Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:34

Mirziyoyevi 2040-dək hakimiyyətdə saxlayacaq Konstitusiya qəbul edildi


Özbəkistan prezidenti Şavkat Mirziyoyev
Özbəkistan prezidenti Şavkat Mirziyoyev

Özbəkistanda ötən bazar günü keçirilmiş referendumda ölkə Konstitusiyasına düzəlişlər qəbul olunub.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının mayın 1-də verdiyi məlumata görə Əsas qanunun islah edilməsinə seçicilərin 90 faizindən çoxu səs verib.

Əleyhinə səs verənlər 9 faizdən bir qədər çox olub. Referendumda elektoratın 84 faizi iştirak edib.

Qəbul edilmiş düzəlişlərdən biri də prezidentlik müddətini 5 ildən 7 ilə artırır.

Bu düzəlişlərə uyğun olaraq 2016-cı ildən ölkə prezidenti olan Şavkat Mirziyoyevin bundan əvvəlki prezidentlik müddəti “sıfırlanır” və o 2040-cı ilədək prezident kürsüsündə qalmaq imkanı qazanır. 2040-da Mirziyoyevin 84 yaşı olacaq.

Düzəlişlərə görə habelə prezidentin səlahiyyətləri genişləndirilir.

ATƏT tənqid edir

ATƏT müşahidəçiləri bildiriblər ki, referendumda real müxalifətin iştirakı olmayıb və buna görə də yeni Konstitusiyanın hamının iradəsini təmsil etdiyini demək olmaz.

Müşahidəçilərin fikrincə referendum texniki baxımdan yaxşı təşkil olunsa da, səsvermə əsl siyasi plüralizm və rəqabət şəraitində keçməyib.

Yeni Konstitusiyada Özbəkistanın sosial, hüquqi və dünyəvi dövlət olması təsbit edilir.

Bundan əvvəlki konstitusiyada bu müddəalar yox idi.

Dəyişikliklərə görə Senat üzvlərinin sayı 100-dən 65-ə endirilməlidir. Qanunda ölüm cəzası qadağan olunur.

Yeni Konstitusiya habelə ölkə vətəndaşının başqa bir dövlətə təslim edilməsini qadağan edir.

Vətəndaşların hüquqları

Konstitusiyanın yeni redaksiyasına görə dövlət vətəndaşları minimum əməkhaqqı, yaşayış sahəsi, tibbi yardım, habelə internetə sərbəst girişlə təmin etməlidir.

Yeni Konstitusiyada qadın və kişilərin bərabər hüquqlara malik olduqları vurğular və uşaq əməyi qadağan olunur.

Özbəkistan hökuməti referendumu etibarlı elan edib.

MSK sədrinin müavini Baxrom Kuçkarov deyib ki, bir sıra məntəqələrdə ümumi nəticəyə təsiri olmayan qanun pozuntuları olub.

O deyib ki, bəzi yerlərdə seçici siyahıları gec asılıb və gözdən əlil olanlar üçün Brayl əlifbalı bülletenlər verilməyib.

Özbəkistanın ilk Konstitusiyası 1992-ci ilin 8 dekabrında qəbul olunub.

O vaxtdan bəri Konstitusiyaya 15 dəfə müxtəlif dəyişikliklər edilib.

Qaraqalpaqıstan hüquqlarını saxladı

Hazırkı referendumun keçirilməsi üçün təşəbbüsü prezident Mirziyoyev verib.

Referendum hələ ötən il keçirilməli idi, lakin buna Qaraqalpaqıstanda baş vermiş etiraz aksiyaları mane olub.

O vaxt təklif olunan düzəlişlərdə Qarqalpaqıstan Respublikasının muxtariyyəti əhəmiyyətli dərəcədə məhdudlaşdırılmalı idi.

Özbəkistan rəsmiləri bildirirlər ki, ötən iyul ayında muxtar respublikada baş vermiş etirazlar zamanı 21 nəfər həlak olub.

Etiraz aksiyaları ötən il iyulun 1-də başlamışdı. Aksiyaçılar Özbəkistan Konstitusiyasına düzəliş təkliflərinə qarşı çıxış edirdilər.

Bu təkliflərdən birinə görə Qaraqalpaqıstanın referendum əsasında Özbəkistandan ayrılmaq hüququna dair maddə Konstitusiyadan çıxarılmalı idi.

Lakin etirazların ardınca baş vermiş iğtişaşlarda azı 18 nəfər öldükdən 4 gün sonra Özbəkistan prezidenti Şavkat Mirziyoyev sözü gedən təklifi geri götürməli olmuşdu.

XS
SM
MD
LG