Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:44

Türkmənistanda qadınlara 3 dollar bayrampulu verilib


Qadınlar zərfləri alınlarına aparırdılar
Qadınlar zərfləri alınlarına aparırdılar

Türkmənistanda Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirlərdə avtoritar hakimiyyətdən kiçik hədiyyələr alan qadınlar və qızlar zərfləri minnətdarlıq və hörmət əlaməti olaraq alınlarına aparırdılar.

Dövlət televiziyasının lentə aldığı bu tədbirlərdə bu qaydaya sərt şəkildə əməl olunub. Bunu AzadlıqRadiosunun türkmən xidmətinin müxbirləri bildirir.

Lebap vilayətində bir tədbirdə başlarını çalmaya oxşar formada bağlamış qadınlara deyilib ki, onu aşağı salsınlar, daha qadınların dövlət mərasimlərində belə baş geyimi qəbul edilmir.

Bu mərasimdə nağd pul verilən qadınlar isə fiziki görünüşlərinə görə cərgələrdə oturdulublar, daha gözəl sayılanlar ön cərgədə əyləşiblər.

Lebapda başqa bir mərasimin iştirakçısı AzadlıqRadiosuna deyib ki, oxuduğu təhsil ocağında bu mərasimlər yalnız şou üçün keçirilib.

Belə ki, onlara verilən zərflər boş imiş, tədbir iştirakçılarına isə mərasimdən sonra 60 manatlıq (qara bazar məzənnəsi ilə 3 dollarlıq) hədiyyələr verilib.

“Qadın iştirakçılar bütün bunların mənasız olduğunu bilirdilər, amma prosedura əməl etməyə məcbur idilər”, – anonimlik şərtilə danışan qadın söyləyib.

Türkmənistanda da digər postsovet ölkələrində olduğu kimi martın 8-i rəsmi bayramdır. Ancaq türkmənistanlı qadınlar bu il öncəki illərə baxanda daha az şeydən zövq alırlar.

Berdiməhəmmədov hakimiyyətə gələndən sonra...

Martın 19-da Sərdar Berdiməhəmmədovun prezident postuna keçməsinin bir ili tamam olur. O, atası Qurbanqulu Berdiməhəmmədovu 15 ildən sonra həmin vəzifədə əvəzləyib.

Son bir ildə ölkədə qadınlara qadağalar artıb.

“Sərt repressiyanın hökm sürdüyü sistemdə qadınlar və qızlar cəmiyyətin ən çox gözümçıxdıya salınan üzvləridir”, – Avropada yerləşən “Avrasiya üçün Azadlıq” qeyri-kommersiya təşkilatının sədri Leyla Nazgül Seitbek deyir.

“Oğul Berdiməhəmmədovun hakimiyyətə gəlməsiylə qadınlara və qızlara qarşı seksist repressiya xüsusilə qəddar səviyyəyə keçib”, – hüquq müdafiəçisi sözlərinə əlavə edib.

2022-ci ilin yazında AzadlıqRadiosu qadınlara qarşı bir sıra elan olunmamış məhdudiyyətlər haqda yazıb. Belə ki, kişi sürücülərin şəxsi maşınlara qohumları olmayan qadınları mindirməsi yasaqlanıb. Qadınların kosmetik əməliyyat etdirməsinə, gözəllik salonlarında bir sıra xidmətlərə qadağa qoyulub. Bu salonların çoxu bağlanıb.

Yüngülləşdirilən bəzi qadağalar

Ötən il qadınların maşında ön oturacaqda oturmasının yasaqlanması xəbərləri də gəlib. AzadlıqRadiosunun müxbirləri onlarla belə hal barədə məlumat veriblər.

Xarici media yazandan, nə qədər nadir hal sayılsa da, bəzən qadınların özlərinin etirazından sonra bəzi məhdudiyyətlərin yüngülləşdirildiyi bildirilir.

Bu aydan bəzi gözəllik salonları yenidən açılıb. Ancaq dodaq dolğusu, sinə implantı, tatu, saçın qırxılması kimi kosmetik dəyişikliklərdən söhbət gedə bilməz.

AzadlıqRadiosunun Balkan vilayətindəki müxbirinin bu ay verdiyi xəbərə görə, ötən il azı 11 həkim botoks və dodaq dolğusu xidmətlərinə görə həbs olunub. Müştərilərin guya infeksiyalar, allergik reaksiyalardan şikayətləndiyi iddia olunur.

Bu arada Marı və Lebap vilayətlərində gizli xidmətlərə görə qiymətlərin qalxdığı bildirilir. Bədən epilyasiya prosedurları iki dəfə bahalanaraq 300 manata ($15) yüksəlib.

BMT qurumlarının işi

BMT-nin İnsan Haqları Ofisi bu ayın əvvəlində Türkmənistanla informasiya mübadiləsini yayıb və gender bərabərliyinin nəzərdən keçirilən hüquqlardan biri olduğunu bildirib.

Türkmənistanın BMT qurumundakı nümayəndə heyəti bildirib ki, “gender bərabərliyi sosial və iqtisadi inkişaf üzrə bütün milli proqramlarda əks olunub”, “məcburi abort və işdə seksual qısnamaların cəzalandırılması üçün” cinayət məcəlləsinə dəyişiklik edilib.

Nümayəndə heyəti qadın sürücülərə qadağaları “vəsiqəsiz sürən qadın sürücülərin sayının artmasıyla bağlı yol polisindən gələn informasiya ilə” əsaslandırıb.

Ölkənin dövlət mediası seksual qısnama və məişət zorakılığı kimi problemlərdən danışmır. Yəni, bu məsələlər Türkmənistanda ictimai şəkildə müzakirə olunmur.

Sorğuya salınmayan məsələlər

Ancaq ötən il BMT-nin Əhali Fondunun dəstəyi ilə keçirilmiş rəy sorğusunun nəticələri maraq doğurub. 3 min 500 ev təsərrüfatı üzrə sorğuda əhalinin 16 faizi intim partnyorunun hansısa formada pis rəftarına, 12 faiz isə fiziki və seksual zorakılığa məruz qaldığını deyib.

“Saglyk” vebsaytının təsisçisi Aynabat Yaylımova isə bu rəqəmlərin “sual doğurduğunu” deyir. Belə ki, onun fikrincə, qayınanaların gəlinlərlə pis rəftarı kimi məsələlər sorğuya salınmayıb.

Türkmənistanda doğulmuş, hazırda Birləşmiş Ştatlarda yaşayan Yaylımova qeyd edir ki, bir çox inkişaf qurumları öz passivliklərindən dolayı hökumət təbliğatıyla “əlbir olurlar”. Hökumətsə qadınları analar, bacılar, “milli dəyərlərin qoruyucuları” kimi təqdim edir.

“Hazırda 20, 30 yaşlarında olan yeni nəsil qadınların və qızların cəmiyyətdəki rolu haqda alternativ narrativ eşitməyib. Buradakı problem də budur – alternativ fikrin olmaması”, – Yaylımova AzadlıqRadiosuna deyib.

Türkmənistanda bir qisim qadına verilmiş bayram puluna isə cəmi 3 kiloqram ucuz şirniyyat almaq olar. Ölkə cilovlanmayan inflyasiyadan əziyyət çəkir.

XS
SM
MD
LG