Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:20

Nədən ərzaqdan ən çox çay bahalaşıb?


'Çayçu, ğəndi pay getir'. Maştağadan reportaj
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

'Çayçu, ğəndi pay getir'. Maştağadan reportaj

Ötən ay Azərbaycanda ərzaqların içində ən çox bahalaşma çayda müşahidə olunub. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, sentyabr ilə müqayisədə oktyabrda 500 qramlıq yerli çayın orta aylıq pərakəndə satış qiyməti 6.9 faiz bahalaşaraq 12.17 manat olub. Yerli çayın oktyabrdakı orta qiyməti 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1.19 manat və ya 10.8 faiz çoxdur.

Müqayisə üçün, oktyabrda ərzağın ümumilikdə təqribən 2 faiz bahalaşdığı açıqlanıb.

Azərbaycan makaronu niyə özü istehsal etmir?
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Çay istehsalı azalıb, idxal-ixrac artıb…

DSK-nın məlumatına görə, 2022-ci il oktyabrın 1-nə kimi tarlalardan 818.2 ton yaşıl çay yarpağı yığılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19.3 faiz azdır.

Dövlət Gömrük Komitəsi isə bildirir ki, yanvar-oktyabr aylarında 1 min 626 ton çay ixrac edilib. Bu, 2021-ci ilin analoji dövrü ilə müqayisədə 728 ton çoxdur.

Bu ilin 10 ayında Azərbaycana çay idxalı da artıb. Bu müddət ərzində ölkəyə 11 min 930 ton çay gətirilib. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 0.4 faiz çoxdur.

Dövlət Proqramının qəbulundan dörd il keçir

2018-ci ildə Prezident İlham Əliyev Azərbaycanda çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramını təsdiqləyib. Həmin proqramda çayçılığın inkişafı, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi nəzərdə tutulurdu.

"120 manata satırlar, bizdən 1 manat 40 qəpiyə alırlar"

Lənkəranda yaşayan, amma adının çəkilməsini istəməyən bir fermer AzadlıqRadiosuna bildirib ki, qiymət sərf etmir deyə, çay sahələri azalıb: "Çayın kilosunu 120 manata satırlar, amma bizdən bunu 1 manat 40 qəpiyə alırlar. Karta bir miqdar subsidiya köçürürlər, o da heç cür bəs etmir. Çünki buna 1-1.5 ton gübrə lazımdır, il ərzində beş-altı dəfə becərmə işi gedir. Belə getsə, məcbur olub, plantasiyamızı ləğv edəcəyik".

Kənd Təsərrüfatı Nazirliyindən isə "Turan"a bildirilib ki, qurum qiymət tənzimləməsində iştirak etmir, onun belə bir funksiyası yoxdur: "Bazarda qiymətlər tələb-təklif qanununa görə müəyyənləşir".

Subsidiyalara gəlincə isə, qeyd olunub ki, subsidiyalar Aqrar Subsidiya Şurasının 2022-ci il üçün açıqladığı əmsallara uyğun olaraq ödənilir. Şuranın qərarına görə, hazırda çay plantasiyasının 1 hektarına 3.7 əmsal (əmsal 200 manatdır) üzrə 740 manat verilir. 7 ildən sonra bu, 1.25 əmsal üzrə 250 manata düşür.

V.Məhərrəmli
V.Məhərrəmli

"Qablaşdırıb daxili istehsal olunan çay kimi təqdim edirlər"

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmli isə AzadlıqRadiosuna bildirib ki, bu sahədə çox ciddi problemlər var: "Birinci problem istehsalla bağlıdır. Uzun müddətdir bu sahəyə müəyyən qədər maliyyə resursları ayrılsa, çayçılığın inkişafı ilə bağlı dövlət proqramı və hətta qanun qəbul edilsə də, elə də ciddi nailiyyət əldə olunmayıb".

Ekspertin sözlərinə görə, Azərbaycan əhalisinin çaya tələbatı 18 min tona yaxın olsa da, ölkədə min ton çay istehsal olunur: "Ölkəyə idxal olunan çayı isə qablaşdırıb bizə daxili istehsal olunan çay kimi təqdim edirlər".

O qeyd edib ki, indi dünya bazarlarında çayın qiymətinin ciddi artımı daxili bazara da təsir edir: "Azərbaycan özünün çaya tələbatının cəmi 5-6 faizini ödəyə bilir deyə, idxaldan asılıdır. İdxal da yüksək vəzifəli məmurların monopoliyasındadır. Ona görə də çayın qiymətini bazar tənzimləmir, məmurlar diktə edir. Bu səbəbdən də çayın qiyməti artmaqda davam edir".

XS
SM
MD
LG