Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:20

Baxmutda döyüşlər davam edir


Ukraynalı əsgərlər Baxmut yaxınlığında
Ukraynalı əsgərlər Baxmut yaxınlığında

Ukrayna qüvvələrinin Baxmut şəhərinə Rusiyanın yeni hücum dalğasını dəf etdiyi bildirilir. Şərqi Donetsk vilayətində yerləşən bu şəhər uğrunda aylardır döyüşlər davam edir, hər iki tərəf ağır itkilər verir.

Rusiya qüvvələri şəhəri mühasirəyə almaq üçün 102 hücum gerçəkləşdiriblər. Məlumatı martın 10-da Silahlı Qüvvələrin Baş Qərargahı gündəlik bülletenində açıqlayıb.

Ordu Donetskin digər yerlərində də ağır döyüşlərin getdiyini, Liman, Avdiyevka, Şaxtarsk şəhərlərinin diqqət mərkəzində olduğunu bildirir.

Dinc sakinlərdən qalxan kimi istifadə olunur

Qonşu Luhansk vilayətində yerləşən Rubijnidə isə rusiyalıların dinc sakinlərdən insan qalxanları kimi istifadə etdiyi vurğulanır.

“Düşmən öz heyətini yaşayış məhəllələrinə yerləşdirməklə dinc əhalinin arxasında gizlənir. İşğalçı qüvvələrin əsgərləri binaların birinci və ikinci mərtəbələrinə yerləşdirilir, dinc sakinlər yuxarıda yaşamağa davam edir”, – Baş Qərargah qeyd edir.

Rusiyanın Ukrayna ərazisinə son zərbələri nəticəsində azı 9 dinc sakin həlak olub, elektrik infrastrukturuna ziyan dəyib. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı dinc sakinlərə qarşı terrordan istifadədə suçlayıb.

Rusiya isə fevralın ortasından bəri Ukraynada mülki hədəflərə ilk böyük hücum dalğasının ötən həftə Ukrayna ilə həmsərhəd Bryansk vilayətinə “terror hücumu”na cavab adlandırıb.

Kiyev həmin hücumda əli olmadığını, Moskvanın Ukraynaya yeni hücumların təşkili üçün bəhanə hazırladığını deyir.

Hipersonik raketlər atılıb

Rusiya 9 mart hücumlarında hipersonik Kinjal (Xəncər) raketlərindən istifadə olunduğunu təsdiqləyib.

“İşğalçılar dinc sakinləri yalnız terrorizə edə bilər. Edə bildikləri ancaq budur. Ancaq onlara köməyi dəyməyəcək. Onlar elədikləri hər bir şey üçün məsuliyyətdən qaça bilməyəcəklər”, – Zelenski hücumlardan sonra deyib. Həmin hücumlar ölkə boyunca elektrikin kəsilməsinə səbəb olub.

Rusiya dinc sakinləri hədəfə almasını dəfələrlə təkzib etsə də, bunun əksini göstərən xeyli dəlil var.

Zaporojyedə yerləşən, Avropanın ən böyük nüvə enerjisi stansiyası ölkənin elektrik şəbəkəsindən müvəqqəti ayrılıb. Ukraynanın “Ukrenerho” elektrik şəbəkəsi operatoru günortadan sonra enerji verilişinin bərpa olunduğunu bildirib.

Ağ evin sözçüsü Oliviya Dalton deyib ki, “Ukraynada mülki infrastruktura bu qəddar, əsaslandırılmamış hücumları görmək məhvedicidir”. O, Birləşmiş Ştatların Kiyevi havadan müdafiə sistemləri ilə təchiz etməyə davam edəcəyini vurğulayıb.

XS
SM
MD
LG