Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:03

İranda hicab xəbərdarlığı edən mülki geyimli xəfiyyələr peyda olub


Tehran metrosunda
Tehran metrosunda

İrandan gələn xəbərlərdə deyilir ki, mülki geyimli xəfiyyələr paytaxt Tehran boyunca ictimai yerlərdə gəzib dolaşaraq qadınlara icbari hicab qaydasına riayət etmələrinə dair xəbərdarlıq edirlər.

Şahidlərin dediyinə görə İslam Respublikasının geyim məcəlləsinə uyğun sadə geyinmiş qadın və kişi xəfiyyələri bir çox yerlərdə görmək mümkündür.

Tehran Şəhər Teatrının yaxınlığında da belə xəfiyyələrin gözə dəydiyi xəbər verilir.

Aprelin 27-də sosial mediada yayılan fotolarda bu xəfiyyələrin Tehranın mərkəzi Ekbatan məhəlləsindəki Mega Mall ticarət mərkəzinə daxil olduqları görünür.

Burada xəfiyyələr hicabsız qadınlara “şifahi” xəbərdarlıq edirdilər.

Hicabsızların sayı durmadan artır

Xəbər verilir ki, sosial media saytlarında yayılan foto və videolardan müxtəlif yaşlarda olan qadınların hicabsız gəzdikləri görünür.

Müşahidəçilərin fikrincə Tehran küçələrində hökumətin mülki geyimli xəfiyyələrinin artması da bununla bağlıdır.

Son vaxtlarda dərc olunmuş videolarda da qadınların hicabsız görünmələrinə görə hakimiyyət nümayəndələri ilə ictimaiyyət arasında müxtəlif mübahisələrin yarandığı görünür.

Qadınların hicaba belə güclü müqaviməti ilə bacarmayan hakimiyyət orqanları hicab qaydasının pozulduğu kafe və restoranları bağlayır.

İcbari hicab qaydaları barədə belə “şifahi xəbərdarlıq” tədbirindən əvvəl rəsmilər bildirmişdilər ki, qadınların bu qaydalara “gərginlik” yaratmadan əməl etməsi üçün daha “ağıllı üsullardan” istifadə olunacaq.

Bəzi xəbərlərə görə polis qaydanı pozan qadınların müəyyən edilməsi üçün şəhərlərin müxtəlif yerlərində gizli kameralar quraşdırır.

Qanun yox, Xomeyninin fətvası

İranda qadınların hicablanması 1979-ci ildən ayətüllah Ruhulla Xomeyninin fətvası ilə məcburi elan edilib.

Buna baxmayaraq o vaxt qadınların hicablanmasını icbari edən heç bir rəsmi qanun qəbul olunmayıb.

Həmin vaxtdan bəri İranda qadınlar hicab qaydasına ən müxtəlif formalarda müqavimət göstərirlər.

Lakin ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmini polis idarəsində öldükdən sonra hicaba qarşı müqavimət əsl hərəkata çevrilib.

Ölkəni bürümüş antihökumət aksiyalarında qadınlar hicablarını açır və etiraz olaraq yandırırlar.

Bu aksiyalarda dini hakimiyyətin devrilməsinə çağırışlar edilir.

Hicaba etiraz edən tələbələr ölkə boyunca universitetlərdə dərsləri boykot edir və müxtəlif aksiyalar keçirirlər.

XS
SM
MD
LG