Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:10

Türkiyə və Macarıstan NATO-nun genişlənməsinə 'hə' deyəcəkmi


R.T.Ərdoğan və Viktor Orban
R.T.Ərdoğan və Viktor Orban

Finlandiya və İsveç NATO üzvlüyünə can atır. Hərbi alyansın 30 üzvündən 28-i bu iki ölkənin üzvlüyünü milli parlamentlərdə səsvermələr vasitəsilə, prezidentlərin və hətta monarxların razılığı ilə dəstəkləyiblər.

Macarıstan və Türkiyədə isə bu proseslər hələ başlamayıb. Ancaq İsveçdə hakimiyyətə yeni hökumət gəlib. Finlandiya və Türkiyədə isə gələn ilin ilk yarısında seçkilər keçiriləcək. Bu yeniliklər fonunda diplomatlar İsveç və Finlandiyanın 2022-ci ilin sonuna, yaxud 2023-cü ilin əvvəlindən NATO-ya üzv olacağına əmindirlər.

Putinin tərəfdarı Ermənistana niyə buraxılmadı?
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Ankaranın razılığı

AzadlıqRadiosunun müxbiri Rikard Jozviak yazır ki, bu prosesdə ən üzdə olan çətinlik Ankaranın razılığı məsələsidir. Bu il mayın ortalarında Helsinki və Stokholm Rusiyanın Ukraynaya hücumunun təsiri altında NATO üzvlüyünə müraciət edəndə onların yayın sonu, yaxud payızın əvvəlindən alyansa üzv qəbul ediləcəyinə ümid çox idi.

Ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikri başqa idi. O, iyunun sonunda Madrid sammitində nəhayət NATO-nun Finlandiya və İsveçi alyansa qoşulmağa dəvət etməsini dəstəkləsə də, öncə Helsinki və Stokholmla üçtərəfli memorandum imzaladı.

İsveç

Digər NATO üzvləri yay aylarında bu iki ölkənin alyansa qəbul protokollarını ratifikasiya etməyə tələsdiyi bir vaxtda Türkiyə, sadəcə, Finlandiya və İsveçin memorandumun şərtlərinə əməl etməsini gözlədi. Bütün məsələ, əslində, İsveçlə bağlıdır. İsveç 100 minədək kürd əsilli insanın yaşadığı ölkədir. Üstəlik, həmin vaxt İsveçdə seçki kampaniyası davam edirdi. Oktyabrın 18-də bu ölkədə yeni sağçı koalisyon hökumət qurulub.

İsveçin əvvəlki hökuməti imzalanan paktın bəzi şərtlərini əlüstü yerinə yetirmişdi. 2019-cu ildə Ankaraya tətbiq edilən silah embarqosu qısa müddətdə aradan qaldırılmış, Suriyadakı kürd qruplarının maliyyələşdirilməsi və dəstəklənməsinə son qoyulması istiqamətində işlər görülmüşdü.

İndi əsas sual daha çətin şərtlərin öhdəsindən gəlməkdir. Söhbət PKK-nın sıxışdırılması və Türkiyənin terrorçu kimi tanıdığı şəxslərin ekstradisiyasından gedir.

'Anar 31 ildir sədrdir, yenə seçilmək istəyir' - AYB qurultay keçirir
Gözlə

No media source currently available

0:00 0:07:21 0:00

Ekstradisiya məsələsi

Sözügedən ekstradisiyalar İsveçin yeni hökuməti üçün lakmus kağızı rolunu oynayacaq. Bu vaxta qədər iki nəfərin ekstradisiyasına razılıq verilib. Ancaq Ankaranın nə qədər adamın təhvil verilməsini istədiyi aydın deyil. Mediada dövr edən rəqəmlər 18-lə 73 arasında dəyişib. Ancaq rəsmilər bildirirlər ki, Türkiyənin ən çox istədiyi şey İsveçin bu xahişlərlə ciddi məşğul olması, onları tezliklə qulaqardına vurmamasıdır.

