Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:53

Ukraynada korrupsiya ilə mübarizə 'ölüm-dirim məsələsi'nə çevrilib


İllüstrativ foto
İllüstrativ foto

Ukraynada korrupsiya ilə mübarizə və güclü maqnatların imkanlarının məhdudlaşdırılması zərurəti hər il gündəmə gəlir. Ancaq çox keçməmiş bu söhbətlər yaz qarı kimi əriyib gedir. Bu gedişat ölkənin daxilindəki və xaricindəki islahat tərəfdarlarına çox tanışdır. Buna görə də bu mövzu bir daha gündəmə gələndə bəzi müşahidəçilərin ona skeptik yanaşması təəccüblü deyil. Onlar bunun şoudan başqa bir şey olmadığını düşünürlər.

Ancaq ekspertlər deyirlər ki, Rusiyanın Ukraynanı zorla işğal etmək cəhdləri fonunda hökumətin müstəqilliyin əldə edildiyi 1991-ci ildən bəri ölkənin inkişafına imkan verməyən bu problemlə ciddi məşğul olması ehtimalı həmişəkindən daha böyükdür.

Bəzi təhlilçilər bu məsələnin müharibənin özü qədər ölüm-dirim məsələsi olduğunu deyirlər.

Rusiyanın genişmiqyaslı hücuma başlamasından bir ilə yaxın vaxt keçib. ABŞ və Avropa Birliyi hər ay Ukraynaya özünü müdafiə etməsi üçün milyardlarla dollarlıq hərbi və maliyyə yardımı göstərir.

Müharibənin sonunun görünmədiyi, vəd edilən ümumi xarici yardımınsa 100 milyard dolları keçdiyi zamanda ABŞ və AB-də ged-gedə daha çox seçici və siyasətçi bu məbləğin həcmini sorğulamağa başlayıb.

Məmur yerdəyişməsi

Korrupsiyaya qarşı dözümlülük məsələsində fundamental dəyişiklik əlamətləri görünməyə başlayıb. Ötən ay Ukrayna hökuməti hərbi qida təchizatı sahəsində oğurluğu aşkarlamış media araşdırmasına dərhal reaksiya verərək bir neçə vəzifəli şəxsi işdən çıxarıb, bir neçəsi də vəzifəsini könüllü tərk edib.

Xəbər çıxandan bəri Zelenski beş region qubernatorunu, beş region prokurorunu, bir neçə nazir müavinini və Dövlət Vergi Xidmətinin sədri vəzifəsini icra edən şəxsi dəyişib. Bu, Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya hücuma başlamasından bəri ən böyük məmur yerdəyişməsidir.

Ukrayna hüquq-mühafizə orqanları zəngin işadamı İhor Kolomoyskini evində axtarış aparıb. Bir çox qərb rəsmisi Kolomoyskini dövlətlə “oliqarxları” bir-birinə bağlayan korrupsiya probleminin təcəssümü kimi görür.

Sürətli təkamülün başlanğıcı

Britaniyada fəaliyyət göstərən “Dragonfly Intelligence” şirkətinin baş təhlilçisi və “The Ukrainian Oligarchy After The Euromaidan” (“Ukraya oliqarxiyası Avromaydandan sonra”) kitabının müəllifi Deyvid Dalton (David Dalton) deyir ki, Ukrayna hökumətinin yüksək səviyyəli korrupsiya xəbərinə reaksiyasını görmək “böyük dəyişiklikdir”.

"Əvvəlki vaxtlarda buna bəlkə də əhəmiyyət verilməzdi. Bu, hökumət rejiminin müharibənin təsiri ilə … dərin və çox faydalı sürətli təkamülünün başlanğıcı ola bilər”, – Dalton AzadlıqRadiosuna deyib.

Ancaq o da başqa ekspertlər kimi korrupsiyaya qarşı mübarizənin "hələ institutlaşdırılmadığını və sonradan geri gedə biləcəyini” deyir.

Reznikov işdən çıxarıla bilərmi

Həftəlik “Dzerkalo Tıjnya” qəzeti yanvarın 21-də Müdafiə Nazirliyinin əsgərlər üçün ərzağı, o cümlədən yumurta və kartofu şişirdilmiş qiymətlərlə alması xəbərini dərc edib. Xəbər Ukraynada səs-küyə səbəb olub və hökumətin araşdırmaya başladığını elan etməsi ilə nəticələnib.

