Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:14

Rusiya fərariliklə necə mübarizə aparır


Russian military ID of a servicemen who refused to fight in Ukraine with "a deserter" stamp
Russian military ID of a servicemen who refused to fight in Ukraine with "a deserter" stamp

Rusiyada Lipetsk vilayətinin Novouqlyanka kəndində xüsusi təyinatlılar 31 yaşlı sıravi əsgər Dmitri Perovu güllələyiblər.

Baza teleqram kanalının verdiyi məlumatda deyilir ki, hakimiyyət orqanlarının versiyasına görə Perov Ukraynada davam edən müharibədən qaçıbmış.

Bu da qeyd olunur ki, Perovu öz evinin həyətində öldürüblər. Xüsusi təyinatlılar əraziyə daxil olanda Perov tövlədən çıxırmış.

Ona silahı yerə atmaq və uzanmaq əmrinin verildiyi, lakin hərbçinin atəş açdığı və cavab atəşi ilə öldürüldüyü bildirilir.

RIA Voronej agentliyinin məlumatına görə sıravi Perovun həlak olması barədə xəbəri Lipetsk vilayətinin hakimiyyət orqanları da təsdiqləyib.

Xəbərdə deyilir ki, hərbi qulluqçu öldürülməsindən bir neçə gün əvvəl Voronej şəhərinin avtobus dayanacaqlarından birində kameraya düşmüşdü.

Videoda Perov olduğu deyilən bir nəfərin dayanacaqda, bel çantası ilə oturduğu, daha sonra isə marşrut taksisinə mindiyi görünür.

Rusiya DİN Voronej idarəsinin məlumatına görə Dmitri Perov yanvarın 13-də 344-cü kəşfiyyat alayının dislokasiya yerini tərk edib.

Məlumatda bu da iddia olunur ki, o hərbi hissədən gedərkən özü ilə avtomat, beş daraq güllə və qumbara götürmüşdü.

112 adlı teleqram kanalının məlumatına görə Perov yanvarın 17-də Novouqlyanka kəndi, Mir küçəsindəki evinə girməyə çalışanda patrul onu görüb, amma hərbçi gizlənə bilib.

“Canlarını qurtarmaq” üçün

Rusiyadan gələn daha bir xəbərdə deyilir ki, Kalininqrad vilayətində səfərbərliyə alınmış 8 hərbi qulluqçu barəsində münaqişə dövründə silahla fərarilik ittihamı ilə cinayət işi açılıb.

Bu iş üzrə əsas təqsirləndirilən və təşkilatçılıqda şübhəli bilinən şəxsin kiçik serjant Yevgeni Kravçenkonun olduğu deyilir.

O Moskva şəhərindəki 235 nömrəli qarnizon hərbi məhkəməsinin qərarı ilə həbs olunub.

Bu iş üzrə digər fiqurantlar – yefreytor Dmitri Medvedev, matros Aleksandr Babenko, sıravilər Nikolay Kolmaçov, Aleksandr Yeliseyev, İqor Medvedev, Aleksandr BoqaçonokDenis Balaxin Çexov-4 hərbi şəhərçiyindəki hissənin komandirinin nəzarətindədirlər.

Şübhəlilərin müstəntiqlərə danışdıqlarına görə onları 2022-ci ilin 24 sentyabrında səfərbərliyə alıblar.

Bunun ardınca, noyabrın 12-də onları Ukraynanın Luhansk vilayətinin Qladkovo və Malaya Aleksandrovka kəndləri arasındakı səhra düşərgəsinə gətiriblər.

Orada onları yemək və hərbi forma vermədən səngər qazmağa və blindaj tikməyə məcbur ediblər.

Səfərbərlərin sözlərinə görə dekabrın sonlarında onlara bildirilib ki, ön cəbhə xəttinə göndəriləcəklər.

Şübhəlilər bundan sonra “canlarını qurtarmaq” üçün qaçmağa qərar veriblər.

Məqsədləri fərarilik olmayıb

Hərbi qulluqçular dekabrın 23-də azuqə və pal-paltar alaraq Lipetsk şəhərinə getmək üçün iki taksi sifariş ediblər.

Onlar Lipetskdə gecələdikdən sonra mikroavtobusla Podolsk şəhərinə gəliblər.

Bundan sonra qaçaqlar Moskva yaxınlığında polis idarəsinə gələrək könüllü şəkildə silahlarını – 4 Kalaşnikov avtomatını və 4 pilemyotu təhvil veriblər.

Norveçə sığınmış keçmiş "Vaqner" komandiri: ""Vaqner" öz muzdlularını güllələyirdi"
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

Serjant Kravçenkobnun vəkili Yevgeniya Saveskula deyir ki, səfərbərlər Podolsk marşrutunu təsadüfən seçiblər. Onların məqsədi cəbhədən uzaq, amma Moskvaya yaxın olmaq olub:

"Onların son məqsədi xüsusi əməliyyat zonasına göndərildikləri Kalininqrad şəhərinə çatmaq idi. Onlardan heç biri fərarilik etmək niyyətində olmayıb. Amma onlar həm də hazırlıq keçmədən döyüşə getmək istəməyiblər”.

Əgər təqsirləri isbat olunarsa, qaçaq hərbçiləri 5 ildən 15 ilədək həbsxana cəzası gözləyə bilər.

AzadlıqRadiosunun müxbirləri bildirirlər ki, Rusiyada dekabrın ortalarından fərarilik ittihamı ilə ilk hökmlərin verilməsinə başlanıb.

Müharibə dövrünün hökmləri

Sentyabrın 24-də Vladimir Putin səfərbərlik dövründə və silahlı münaqişə vəziyyətində törədilmiş cinayətlərə görə cəzaların sərtləşdirilməsini, habelə könüllü şəkildə əsir düşməyə və qarətçiliyə görə cinayət təqibinə başlanmasını nəzərdə tutan qanunu imzalayıb.

Bu qanuna görə hərbi hissənin 2 sutkadan 10 sutkayadək özbaşına tərk edilməsi üçün 5 il müddətinə azadlıqdan məhrumetmə (əvvəllər 1 il idi) cəzası nəzərdə tutulur.

Eyni hərəkət 10 sutkadan bir ay müddətinədək edilərsə cəza müddəti 7 il (bundan əvvəl 3 il idi) olaraq müəyyən edilir.

Hərbi hissənin özbaşına olaraq bir aydan çox müddətdə tərk edilməsi 5 ildən 10 ilədək (əvvəlki məcəllədə 5 il idi) həbsxana cəzası ilə nəticələnə bilər.

Bu da xəbər verilir ki, Putinin administrasiyası sentyabrda elan edilmiş qismən səfərbərliyin hazırda davam etməsini təsdiq edib.

Halbuki müdafiə naziri Sergey Şoyqu prezidentə səfərbərliyin noyabr ayında başa çatdığına dair məruzə etmişdi.

Rusiya məhkəmələri hazırda müharibə vaxtının qaydalarına uyğun olaraq hökmlər çıxarır.

Məsələn Çelyabinskdən olan müqaviləli hərbi qulluqçuya səfərbərlik dövründə xidmət yerinə gəlmədiyinə görə 5 il iş kəsilib.

Saratov şəhərindən olan başqa bir şəxs isə Ukrayna tərəfində döyüşmək cəhdinə görə 5 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG