Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:56

Polisdə təhqiqatçı düzəlməkdən ötrü 100 min, məhkumluğun götürülməsi 30 min...


Pul
Pul

Bakıdakı özəl klinikalardan birinin həkimi 235 min manatlıq dələduzluqda suçlanaraq 9 il 6 ay azadlıqdan məhrum edilib. 53-yaşlı Könül Abbasovanın bu pulu vəzifəyə düzəltmək, sənədi saxtalaşdırmaq adıyla aldığı iddia olunur. Söhbət polis orqanlarında təhqiqatçı və Bakının rayonlarından birinə rabitə qovşağına rəis təyin olunmaqdan gedir.

Abbasovaya 235 min manatı verdiyini deyən Rəfiqə Seyidova zərərçəkmiş statusunda tanınıb. Cinayət işinin materiallarına əsasən, o, oğlunu polisə təhqiqatçı, kürəkənini paytaxtın Nizami və ya Xətai rayonlarından birinin rabitə qovşağına (ATS) rəis vəzifəsinə təyin etdirməkdən ötrü hər birinə görə 100 min manat (ümumilikdə 200 min) pul verib. Seyidovanın sözlərinə görə, həyat yoldaşının əvvəllər məhkumluğu olub. Oğlunun daxili işlər orqanlarına işə düzəlməsində atasının məhkumluğu problem yarada bilərdi. Məhkumluğun olmaması haqda arayış alınıb sənədlərin arasına daxil edilməsi üçün 30 min manat verib. Seyidova iddia edir ki, 5 min manat da görəcəyi işə görə həkimin özünə çatacaqdı.

"Heç kimin pulunu yeməmişəm"

Abbasova özünü qismən təqsirli bilir. Deyir ki, Seyidovadan aldığı pulları Samir Hüseyngil adlı şəxsə verib. Həmin şəxs isə onu da, Seyidovanı da aldadıb. Onun sözlərinə görə, Hüseyngil nəinki Seyidovanın, hətta onun özünün də təxminən 50 min manat pulunu geri qaytarmayıb, vəd etdiyi işi həyata keçirməyib.

"Mən Samirlə Rəfiqə xanımı da görüşdürmüşəm, danışıblar. Mən heç kimin pulunu yeməmişəm...", – təqsirləndirilən həkim belə deyib.

Samir Hüseyngil də məhkəmədə şahid kimi dindirilib. Onun barəsində ayrıca cinayət işi başlanıb. O deyib ki, Abbasovadan bir neçə dəfəyə 135 min manat pul alıb. Hüseyngil iddia edir ki, bu pullar ona biznesə yatırmaq məqsədilə verilib.

Zərərçəkmiş Seyidova ilə görüşə gəlincə, Hüseyngil deyib ki, onunla Abbasovanın işlədiyi klinikada bir dəfə görüşüb. Orada Seyidova bir qohumunu rabitə sahəsində işə düzəltməyi xahiş edib: "Mən də dedim ki, maraqlanaram...".

Könül Abbasova bundan öncə də rüşvət ittihamıyla cinayət məsuliyyətinə cəlb olunub. 2022-ci ilin aprelində Lənkəran Ağır Cinayətlər Məhkəməsində bu ittihamla ona 8 il həbs cəzası kəsilib.

Yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsi onun haqqında yeni hökm çıxarıb. Onun əvvəlki cəzası da nəzərə alınaraq, üzərində yekun olaraq 9 il 6 ay həbs cəzası saxlanılıb.

Abbasova hökmdən apellyasiya şikayəti verəcəyini bildirib.

XS
SM
MD
LG