Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:00

Tiktoker Bilal Əliyev: ''Qurani-Kərim'dən üç saat danışdığım üçün hesabım bağlandı'


Tiktoker Bilal Əliyev
Tiktoker Bilal Əliyev

"İndi TikTok-dan az da olsa pul qazanıb, üstünü də özüm düzəldib ehtiyacı olanlara verirəm", - bunu AzadlıqRadiosuna TikTok sosial şəbəkəsinin aktiv istifadəçisi, bir müddət əvvəl izləyicisini təhqir etməsi ilə gündəmə gələn Xalq artisti Bilal Əliyev deyib.

Azərbaycanda TikTok

Bəzi mənbələr Azərbaycanda TikTok istifadəçilərinin sayının 3 milyon olduğunu iddia etsə də, 2022-ci ildə "Startio" rəqəmsal və marketinq saytı Azərbaycan ərazisindən 1 milyona yaxın şəxs TikTok-a gündəlik daxil olduğunu bildirib.

Azərbaycanlı tiktokerlərin 73.1 faizindən çoxu 18-24 yaş arası şəxslərdir. İzləyicilərinin 68.6 faizi kişilər olan platforma, əsasən, əyləncə üçün nəzərdə tutulub. "Hypertrace" platformasında 65 fəal TikTok influenseri haqqında məlumata görə, onların maraq dairəsindəki əsas üç mövzu duet şəklində mahnı oxumaq, pişiklər və gülməli görüntü yaratmaqdır.

TikTok-a münasibət Azərbaycanda birmənalı deyil. Zaman-zaman TikTok istifadəçiləri tənqid edilir, bu platformanın hətta bloklanmasına çağırışlar səslənir. Yaxınlarda Azərbaycan İqtisadiyyatı Universitetinin bloqerləri tələbələr ilə görüşə çağırması ictimaiyyət tərəfindən tənqid hədəfinə çevrilmişdi.

Pul qazananlar

Bilal Əliyev bir ildən çoxdur ki, TikTok sosial şəbəkəsinin aktiv istifadəçisidir. 41 minə yaxın izləyicisi olan müğənninin ötən il onlardan birini təhqir etməsi tənqidlə qarşılandı. Lakin o, AzadlıqRadiosuna deyir ki, "TikTok-a insanlara haqq-ədaləti, düzgünlüyü deməyə gəlib" və hələ ki, hesabını bağlamaq fikri yoxdur.

"Mən bu sosial şəbəkəyə insanlara yaxın olmaq, dövlətçiliyimizdən danışmaq, prezidentin fəaliyyətindən bəhs etmək və onu dəstəkləmək, dinimizi, milli-mənəvi dəyərlərimizi yaymaq üçün gəldim. Hərçənd, "Qurani-Kərim"dən üç saat danışdığım üçün hesabım 24 saatlıq bağlanmışdı, sonra açıldı. Həmin bloklanmadan sonra bu mövzuda danışmıram, amma insanlar ilə maarifləndirici mövzulardan danışıram. Müəyyən qədər pul da qazanıram, amma özümə xərcləmirəm, yalnız ehtiyacı olanlara verirəm", – deyən ifaçının hesabında paylaşdığı son video məzar üstündəndir. Bundan öncə Prezidenti İlham Əliyevə, eks-prezident Heydər Əliyevə həsr edilmiş paylaşımları görmək olur.

Osman.cho
Osman.cho

Dövlətdən dəstək istəyənlər

Bloqer Osman.cho TikTok-da daha çox müxtəlif yeməklərin necə hazırlanmasını paylaşır. İzləyici sayı 100 mini keçən bloqer AzadlıqRadiosuna deyir ki, TikTok-un xeyirli və ya zərərli olmağı tək izləyicinin özündən asılıdır. Həmin platforma izləyicinin maraq dairəsinə uyğun bir rəqəmsal mühit yaradır və izləyici həmin mühitdə inkişaf və ya deqradasiya edir. Bloqer TikTok-un uşaqlara zərərli olması fikri ilə razılaşmır, valideyn nəzarətini vacib sayır.

"Faydalı kontentin çoxalması üçün təklif edərdim ki, dövlət tərəfindən bir fond yaradılsın və faydalı kontent çəkənlərə dəstək göstərilsin. Misal üçün, universitetlərdə işləyən müəllimlər/professorlar, şirkətlərdə işləyən mütəxəssislər, xaricdə yaşayan həmyerlilərimiz, rəssamlar, həkimlər, sənətkarlar və sairə", – bloqer qeyd edir və TikTok-un bloklanmasına qarşı olduğunu vurğulayır. O, TikTok-a bənzər alqoritmlərin digər platformalarda da tətbiq olunduğunu yada salır, cəmiyyət tərəfindən formalaşan bir məlumat sisteminin bloklanmasını demokratik prinsiplərə zidd adlandırır: "TikTok blok olunan zaman mənə əməkdaşlıq təklifləri gəlmirdi. TikTok təzə başlayan brendlər üçün çox gözəl bir reklam platformasıdır. Orda puldan çox kreativlik vacibdir. Bizneslər var ki, müştərilərini məhz TikTok-dan qazanırlar. Bu cür bizneslər üçün TikTok-un bloklanması kritikdir".

Elşad Mirbəşiroğlu
Elşad Mirbəşiroğlu

Deputat: "TikTok gələcək üçün zərbə ola bilər..."

