Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:12

70 yaşlı Putinə qarşı çıxmaq...


Londonda divar rəsmi: Vladimir Putin (solda) və Volodimir Zelenski
Londonda divar rəsmi: Vladimir Putin (solda) və Volodimir Zelenski

"Hökumət hər hansı mütəşəkkil qurumlardan gələ biləcək təhlükəni anlayaraq onları istənilən yolla zəiflətməyə çalışdı və buna nail oldu”

Oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putin 70 yaşını qeyd edir.

AzadlıqRadiosunun müxbiri Robert Koalson Ukraynada apardığı müharibənin siyasi sistemin zəif cəhətlərini üzə çıxarması fonunda Putinin reytinqinə yaranan təhlükədən yazır.

"Gördüyüm qədərilə, vəziyyət kəskin dəyişib", – Müstəqil “Levada” Mərkəzinin sosioloqu Lev Qudkov deyir. O, Putinin sentyabrın 21-də elan etdiyi səfərbərliyin ölkədəki atmosferi geridönməz şəkildə dəyişdirdiyini söyləyir.

"Səfərbərlik hamıya təsir edir… Səfərbərlik elanı vəziyyəti kökündən dəyişdirib – Rusiyaya müharibə gəlib”, – Qudkov bildirir.

Əbədi tsuqtsvanq vəziyyəti

"Putin fevralın 24-dən bəri tsuqtsvanq vəziyyətində olub. Yəni əbədi tsuqtsvanq – bu, şahmatda elə bir vəziyyətdir ki, istənilən gediş vəziyyəti daha da pisləşdirir”, – Dövlət Dumasınun deputatı, müxalif siyasətçi Dmitriy Qudkov deyir.

Ancaq bu yaxınlara qədər Putinin Rusiyadakı mövqeyi çox möhkəm idi. Bu qismən həm də Kremlin son illər müxalifətin ən mütəşəkkil və fəal hissəsini ölkədən çıxarması sayəsində mümkün olmuşdu.

"Rusiyanın Ukraynada apardığı cinayətkar müharibə Rusiya cəmiyyətinin hətta ən qatı rusofobların belə göstərmədiyi cəhətlərini üzə çıxardı. Talan və hərbi cinayətlər haqda xəbərlər Rusiya ictimaiyyətini yerindən tərpətmədi. …Heç bir qəzəb, heç bir kütləvi etiraz olmadı", – alim və Estoniya parlamentinin üzvü Mixail Lotman AzadlıqRadiosunun rus xidməti üçün yazdığı essedə qeyd edir.

Ermənistan Hindistandan 'Bayraktar'a oxşar dronlar alır
Gözlə

No media source currently available

0:00 0:04:08 0:00

Azalan reytinq

“Levada” Mərkəzi bütün 2022-ci il ərzində Putinin reytinqinin davamlı olaraq 80%-dən yuxarı qaldığını, avqust ayında isə 83%-ə çatdığını bildirir.

"Ukraynada müharibə başlanandan sonra göstəricilər yüksəldi. İnsanlar hərbi güc nümayişinin fonunda əminlik və qürur hiss etdilər”, – Lev Qudkov deyir.

Ancaq sentyabrda Putinin reytinqi 77%-ə endi.

Qudkovun sözlərinə görə, hazırda Putini 24 fevraldan öncəkindən daha çox adam dəstəkləyir. Ancaq hərbi uğursuzluqlar və xüsusən də səfərbərlik elanı öz təsirini göstərməkdədir. O, səfərbərlikdən sonra vəziyyətin sürətlə dəyişəcəyini gözləyir.

Psixoloji addım

Açıq şəkildə Putinin hakimiyyətinə qarşı çıxmaq əksər rusiyalılar üçün çox böyük psixoloji addım sayıla bilər. Putin hakimiyyətə gəldiyi ilk illərdən bəri güclü, mərkəzləşmiş hökumət və “qanunun diktaturası” kimi ifadələr üzərində qurulmuş nəhəng dövlət təbliğat maşınını işə salıb. O həmçinin demokratiya, media azadlığı və öz müqəddəratını təyinetmə ideyaları ilə assosiasiya olunan xaotik 1990-cı illəri gözdən salmaq üçün əlindən gələni edib.

ABŞ-ın Kornell Universitetindən siyasət professoru Vəleri Bans (Valerie Bunce) 2017-ci ildə yazdığı “Rusiyada rəngli inqilab perspektivləri” adlı təhlil məqaləsində Putinin son illərdə "siyasi dəstəyi səfərbər etmək üçün rus müstəsnalığı, rus millətçiliyi, rus gücünün beynəlxalq sistemə proyeksiyası, mədəni mühafizəkarlıq, ABŞ-ın sabitliyi pozan qüvvə kimi tənqidi kimi fikirlər ətrafında yeni ritorika formalaşdırdığını” yazır. Yazıda deyilir ki, bu taktika "Rusiya müxalifətini parçalayaraq onları vətənpərvərlər və satqınlar arasında seçməyə məcbur edib”.

