01

'Müharibə bununla bitməyəcək'


Ukraynalı mühəndis: Bu dronları vurmaq demək olar ki, mümkün deyil
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Ukraynalı mühəndis: Bu dronları vurmaq demək olar ki, mümkün deyil

Tamaşa oynamaq da problem deyil: onların əlində bütün zəruri resurs və imkanlar var

Ukraynanın dörd vilayətində Moskvanın işğalı altında olan ərazilərdə “Rusiya Federasiyasına qoşulmaq” barədə qondarma səsvermə keçirən Kreml Ukraynanın daha çox ərazisini ələ keçirməyə tələsir. Rusiya Prezidenti Vladimir Putinin bu addımı rəsmiləşdirmək üçün sentyabrın 30-da xalqa müraciət edəcəyi gözlənilir. Bütün proses 2014-cü ildə Krımın ilhaqı ətrafında səhnələşdirilən hadisələrlə eyni görünür.

Putinin qismən səfərbərlik elanı ilə eyni zamanda baş verənlər Ukraynadakı uğursuzluqlar fonunda Kremlə PR dividentləri qazandırmaq məqsədi daşıyır.

AzadlıqRadiosu və “Amerikanın səsi”nin birgə layihəsi olan “Nastoyaşeye vremya” rusiyalı politoloq və liberal şərhçi İvan Preobrajenskidən Kremlin bu taktika dəyişikliyi haqda fikirlərini öyrənib.

Preobrajenski Putinin Ukraynanın sözügedən dörd regionunu ilhaq etmək planının mövcud hərbi və beynəlxalq vəziyyətdə nə qədər real olması haqda və digər suallara cavab verib. Müsahibəni ixtisarla dərc edirik:

“Hazırda biz Kremlin səhnələşdirdiyi televiziya tamaşasını izləyirik. Aydın məsələdir ki, heç bir yerdə heç bir normal referendum keçirilmir. Aydındır ki, Rusiyadan kənarda heç kim bunların heç birini ciddi qəbul etmir. Rusiyanın içərisində isə hər kəs bunun tamaşa olduğunu anlayır. Tamaşa oynamaq da problem deyil: onların əlində bütün zəruri resurs və imkanlar var. Səsvermə görüntüsü yaratmaq, artıq yayda müəyyənləşdirilmiş rəqəmləri dərc etmək, işğal olunmuş ərazilərin sakinlərinin könüllü şəkildə Rusiya Federasiyasına birləşmək istədiyini bəyan etmək, [Kremlin] Müqəddəs Georgiy zalında tədbir keçirmək, Putinin nitqinə əl çalmaq və oktyabrın 7-si ona ad günü hədiyyəsi vermək çətin deyil.

Tamaşadan sonra isə qısamüddətli perspektivdə bütün bunların səbəbi olan iki hadisə baş verəcək. Birincisi, Kreml düşünür ki, bundan sonra əlində nüvə silahını yelləyərək “Bunlar bizim insanlarımızdır! Bizim ərazilərimizdir! Bizimlə oyun oynamayın, yoxsa bombanı atarıq!” – deyə bağırmaq üçün əlində əlavə səbəb olacaq.

İkinci məsələ isə çağırışçılarla bağlıdır. Sergey Şoyqu çağırışçıların döyüş zonasında vuruşmayacağını deyib. Ancaq onlar başa düşürlər ki, Ukrayna ərazisində döyüşmək bir şeydir, Rusiyanın ərazisi kimi qələmə verilən ərazidə döyüşmək başqa şeydir.

Bilirik ki, müharibə bununla bitməyəcək və heç nə dayanmayacaq. Ancaq çağırışçı əsgərlər döyüşə göndərilə biləcək. Çünki onlar “Rusiya Federasiyasının ərazisini qorumalı” olacaqlar. Mövcud qanunlara görə, onlar Rusiya ərazisində “müdafiə” məqsədli hərbi fəaliyyət göstərə bilərlər. Bütün bu tamaşa hərbi fəaliyyətə “müdafiə” donu geydirmək üçündür.

Kremlin hücumu davam etdirmək üçün kifayət qədər resursu yoxdur. O, topların qarşısına çıxarmaq daha çox ət parçası səfərbər etməyə … məcburdur. Putin hücum haqda heç nə deməyib. Moskvada heç kim hücumu davam etdirmək haqda ciddi danışmır. Aydın məsələdir ki, bütün bunlar işğal olunmuş əraziləri əldə saxlamaq üçündür.

Strateji təşəbbüsü əlində saxlayan tərəf üçün (Rusiyanın 24 fevraldan sonra müharibənin aktiv fazasında etdiyi kimi), ciddi ambisiyaları varsa, hücumlar haqda danışmaq psixoloji baxımdan çox vacibdir. Tam qələbə, Kiyev “rejimini məhv etmək” və s. haqda danışmaq vacibdir. Hələ də bəziləri, ancaq yalnız idiotlar bu barədə danışmağa davam edir. Məsələn, keçmiş prezident və keçmiş insan Dmitriy Medvedev.

Ancaq heç kim bu haqda ciddi danışmır. Nə Şoyqu, nə də Putin belə danışmır. Bu çox aydın siqnaldır. Putin səfərbərlik nitqində hərbi fəaliyyətin Rusiya ərazisinə - Belqorod və Kursk regionlarına keçməsi faktından danışdı və Krımın təhlükə altında olduğunu dedi. ‘Biz buna imkan verməyəcəyik’ dedi.

Bu mənzərəni çox aydın təsvir edir. ‘Krımı heç bir şəraitdə geri verməyəcəyik. Ərazimizə atəş açmağa cürət etməyin. Buna görə də səfərbərlik elan edirik və hərbi fəallığımızı intensivləşdirəcəyik’. Bu elə real vəziyyəti əks etdirir. Digər tərəfdən biz onların real mənzərəni gizlətməyə çalışdığı televiziya tamaşasının şahidi oluruq”.

XS
SM
MD
LG