Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:25

Paşinyan: 'Laçın yoluna yalnız Rusiya nəzarət edə bilər'


Laçın dəhlizində sərhəd-buraxılış məntəqəsi
Laçın dəhlizində sərhəd-buraxılış məntəqəsi

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi və Azərbaycan arasında Qarabağa görə artmaqda olan gərginliyin azaldılması üçün problemə daha geniş beynəlxalq müdaxiləyə çağırıb.

Bundan bir gün əvvəl Rusiya Qarabağdakı sülhməramlı kontingentinin komandanını dəyişib.

Aprelin 27-də hökumət müşavirəsində çıxış edən Paşinyan Azərbaycanı Laçın yolunda buraxılış nəzarət məntəqəsi qurmaqla Şuşa rayonunun dörd kəndini tam blokadaya salmaqda ittiham edib.

Yerevan bundan əvvəl də Bakını Qarabağla Ermənistanı birləşdirən yeganə yol – Laçın dəhlizini bağlamaqla gərginliyi artırmaqda ittiham edirdi.

Bakı mövqeyini əsaslandırır

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib ki, buraxılış nəzarət məntəqəsinin qurulması Ermənistanın Laçın yolundan silah-sursat daşınması və başqa qanunsuz məqsədlər üçün istifadə etməsinə cavab addımı olub.

Bakı iddia edir ki, yolun dekabrın 12-dən blokadada olması “ekofəalların” etiraz aksiyasına görədir. Azərbaycan bu fəalların tələblərinin tam qanuni olduğunda israr edir.

Azərbaycan bunu da vurğulayır ki, Laçın dəhlizi əslində tam bağlanmayıb və mülki əhali və humanitar yüklər, o cümlədən ərzaq üçün açıq qalır. Ermənistan Azərbaycanın bu iddialarını əsassız saydığını bildirir.

Yerevan beynəlxalq məhkəməyə şikayət edib

Paşinyan Azərbaycanı habelə Qarabağın özündə humanitar böhranı dərinləşdirməkdə ittiham edib.

O bildirib ki, bu, təkcə Ermənistanın yox, həm də beynəlxalq birliyin problemidir.

Paşinyan əlavə edib ki, Laçın dəhlizinə Rusiya Federasiyasından başqa heç kim nəzarət etməməlidir.

Bu arada Fransanın xarici işlər naziri Katerin Kolonna Cənubi Qafqazda gərginliyin azaldılması istiqamətində danışıqlar aparmaq üçün Azərbaycana gəlib.

Ermənistan Azərbaycanın Laçın dəhlizində post qurması ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edib.

AŞPA həmməruzəçiləri Laçın dəhlizi ilə bağlı tərəflərə çağırış etdi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Laçın dəhlizi boyunca sərbəst hərəkəti bərpa etməklə bağlı çağırışı yenidən səsləndiriblər.

Azərbaycan üzrə həmməruzəçilər Yan Liddell-Qreynger (Ian Liddell-Granger) və Lise Christoffersen (Lise Kristofersen), Ermənistanın monitorinqi üzrə həmməruzəçilər Kimmo Kilyunen (Kimmo Kiljunen) və Boriana Oberqin (Boriana Åberg) aprelin 26-da bəyanatla çıxış ediblər.

Bir qrup azərbaycanlı fəal ötən ilin dekabrından Laçın-Xankəndi yolundu ekoloji tələblərlə etiraz aksiyası keçirir. Ermənistan və Qarabağdakı separatçılar Qarabağın blokadaya salındığını desə də, rəsmi Bakı isə yolun humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Ermənistan BƏM-ə müraciət edəcəyini bildirib

Həmməruzəçilər ötən il dekabrın 16-da oxşar çağırışla çıxış ediblər. Dünənki bəyanatda Avropa İnsan Hüquqları Məhkəməsinin ötən ilin dekabrında və Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) bu ilin fevralında verdiyi qərar xatırladılır. Sonuncu qərarda Azərbaycana Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün tədbirləri görməklə bağlı çağırış yer almışdı.

Bəyanatda qeyd olunur ki, Ermənistan aprelin 23-də Laçın dəhlizi boyunca keçid məntəqəsinin quraşdırılması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) müraciət edəcəyini bildirib.

Azərbaycan Dövlət Sərhəd Xidməti aprelin 23-də Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu bəyan edib.

Danışıqlar çətinləşdirilməsin

Həmməruzəçilər Azərbaycan və Ermənistanı Avropa İttifaqının (Aİ) dəstəklədiyi yüksək səviyyəli danışıq səylərini çətinləşdirəcək hər hansı birtərəfli addımlardan çəkinməyə çağırır. “Biz sərhəd məsələləri üzrə danışıqları intensivləşdirməyə və bütün mübahisələrin sülh yolu ilə həllinə çağırırıq”, – bəyanatda vurğulanır.

AŞPA həmməruzəçisi Pol Qavan (Paul Gavan) da vəziyyətlə yerindəcə tanış olmaq üçün Laçın dəhlizinə çıxış əldə etməyə çalışıb, məlumatda deyilir.

Azərbaycan 2020-ci ildə, 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG