Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:50

Avropa İttifaqı Gürcüstana rəsmi xəbərdarlıq etdi


Avropa İttifaqına üzv ölkələr Gürcüstan rəhbərliyinə keçmiş prezident Mixeil Saakaşvilinin səhhətinin ağırlaşması ilə bağlı rəsmi diplomatik xəbərdarlıq edib.

İttifaqın səfiri Pavel Herşinski fevralın 27-də jurnalistlərə deyib ki, 27 üzv ölkənin qəbul etdiyi diplomatik demarş Gürcüstanın ədliyyə nazirinə təqdim olunub.

Gürcüstan parlamentinin vitse-spikeri Giorgi Volski bildirib ki, Saakaşvilinin tərəfdarları “onun belə bir vəziyyətdə saxlanması, az qala girov götürülməsi və onun səhhəti” barədə yanlış təsəvvür yaradırlar.

Parlamentin nümayəndələri və Volski deyiblər ki, “reallıq” Avropa İttifaqında ciddi müzakirə edilməlidir.

Volski habelə demarşın Gürcüstan ədliyyəsinə mümkün təsiri barədə suala cavab verərkən Gürcüstan məhkəməsinin Saakaşvili barədə qərarlarını ədalətli adlandırıb.

55 yaşlı Saakaşvili ötən həftə demişdi ki, onun qətl edilməsi üçün rəsmilərin geniş planı hazırlanıb.

O “bu cinayətkar dəstənin şər niyyətinin” qarşısının alınmasına çağırmışdı:

"Biz hazırda mənim qətlim üçün keçirilən xüsusi əməliyyatın son mərhələsindəyik və bu qəsddə “millət vəkilləri”, “jurnalistlər”, indi isə klinikanın özü iştirak edir. Mən Gürcüstana və dünyaya müraciət edirəm. Bu cinayətkar dəstənin şər niyyətlərinin həyata keçməsinə yol verməyin”.

Macarıstanın qəribə mövqeyi

Gürcüstanın insan haqları ombudsmanı tərəfindən tərtib edilmiş həkim komissiyasının başçısı Giorgi Qriqolia fevralın 27-də bildirib ki, əvvəllər çəkisi 115 kiloqram olan Saakaşvili hazırda 64 kilodur və arıqlamaqda davam edir.

Polşanın baş naziri Mateuş Moravetski demişdi ki, onun ölkəsi Ukrayna vətəndaşı olan Saakaşvilini müalicə üçün qəbul etməyə hazırdır.

Onun bu müraciətini Macarıstandan başqa bütün Aİ üzvləri dəstəkləmişdilər.

Avropa diplomatları bildirirlər ki, hazırda Budapeştin də razılıq verməsi üçün danışıqlar aparılır.

Gürcüstanın millət vəkilləri Saakaşvilinin əfv edilməsi üçün prezident Salome Zurabişviliyə müraciət etmişdilər.

Bundan əvvəl

Keçmiş prezident sağlamlıq durumunun son dərəcə ağır olması və lazımi müalicədən məhrum edilməsi barədə dəfələrlə bəyanatlar verib.

Bundan əvvəl Tbilisidə keçirilən məhkəmə Saakaşvilinin cəza çəkməsinin təxirə salınması və ona Avropa klinikalarından birində müalicə olunmaq imkanı verilməsinə dair vəsatəti rədd edib.

Hakim Giorgi Arevadze deyib ki, 15 dinləmə zamanı gətirilən arqumentlər sözü gedən vəsatəti əsaslandıra bilməyib.

Bu məhkəmə qərarından sonra tərəfdarları tərəfindən yayılan bəyanatda deyilirdi ki, Saakaşvili bu qərarı onun üçün “ölüm hökmü” adlandırıb.

Xatırlatma

2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Saakaşvili vəzifə səlahiyyətlərinin aşılması ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Müxalifət bu ittihamın siyasi motivli olduğunu bildirir.

Saakaşvilinin müalicə həkimləri bildiriblər ki, 2021-ci ilin oktyabrında həbsxanaya salınandan bəri onun səhhəti kəskin pisləşib.

Dekabrın əvvəllərində Saakaşvilinin vəkilləri onun səhhəti barədə tibbi arayış yaymışdılar.

Bu arayışda keçmiş prezidentin ağır metallarla “zəhərləndiyi” iddia olunur və onun xaricdə müalicə edilməzsə ölə biləcəyinə dair xəbərdarlıq edilirdi.

Lakin Gürcüstan rəsmiləri onun öz səhhətinə bilərəkdən ziyan vurduğunu və azad olunmaq məqsədilə özünü xəstəliyə qoyduğunu deyirlər.

XS
SM
MD
LG