Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:57

‘Dəstəmizdən təkcə mən sağ qalmışam’. ‘Ət maşını’ndan salamat çıxanlar


Ukraynalı hərbçilər Vuhledarda
Ukraynalı hərbçilər Vuhledarda

Fevralın sonlarında Altay regionunun Volçixa qəsəbəsində yaşayan İvan səfərbər olunaraq Ukraynaya göndərilən dostu Andreydən zəng gəlib.

"O zəngi heç vaxt unutmaram. İlk dəfə idi onun belə titrəyən səsini eşidirdim: ‘Özüm də bilmirəm necə sağ çıxdım. Dəstəmizdə təkcə mən sağ qalmışam’. Yetkin yaşda kişi 10 dəqiqəyə yaxın hönkürə-hönkürə yoldaşlarının gözü qarşısında öldürüldüyünü danışdı, bəzilərinin cəmi 20 yaşı var imiş”, – İvan danışır.

120 kilometrlik cəbhə xətti

Artıq bir neçə aydır ki, Ukraynanın Donbas bölgəsində iki tərəf arasında intensiv səngər döyüşləri gedir. Döyüş xəttinin uzunluğu 120 kilometrdən artıqdır. Cəbhə xətti üzərindəki Baxmut, Avdiyevka və Mayinka kimi yaşayış məntəqələrinin adları artıq bütün dünyada tanınır. Rusiyanın Vaqner özəl hərbi şirkətinin muzdlu döyüşçülərini cəlb etdiyi bu döyüşlər I Dünya müharibəsindəki amansız qanlı qarşıdurmaları xatırladır. Hətta Vaqner-in qurucusu, Kremlə bağlı biznesmen Yevgeni Priqojin də Baxmut hücumunu “ət maşını” adlandırıb.

Rusiya hökuməti müharibə zonasından gələn xəbərlərə sərt məhdudiyyət qoyur. Ancaq səfərbər olunmuş Rusiya əsgərləri və onların Rusiyadakı dost-tanışlarının verdiyi məlumatlar yayılmağa başlayıb. Bu xəbərlər pis təlim görmüş, zəif təchiz olunmuş əsgərlərin Ukrayna mövqelərinə hücuma göndərilərək kütləvi məhv olması mənzərəsini formalaşdırır. Rusiya hökuməti müharibəyə qarşı çıxanları təqib etdiyindən AzadlıqRadiosu bu xəbərdə haqqında söhbət gedən şəxslərin kimliyini gizlədib.

Cüzi təlimdən sonra cəbhəyə

Moskva 2022-ci ilin fevralından bəri cəmi 6 min hərbçisinin öldüyünü etiraf edib. Ancaq real rəqəmlərin bundan qat-qat üstün olduğu bildirilir. Qərb təhlilçiləri Rusiyanın canlı qüvvəsi arasında ölən və yaralananların ümumi sayının 200 min nəfərə yaxın olduğunu deyirlər.

İvan dostu Andreylə söhbətin detalları haqda açıq danışmazdan öncə tərəddüd etdiyini deyir. Ancaq o, son nəticədə sakit durmağın mənası olmadığını anlayıb.

32 yaşlı Andrey 2022-ci ilin payızında, Prezident Vladimir Putinin hərbi səfərbərlik elanından az sonra orduya çağırılıb. O on il bundan öncə Rusiya ordusunda hərbi xidmətdə olub.

İvanın dediyinə görə, Andrey səfərbər olunandan sonra ilk üç ayını Sibirin qərbində, Omsk şəhərindəki hərbi bazada keçirib. Cüzi hazırlığın ardınca onun hərbi birliyini Rusiyanın işğal etdiyi Krıma “ərazi müdafiəsinə”, cəmi bir aydan sonra tez-tələsik Ukraynanın cənubuna, qismən işğal edilmiş Zaporojye bölgəsinə göndəriblər.

Kimsə şikayət edəndə dəyənəklə vururlar

Fevralın sonlarında isə onları hamının “ət maşını” adlandırdığı Vuhledara yollayıblar. “155-ci dəniz piyadaları briqadası orada sözün həqiqi mənasında biçilib”, – İvan deyir. Onun sözlərinə görə, Vuhledarda onların real müdafiəsi olmayıb. Əsgərlər də çox vaxt onlara hansı tərəfin atəş açdığını da bilməyiblər.

