Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:48

İranda İslam inqilabı plakatlarına od vurulur


Etirazçı hökumətin təbliğat plakatına od vurur
Etirazçı hökumətin təbliğat plakatına od vurur

İranın paytaxt Tehran da daxil, bir neçə şəhərində etirazçılar 1979-cu il İslam inqilabının ildönümünə həsr olunmuş hökumət plakatlarına od vurublar.

Tehranın Ekbatan məhəlləsində isə etirazçılar pəncərələrdən və damlardan ali rəhbər ayətüllah Əli Xameneyiyə ölüm şüarları səsləndiriblər.

Eyni hərəkətlər Tehranın başqa yerlərində də müşahidə olunub.

Sosial şəbəkələrdə yayılmış bir neçə videoda adamların indiki ruhani üsul-idarənin qurulmasına yol açmış 1979-cu il inqilabına həsr olunmuş plakatları yandırdığı görünür.

İslam inqilabının ildönümü fevralın 11-də olacaq.

İranda sentyabrın ortalarında, deyilənə görə hicab qaydasını pozduğuna görə polisə aparılan gənc qadın Məhsa Əmini orada vəfat etdikdən sonra bu hadisə ilə bağlı başlanan etirazlar ölkəni bürüyüb.

Polis qadının xəstəliyinə görə vəfat etdiyini bildirsə də, etirazçılar və ailəsi Əmininin döyülərək öldürüldüyünü iddia edirdilər.

İnqilabdan bəri ən böyük etirazlar

Hazırkı küçə etirazları İranda 1979-cu il inqilabından bəri ən böyük həyəcan sayılır.

Ölkənin müxtəlif şəhərlərində qadınlar etiraz olaraq hicablarını atır, yandırır və saçlarını kəsirlər.

Fəalların HRANA agentliyi yanvarın 16-na olan məlumata görə etirazlar ərzində 71-i azyaşlı olmaqla azı 522 nəfərin öldüyünü bildirib.

Bu da xəbər verilir ki, ölənlərin 68 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Ölkədə etirazlarla bağlı 20 min nəfərin həbs olunduğu, bunlardan 100-ü barəsində edamla nəticələnə biləcək hökmlərin çıxarıldığı xəbər verilir.

Osloda mənzillənmiş İran İnsan Haqları Təşkilatı isə bildirir ki, İranda ötən il edam edilənlərin sayı 500 nəfərdən çox olub.

İran etirazlarda iştirakilə bağlı 4 nəfərin edam olunduğunu təsdiq edib.

XS
SM
MD
LG