Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:58

‘Rusiyalılar Baxmutu tutsalar, əllərinə xarabalıq keçəcək’


Baxmut yaxınlığı, 7 mart, 2023-cü il
Baxmut yaxınlığı, 7 mart, 2023-cü il

Ötən ilin avqustundan bəri Rusiya ordusu və Vaqner qrupunun əsgərləri ukraynalıların müdafiə xəttini yarmaq üçün Baxmutun üzərinə I Dünya müharibəsi tərzində çox sayda piyada hücumları gerçəkləşdirib.

Bu döyüşlər Ukraynanın Xarkov və Xerson istiqamətlərində irəliləməsindən sonra bir müddət səngisə də, dekabrdan yenidən intensivləşib. Hazırda Rusiya ordusu Baxmutu üç tərəfdən mühasirəyə alıb. Ukraynanın mühasirədəki qoşunlarının çıxa bilməsi üçün yalnız bir əsas yol açıq qalıb.

Artıq Rusiyanın hücumunun yeddinci, yaxud səkkizinci həftəsidir. Yaxın günlərdə şəhər tamamilə Rusiya qoşunlarının əlinə keçə bilər.

Rusiya Baxmutu ələ keçirərsə, nə baş verər?

Hərbi ekspertlər və Ukraynadakı döyüşləri yaxından izləyənlər üçün Baxmutun simvolik əhəmiyyəti onun strateji əhəmiyyətindən qat-qat çoxdur. Baxmutka çayının sahilində, Luhansk bölgəsinin inzibati sərhədinin cəmi 20 kilometrliyində yerləşən Baxmutun müharibədən öncəki əhalisi 70 min nəfərə yaxın idi. Şəhər əsasən qazlı şərabları və duz mədənləri ilə tanınırdı.

Açıq düzənlikdə və bir neçə iri yolun qovşağında yerləşən şəhər nisbətən yüksək ərazilərlə əhatə olunub.

Bu yüksəklik fərqi şəhəri raket atəşləri qarşısında həssas duruma salır. Yolayrıcı olması isə onun canlı qüvvə və hərbi avadanlığın daşınması baxımından əhəmiyyətini artırır.

"İntuisiyam mənə deyir ki, biz onu qoruyub saxlaya bilərik. Hə, bu çox çətindir. Hə, davamlı düşmən hücumlarına duruş gətirmək çətindir. Hə, şəhərə çıxış çətindir. Ancaq əlavə əsgərlər gəlir, sursat gəlir, yaralılar çıxarılır”, – Ukraynanın 5-ci Hücum Briqadasının əsgəri Yuri Sırotyuk deyir.

“Başqa mövqe yox idi”

Ukrayna rəsmiləri, ilk növbədə Prezident Volodimir Zelenski Baxmutun müdafiəsinin davam edəcəyini bildirib.

Ali Baş komandan General Valeri Zalyujni və digər komandirlər "müdafiə əməliyyatlarının davam etdirilməsini və Baxmutdakı mövqelərimizin daha da möhkəmləndirilməsi fikrini dəstəkləyiblər”, –Zelenskinin ofisi martın 6-da bəyanatında bildirib.

Zelenski həmin gün gecə videomüraciətində bu haqda daha çox danışıb:

"Komandanlıq çəkilməmək qərarını yekdilliklə dəstəkləyib. Başqa mövqe yox idi”.

Qərb rəsmiləri isə məsələyə daha ehtiyatlı yanaşırlar.

"Mən Ukrayna əsgərləri və liderlərinin Baxmutun müdafiəsində göstərdikləri nəhəng səyləri kiçiltmək istəmirəm. Ancaq düşünürəm ki, onun simvolik dəyəri strateji və operativ dəyərindən çoxdur. Ona görə də Baxmutun süqutu heç də Rusiyanın bu döyüşün gedişini dəyişməsi demək olmayacaq”, – ABŞ-nin Müdafiə naziri Lloyd Ostin (Lloyd Austin) martın 6-da deyib.

"Rusiyalılar bu məqsəd naminə nəhəng insani və maddi resurslar xərclədiyindən tezliklə vəziyyət ukraynalıların geri çəkilməsini zəruri edə bilər”, – Avstraliya Ordusunun keçmiş general-mayoru və Rusiyanın hərbi doktrinası üzrə təhlilçi Mik Rayan (Mick Ryan) öz şərhində yazıb.