Andrey məhz bu döyüşdən sonra İvana zəng vurub.

"Onun dediklərindən belə başa düşdüm ki, komandirləri üçün insanlar ətdən başqa bir şey deyil. Onlara belə deyirdilər: “Yaxşı gedirsiniz”, “Düşməni əzirsiniz”, ancaq əslində onlardan öz əsgərlərinin qarşısını örtmək üçün istifadə edirdilər. Kimsə nəsə soruşanda və ya şikayət edəndə dəyənəklə üzündən vurub yenidən hücuma göndərirdilər”, – İvan bildirir.

Həmin zəngdən sonra Andreyin olduğu dəstəni Donetsk şəhəri yaxınlığında Avdeyevkada daha intensiv döyüşə göndəriblər. Bundan sonra İvan 10 gün ondan xəbər tuta bilməyib.

Ukraynanın bu kəndi 14 dəfə əldən-ələ keçib
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

“Hamısı ölüb”

"Martın 13-ü birbaşa cəbhədən zəng vurdu. Zəng cəmi yeddi dəqiqə çəkdi. Həyatımda heç vaxt heç kimin səsində bu qədər qorxu hiss etməmişdim. Deyirdi 'mənim briqadam sadəcə artıq mövcud deyil – hamısı ölüb'”, – İvan danışır.

"Uşaqlar sadəcə əllərində tüfənglə hücuma göndərilirdi. Onları heç bir atəş qorumurdu. Tibbi yardım yox idi. Çoxu qayğının olmamasından öldü. Yaralı əsgərlər döyüş meydanında buraxılırdı. Ancaq yüngül yaralananlara kömək edirdilər. Komandirlər hər hansı ağır silahları itirməkdən qorxurdular. Əsgərləri silahların lüləsi ilə hücuma məcbur edirdilər. Zabitlər açıq deyirdilər ki, siz bizim üçün sadəcə ətsiniz, başqa heç nə. “Sizə vəd edilən medal və güzəştləri unuda bilərsiniz. Siz sadəcə mövcud deyilsiniz””, – o deyir.

Andrey Rusiya əsgərlərinin tez-tez öz artilleriyalarının atəşinə məruz qaldığını da söyləyib:

"Cəbhə xətləri çox yaxındır – 100-150 metr. Mən ancaq güman edə bilərəm ki, artilleriyaçılar yenicə səfərbər olunmuş, silahlardan necə istifadə edəcəklərini bilməyən uşaqlardır. Ya da atəşi yönləndirlənlərin özləri real təcrübəsi olmayan, yeni səfərbərlər olub. Ancaq burada dəqiq nəsə düzgün deyil”.

300 nəfərdən 3-ü sağ qalıb

Martın ortalarında Andrey yenidən İvana zəng vurub. O deyib ki, onunla Omska göndərilən 300 adamdan cəmi 3-ü sağ qalıb. İvan Andreyin sözlərini yadında qaldığı kimi təkrarlayıb: “Mən bura vətənimi qorumaq üçün gəlmişəm. Ancaq elə çıxır ki, mən sadəcə xarici ölkədə ölürəm. Mənimlə gələn uşaqlar da xarici torpaqda Allah bilir nə üçün ölüblər”.

İvanın sözlərinə görə, Andrey ona orada hər şeyin “başdan-ayağa fəlakət” olduğunu və bundan sonra daha vuruşmaq istəmədiyini deyib.

"Dedi ki, döyüşməkdən imtina edəndən sonra başına nə gələcəyini bilmir”, – İvan bildirir.

Altay regionunun Volçixa qəsəbəsində isə Andreyin həyat yoldaşı, azyaşlı uşağı və anası onu gözləyir. Həyat yoldaşı AzadlıqRadiosuna yerli hərbi komissarlığa müntəzəm müraciət edərək ərinin hərbi dəstəsi haqda məlumat istədiyini deyib. Ona dəfələrlə ərinin olduğu dəstənin Rusiya ordusunun nəzarətindəki ərazilərdə xidmət etdiyini deyiblər.

XS
SM
MD
LG