Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:47

Türkiyə Rusiyanın S-400 raket kompleksindən imtina edir?


S-400-ün birinci dəsti Türkiyəyə belə gətirilmişdi
S-400-ün birinci dəsti Türkiyəyə belə gətirilmişdi

Türkiyənin bundan sonra öz ərazisini qorumaq üçün Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə (HHM) sisteminə ehtiyacı olmaya bilər.

Bloomberg agentliyi Türkiyə hərbi sənaye kompleksinin vəzifəli rəsmisinə istinadən yazır ki, ölkə artıq öz hərbi ehtiyaclarını özü ödəmək yolunu seçib.

Türkiyənin Aselsan müdafiə şirkətinin rəhbəri Haluk Görgün deyib ki, Türkiyə hazırda özünün Siper (Sipər) adlı antiraket sisteminin yaradılması üzərində işləyir.

Onun sözlərinə görə bu sistem ilk sınaqlarda 100 kilometrlik məsafədə olan hədəfləri dəqiqliklə vura bilib:

"Biz HHM sistemləri yaradırıq. Bizə nə S-300, nə də S-400-lər lazım deyil. Biz onlara olan ehtiyacımızı aradan qaldırırıq. Bu bizim vəzifəmizdir”.

Siper HHM sistemini Aselsan, Roketsan şirkətləri və SAGE institutu birlikdə işləyib hazırlayıblar.

Güngör daha sonra deyib:

“Bu təkcə raket atışı sistemi deyil. Bu həm rabitə sistemi, daim işləyən radar, atəşin idarə olunması mərkəzi deməkdir. Bura “öz-özgə” tanıma sistemi də daxildir. Bu, uzaqmənzilli HHM-dir”.

İşlənməsinə 2018-ci ildə başlanmış Siper sistemi ordunun ixtiyarına elə bu il verilməlidir.

Rəhbəri belə cəsarətli siyasi bəyanat səsləndirən Aselsan Türkiyə müdafiə sənayesinin ən ambisiyalı layihələrində iştirak edir.

Bu layihələrə adi dronlardan tutmuş döyüş təyyarələri və gəmilərinədək ən müxtəlif silahlar daxildir.

Səbəb, yoxsa bəhanə?

Ankara 2017-ci ildə Moskva ilə S-400 sisteminin iki dəstinin alınması barədə saziş imzalayandan sonra Vaşinqton onun üzərinə sanksiyalar qoyub.

Türkiyə isə gileylənirdi ki, ABŞ və NATO-dan hələ bundan əvvəl də HHM sistemlərini, tank mühərriklərini, döyüş təyyarələri, helikopter və dronları ala bilmirdi.

ABŞ Ankara Rusiyadan S-400 sistemi aldıqdan sonra Türkiyəni ən təkmil F-35 qırıcıları layihəsindən xaric edib.

Əslində, Türkiyə Rusiyadan bu silahı alan ilk NATO üzvü idi.

Ankara Vaşinqtonu sanksiyaları ləğv etməyə və Konqresi isə ona F-16 təyyarələrinin satışına icazə verməyə çağırır.

Prezident Co Bayden F-16 qırıcılarının Türkiyəyə satılmasının tərəfdarıdır və bu barədə Konqresə yazılı müraciət edib.

Bu arada Türkiyənin Aydınlık saytı məlumatlı mənbələrə istinadən yazır ki, Ankara Moskvadan S-400 zenit-raket kompleksinin ikinci dəstinin alınması prosesini dondurub.

Saytın yazdığına görə buna səbəb, yeri gəlmişkən, hər iki dəstə aid olan kontraktda S-400 sisteminin üçüncü ölkələrə satışına icazə verilməməsidir.

Bu məlumatın milli müdafiə naziri Hulusi Akarın ofisi tərəfindən də təsdiqləndiyi qeyd olunur.

Cazibəli təklif

Ankara 2017-ci ildə Moskva ilə S-400 raketlərinin ümumi dəyəri 2.5 milyard dollara olan iki alayının (bir alaya 6 raket kompleksi daxildir) alınması haqqında saziş imzalamışdı.

Birinci dəst 2019-cu ildə Türkiyəyə birbaşa satış qaydası ilə gətirilib. İkinci dəstə aid saziş maddəsinə isə texnologiyalar mübadiləsi, müştərək istehsal və proqram təminatının inteqrasiyası daxil olmalıdır.

Saytın yazdığına görə Rusiya bütün bu bəndlərə müsbət cavab versə də, Ankara sazişin ikinci hissəsinin icrasını ləngidir.

Bu da qeyd olunur ki, ABŞ Türkiyənin Rusiyadan aldığı S-400 kompleksini Ukraynaya verməsini, əvəzində Ankaranın üzərindəki sanksiyaların qaldırılmasını və onun F-35 proqramına qaytarılmasını təklif etmişdi.

Ekspertlər bildirirlər ki, silah alqı-satqısı barədə beynəlxalq müqavilələrdə üçüncü ölkələrə satışın qadağanı adi praktikadır, amma indi bəzi məlumatlara görə Ankara məhz bu qadağanın qaldırılmasını istəyir.

Aviasiya ekspertləri Türkiyənin öz milli istehsalı barədə deyilənlərin bir qədər şişirdildiyini düşünürlər.

Aydınlık saytına danışan aviasiya ekspertlərindən biri deyib ki, Türkiyənin yerli istehsalının inkişaf etməsinə baxmayaraq onun hələki S-400 səviyyəsində HHM sistemi yoxdur.

Onun sözlərinə görə milli sistem olan Siper 100 kilometr məsafəni vurursa, S-400-lər 400 kilometri vura bilir.

XS
SM
MD
LG