Nisbət 1:1-dir

Hərbi təhlilçilər deyirlər ki, Rusiyanın tədricən şəhəri şimal, şərq və qərb istiqamətlərindən mühasirəyə alaraq irəliləməsi çox ağır itkilər bahasına başa gəlib. Öncəki aylar bəzi hesablamalara görə, öldürülən və yaralanan hər Ukrayna əsgərinə 6-7 ölən və yaralanan Rusiya əsgəri düşürdü. Adı çəkilməyən NATO rəsmiləri CNN-də bu hesablamalara haqq qazandırıblar.

"Prinsip etibarilə düşmənin taktikası dəyişməz qalıb. Onlar Ukrayna müdafiəçilərinin mövqelərinə hücum etmək üçün sıra-sıra canlı ət göndərirlər”, – 1-ci Xüsusi Təyinatlı Briqadanın sözçüsü Taras Berezovets “Nastoyaşeye Vremya”ya deyib.

Ekspertlər hazırda Ukrayna və Rusiya əsgərləri arasındakı bu nisbətin 1:1 olduğunu deyirlər.

Baxmutun işğalı Ukraynanın silsilə qələbələri fonunda rusiyalılara lovğalanmaq üçün səbəb verəcək. Ukraynanın qələbələri isə Rusiya ordusundakı sistem problemlərini qabardaraq dünyanın gözü qarşısına sərib.

“Baxmutu ələ keçirmək rusiyalıların son atışıdır”

Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu martın 7-də Baxmutun tutulmasının Donetsk bölgəsində yeni hücuma başlamaq baxımından vacib olacağını deyib.

Rusiya tərəfində canlı itkilərin çox hissəsi Vaqner qrupu və zəif təlim görmüş yeni səfərbər olunmuş əsgərlərin payına düşür. Vaqner qrupu əsgərlərinin əksəriyyətini həbsxanalardakı dustaqlar arasından cəlb edib və bunun qarşılığında onlara cəza müddətlərinin azaldılmasını vəd edib.

Qərb rəsmiləri Vaqner qrupuna 50 minədək məhbusun yazıldığını və onların demək olar hamısının Baxmut cəbhəsinə göndərildiyini bildirir.

Ukrayna ordusunun şərq qrupunun sözçüsü polkovnik Serhiy Çerevatı AzadlıqRadiosunun Ukrayna xidmətinə deyib ki, Baxmutu ələ keçirmək rusiyalıların “son atışıdır”. "Onlar ən azı hər hansı bir lokal qələbə əldə etmək istəyirlər”, – o deyib.

Priqojinin iddia və bəyanatları

Vaqnerin yaradıcısı Yevgeni Priqojin azı iki dəfə qoşunlarının Baxmutu tutduğunu iddia edib. O həmçinin açıq bildirib ki, onun qoşunlarının məqsədi Ukrayna əsgərlərini əldən salmaqdır.

Müharibə gedişində siyasi yüksəliş əldə edən Priqojin Baxmut döyüşlərindən Müdafiə Nazirliyinin başına vurmaq üçün toppuz kimi yararlanır. Bu onların arasında çoxdankı ədavətin bir hissəsidir.

Ukrayna və Qərb rəsmiləri isə Baxmuta hücum edən Vaqner dəstələrinin tərkibinin dəyişdiyini, döyüşlərə daha peşəkar əsgərlərin gətirildiyini deyirlər.

Son həftələr müttəfiqləri Şoyqu və Rusiya Baş Qərarhah Rəisi general Valeri Gerasimova qarşı çıxan Priqojin Vaqner üçün nəzərdə tutulan sursatın qəsdən ixtisara salındığını iddia edib.

"Reallıq bundan ibarətdir ki, ruslar Baxmutu tutsalar, əllərinə xarabalıq keçəcək. Bu, strateji əhəmiyyəti minimal olan, işğalçı qoşunları dəstəkləmək üçün demək olar heç bir infrastrukturu olmayan bir şəhərdir. Rusların bu şəhərin tutulmasına bu qədər resurs xərcləməsi onların müharibədəki zəif strategiyaları haqda çox şey deyir”, – Rayan söyləyir.

XS
SM
MD
LG