Yeni Baş naziri Ülf Kristerssonun vəzifəsinin icrasına başlaması ilə İsveçin bu şərtlərə cavab vermək istəyi də artıb. Həm onun öz partiyası, həm də koalisiyanın digər iki üzvü qatı NATO tərəfdarlarıdır. Bu onları öncəki hakim sosial-demokrat partiyasından fərqləndirən cəhətdir. Ekstradisiya məsələsinin daha seçki mövzusu olmayacağını nəzərə alsaq, onu həll etmək bir az da asan olmalıdır. Üstəlik, İsveç kürdləri ənənəvi olaraq sola meylli seçicilərdir. Bu isə o deməkdir ki, onlar onsuz da yeni hökumətin seçici bazasını təmsil etmirlər.

İranda doğulmuş kürd, keçmiş peşmərgə döyüşçüsü Əminə Kakabave daha öncəki parlamentə müstəqil millət vəkili kimi daxil olmuşdusa, bu dəfəki seçkilərdə o seçilməyib.

Ankarada nüfuz sahibi olan vasitəçi

Kristersson Oskar Stenströmü Ankara ilə imzalanmış memorandumun icrasına dair baş vasitəçi qismində saxlayıb. Stenströmün Ankarada böyük nüfuz sahibi olduğu bildirilir.

İsveçin Baş naziri hakimiyyətə gəldikdən az sonra Brüsseldə NATO Baş Qərargahını ziyarət vaxtı deyib ki, Stokholm “İsveç, Finlandiya və Türkiyə arasındakı razılaşmaya tamamilə sadiqdir və sənəddə nəzərdə tutulan bütün öhdəlikləri mümkün qədər tez yerinə yetirmək üçün əlindən gələni edir”.

Brüsseldə o daha sonra “mümkün qədər tez zamanda” Ankaraya getməyə hazır olduğunu da söyləyib. Ərdoğan buna cavab olaraq bildirib ki, görüş baş tutacaq, ancaq hələlik, dəqiq tarix açıqlanmayıb. Heç də hər şeyin dərhal həll ediləcəyi gözlənilmir, amma imkan pəncərəsi geniş açılmış kimi görünür. Ərdoğan iyunda prezident seçkilərinə gedir. Finlandiya isə seçki apreldə olacaq. Tərəflərin hər biri məsələnin seçkilərədək həll ediləcəyinə ümid bəsləyir.

Üç amil

Bəs Macarıstanın parlamenti nə üçün ratifikasiyanı ləngidir? Macarıstan rəsmiləri məsələnin noyabrın sonunda səsverməyə çıxarılacağını və prosesin Milad bayramınadək tamamlanacağını bildiriblər.

Həm Brüsseldə, həm də digər yerlərdə dəhlizlərdə səslənən spekulyasiyalarda üç məsələyə toxunulur: birincisi, Budapeşt bu ləngimə ilə Stokholm və Helsinkiyə Macarıstana maliyyə axınını dəstəkləmələri üçün təzyiq edir. İkincisi, ratifikasiyanı yubatma Macarıstanın Moskvaya siqnalıdır. O bununla özünün Qərb bloku içərisində Moskvanın ən böyük dostu olduğunu göstərməyə çalışır.

Üçüncüsü də, Macarıstan bunu Türkiyəni dəstəkləmək üçün edir. Macarıstanın Baş naziri Viktor Orban artıq xeyli vaxtdır ki, Ərdoğanla yaxın münasibət saxlayır. Budapeşt həm də çoxdan bəri Türkiyənin Aİ-na üzvlüyünü dəstəkləyir.

Səbəb nə olursa-olsun, əsas odur ki, bu saqa son səhnələrinə daxil olur. Bütün bu hekayə NATO ailəsinin böyüməsi ilə başa çatacaq.

XS
SM
MD
LG