Ancaq Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu TikTok-dan azyaşlıların istifadəsinin məhdudlaşdırılmasını, ümumi nəzarətin olmağını təklif edir. O, AzadlıqRadiosuna deyib ki, geniş auditoriyaya sahib TikTok gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinə mənfi təsir göstərməkdədir: "Dünya praktikasında bundan faydalı şəkildə istifadə edənlər var. Azərbaycan seqmentində isə, təəssüf ki, bu, belə deyil. Bəzən azyaşlıların birbaşa iştirakı ilə videolar çəkilir, ya da onların tərbiyəsinə təsir edəcək paylaşımlar edilir. Buna görə təklifim odur ki, azyaşlıların girişi məhdudlaşdırılsın, faydalı kontentin formalaşması üçün nəzarət artırılsın. Orta məktəblərdə bu platformanın zərərləri danışılsın, maarifləndirmə işləri aparılsın. Əks halda, Azərbaycan xalqının milli mental dəyərlərinə zidd nəsil yetişəcək, bu da gələcək üçün olduqca böyük zərbə olacaq".

Azərbaycanda TikTok-a giriş 2022-ci il sentyabrın 14-də, Ermənistanla sərhəd toqquşmaları vaxtı məhdudlaşdırılıb. Həmin günlərdə üst-üstə 300-dək hərbçi həlak olub. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) qadağanı hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayılması ilə əsaslandırıb. Bu məhdudiyyət xüsusən TikTok-dan qazanc əldə edənlərin narazılığına səbəb olub. Digər sosial şəbəkələrin yox, ancaq TikTok-un bloklanması istifadəçilərdə suallar yaratsa da, Azərbaycan hökuməti bununla bağlı hər hansı açıqlama verməyib.

'Tik-Tok'un bağlanmasına necə baxırsız?
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Psixoloq: Uşaqlara təsir edən təkcə TikTok deyil

Azərbaycanda 2000-ci illərdən internetin, 2015-ci ildən ağıllı telefonların, 2020-ci ildən TikTok-un istifadəsinə başlanıb və artım statistikası müşahidə edilib. Psixoloq Fidan Qasımova istər gənclər, istərsə də azyaşlıların psixologiyasına TikTok meydana çıxana qədər internetin təsir etdiyini deyir. Onun fikrincə, insanlarda "TikTok uşaqları korlayır" düşüncəsi yaransa da, əslində belə deyil: "Bu sosial platformaya qədər internetin, eləcə də Youtube və Instagram-ın uşaqlarda stress, əsəbilik, narahatlıq, özünəinam hissinin azalması, qısqanclıq yaratdığı müşahidə olunurdu. 15 il öncə hər 10 uşaqdan 1-ində stress olurdusa, internet və sosial şəbəkələrin yaranmasından sonra bu rəqəm artdı. Bu gün 10 uşaqdan 9-unda stress halları müşahidə edilir. Diqqət və hərəkət pozuntusu da yaranıb. İki ildir ölkədə TikTok-a tələbat artıb, amma uşaqların psixoloji problemləri 2019-cu ildəki kimidir. Ən çoxu 2-3 faiz artıb".

Psixoloqun sözlərinə görə, uşaqları internetdən uzaq tutmaqla bu problemləri aradan qaldırmaq mümkünsüzdür və tək çarə uşaqları özlərinə uyğun kontentə cəlb etməkdir. O, müvafiq Dövlət Proqramı hazırlanmasını vacib sayır və deyir ki, internetdən istifadənin yaratdığı fəsadlar dövlət hesabına psixoloji seanslarla aradan qaldırıla bilər.

Siyavuş Novruzovdan Facebook-la bağlı təklif
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

TikTok istəyə uyğun formalaşır

Sosial media mütəxəssisi Kənan Əzizli uşaqların TikTok-dan zərər gördüyünü düşünən valideynlərin platformanı özlərinin tənzimləyə biləcəklərindən danışır. Belə ki, valideynlər platforma daxilində övladlarının hesablarını əlavə edə və oradan bu şəbəkədə nə qədər vaxt keçirdiklərinə, hansı səhifələri izlədiklərinə nəzarət edə bilərlər: "Ancaq səviyyəsiz videolar qarşımıza çıxır" deyənlər isə nə vaxtsa o məzmunda video axtardıqları, yaxud baxdıqları üçün həmin paylaşımları görürlər. Bu, bütün sosial şəbəkələrə aiddir. Maraq dairənizə uyğun tənzimləmək mümkündür. Sözügedən sosial şəbəkəni Azərbaycanda qadağa etsələr belə, VPN ilə giriş etmək olacaq. Yaxşı olar ki, maarifləndirmə aparılsın, ekspertlər görüşə çağırılsın...".

TikTok-un rəsmi səhifəsində Azərbaycan seqmentinin fəaliyyəti barədə məlumat yoxdur. Ötən ilin dekabrında Bakıya gələn TikTok rəsmiləri internet mütəxəssisi Osman Gündüzlə görüşüb. O, Facebook postunda yazıb ki, TikTok təmsilçiləri gələcəkdə Azərbaycanda rəsmi ofisin açıla biləcəyini istisna etməsələr də, dediklərinə görə, dövlət qurumları bu görüşlərə böyük maraq göstərməyiblər. Hazırda regionda yalnız Rusiya və Qazaxıstanda TikTok-un rəsmi ofisləri fəaliyyət göstərir.

XS
SM
MD
LG