Bir neçə məmur işdən qovulub, müdafiə nazirinin müavini isə öz ərizəsi ilə işdən çıxıb.

Müdafiə Naziri Oleksiy Reznikov da işdən çıxarıla bilər. Zelenskinin “Sluqa naroda” (“Xalqın qulluqçusu”) partiyasının parlamentdəki fraksiyasının rəhbəri fevralın 5-də Reznikovun başqa nazirliyə keçiriləcəyini deyib. Ancaq növbəti gün o bu həftə hərbi qurumun rəhbərliyində heç bir dəyişikliyin gözlənmədiyini deyib.

Reznikov hər hansı yanlış davranışa yol verdiyini danaraq deyib ki, təchizat sisteminin islahata ehtiyacı var. Onun ordunun logistikasına rəhbərlik edən keçmiş müavini Vyaçeslav Şapovalov saxlanılıb və barəsində cinayət işi açılıb.

Araşdırılmayan işlər

Vəzifədən gedənlərdən biri də prezident idarəsi başçısının müavini Kırılo Tımoşenkodur. Regional siyasətə rəhbərlik edən Tımoşenko daha öncə Zelenskinin seçki kampaniyasında işləmişdi. Mediada onun bahalı maşınlardan istifadə etməsi haqda xəbərlər çıxmışdı.

Ekspertlər deyirlər ki, keçmişdə korrupsiya ilə mübarizə gündəmə gələndə araşdırma aparıldığı elan edilir, adamlar həbs olunur, ancaq iş sona çatdırılmırdı.

"Çoxlu korrupsiya faktları aşkarlanıb, ancaq çox vaxt hesabatlılıq olmayıb. Qalmaqallı işlər heç vaxt düz-əməlli araşdırılmır”, – Chatham House-dakı Ukrayna Forumunun direktoru Orısiya Lutsevıç AzadlıqRadiosuna deyib.

O bildirib ki, ukraynalıların həm iqtisadi, həm emosional baxımdan əziyyət çəkdiyi, Kiyevin xarici yardımdan çox asılı olduğu bu müharibə şəraitində Zelenski administrasiyasının “hərəkət imkanları məhduddur”. Ukrayna vətəndaşları və Qərb hökumətlərinin təzyiqi “indi daha güclüdür”. “Bu, sözün əsl mənasında ölüm-dirim məsələsidir”, – o deyir.

Siyasi həyatda qalma məsələsi

“Ukrainska Pravda” onlayn qəzetinin siyasi icmalçısı Roman Kravets deyir ki, bu həm də siyasi həyatda qalma məsələsidir.

Zelenskinin sələfi Petro Poroşenko 2019-cu ildəki seçki kampaniyası zamanı biznes partnyorunun oğlunun ordudan pul çəkməsi ittihamlarına cavab verməyə tələsmədi. Bu onun reytinqinə ciddi ziyan vurdu. Poroşenko seçkilərin ikinci turunda Zelenskiyə böyük faiz fərqi ilə uduzdu.

“Zelenski bu təcrübəni anlayır, o bunu yaşayıb və başqalarının neqativliyini öz üzərinə götürmək istəmir. …Zelenski və komandası cəmiyyətin ehtiyaclarını açıq-aydın başa düşür. Qəzəb çoxdur. İnsanlar bəzi ədalətsizliklərə kəskin reaksiya verirlər. Onlar da bütün hakimiyyətə nəzarəti risk altına atmamaq üçün ictimai fikri dinləməyə və cəld qərarlar verməyə başlayıblar”, – Kravets AzadlıqRadiosunun Ukrayna xidmətinə söyləyib.

Kiyevdəki Antikorrupsiya Fəaliyyəti Mərkəzinin hüquq məsləhətçisi Tetyana Şevçuk deyir ki, işdən çıxarmalar müsbət siqnal ötürsə də, məsələnin kökündə duran zəif institutlar problemini həll etmir.

"Bizə lazım olan sistematik islahatlar və bu islahatların bütövlüyüdür. Bəzilərini edirik, ancaq hələ də görüləsi çox iş var. …Mən ümid edirəm ki, qarşıdakı aylarda real araşdırma və təhqiqatlar aparılacaq, ancaq içimdəki skeptik deyir ki, bu sadəcə müvəqqəti bir şey də ola bilər”, - Şevçuk Azadlıq Radiosuna deyib.

XS
SM
MD
LG