“Xarici agent”

2012-ci ildən bəri Kreml siyasi dissidentləri xain kimi qələmə vermək üçün get-gedə daha çox sərtləşdirdiyi “xarici agent” qanunlarından istifadə etməyə başlayıb. Stalin dövründən qalan və nifrət saçan bu termin parçalanmış cəmiyyətdə mənfi imic yaratmaq məqsədi daşıyır. Hərçənd bəzi liberallar bu ifadəni qürurla daşımağa çalışırlar. Rusiyada hakimiyyətdən narazılar həbs edilməsələr belə qonşularından, qohumlarından, iş yoldaşlarından və müdirlərindən danlaq eşitməli olurlar. Kremli dəstəkləyən funksionerlərsə təşəbbüsü bir az da irəli aparıb onları təhqir də edə bilər.

Ukraynayla müharibəni onsuz da Rusiya ilə “şeytan” Qərb arasında ölüm-dirim savaşı kimi qələmə verən Putin son həftələr ərzində ritorikasını daha da tündləşdirərək ona qarşı çıxmağı daha da təhlükəli hala gətirib.

Ümidsizlik hissi...

Sibirdə yerləşən Tomsk şəhərində yanğın təhlükəsizliyi mühəndisi olan 35 yaşlı Timur Saifulmulyukov Ukraynaya hücumun başlanmasından bəri Rusiya ictimai vicdanında baş verən proseslərin bəzilərini özündə əks etdirir. Fevralın 24-dək apolitik olan Timur müharibə xəbərini eşidəndə qəzəbdən çox apatiya hiss etdiyini deyir.

"Ümidsizlik hissi. Nəsə etmək üçün özünü gücsüz hiss edirsən. Baş verənlərin hər hansı birində öz rolunu hiss etmirsən”, – o deyir.

Yay ərzində passiv və sakit qalan Timur sentyabrın 24-də, Putinin səfərbərlik elanını eşitdikdən sonra əlində müharibə əleyhinə şüarlar yazılmış plakatla Tomskun əsas küçəsinin mərkəzinə yürüş edərək yolu kəsib. O, ikicə dəqiqədən sonra saxlanılaraq yol-hərəkət qaydalarını pozmaqda və “silahlı qüvvələri gözdən salmaqda” ittiham edilib.

Psixoloji çətinlik

Timur həyat yoldaşının onun bu qərarını dəstəkləmədiyini deyir: “Bu onun üçün psixoloji baxımdan çətindir. Biz daha öncə ölkəmizdə baş verənlərə görə şəxsi məsuliyyətimiz haqda müzakirə aparmışıq və fərqli nəticələrə gəlmişik. Mən bu məsuliyyəti hiss edirəm, ancaq o bir az hiss etsə də, düşünür ki, heç nə etmək lazım deyil. Düşünür ki, bizim təsir rıçaqlarımız yoxdur və həyatımızı riskə atmağın mənası yoxdur".

Ukraynaya genişmiqyaslı hücuma başlamazdan öncə Putin hökuməti mütəşəkkil siyasi müxalifətin bütün formalarını demontaj etdi. Aleksey Navalnı “Noviçok”la zəhərləndikdən sonra ölümdən qurtulsa da həbsə atıldı. Onun rəhbərlik etdiyi Antikorrupsiya Fondu regional ofisləri ilə birlikdə “ekstremist” adlandırılaraq bağlandı. Navalnının fəal tərəfdarlarının çoxu cinayət məsuliyyəti təhlükəsi altında ölkəni tərk etməli oldular.

Müxalif fikirli insanlar üçün platforma rolunu oynayan qurumlar, məsələn, “Memorial” insan haqları cəmiyyəti də eyni qaydada hədəfə alındı və onlarla hər hansı əlaqə xəyanətə bərabər tutuldu.

Hökumət “buna nail oldu”

"Fəal etirazlarla bağlı əsas problem odur ki, onlar yalnız fərdi hərəkətdən ibarət deyil. Etirazlar müxtəlif insanlar arasında koordinasiya və əməkdaşlıq tələb edir. Rusiyada isə bununla bağlı vəziyyət pisdir”, – Helsinki Universitetində Rusiya siyasətindən dərs deyən rusiyalı politoloq Vladimir Gelman “Meduza”ya müsahibəsində deyir.

"Hökumət hər hansı mütəşəkkil qurumlardan gələ biləcək təhlükəni anlayaraq onları istənilən yolla zəiflətməyə çalışdı və buna nail oldu”, – o söyləyir.

Ancaq bu vəziyyətdə belə hərəkətlilik gözə dəyməyə başlayıb. Oktyabrın 4-də Navalnının əsas köməkçiləri onun Rusiyadakı şəbəkəsini yenidən aktivləşdirdiklərini, şəbəkənin Putinə və müharibəyə qarşı müxalifətin anderqraund koordinasiya mərkəzi kimi fəaliyyət göstərəcəyini elan ediblər. “Sirena” adlı “Telegram” kanalı Navalnı və komandasının bu qərarını “yeddi aylıq müharibə və səfərbərlikdən sonra Putin rejiminin mövqeyinin zəifləməsi” ilə izah edir.

XS
SM
MD
LG