Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:51

Yuan Çinin xarici ticarətində dolları üstələyir, amma...


Çinin milli valyutası yuan bu ölkənin xarici ticarətində mart ayında ilk dəfə olaraq ABŞ dollarını üstələyib.

Ekspertlər qeyd edirlər ki, bu Pekinin yuanı beynəlxalq valyuta etmək yolunda əhəmiyyətli irəliləyişidir.

Xəbər verilir ki, mart ayında Çinin xarici ticarətində 549 milyard dollarlıq alış-veriş yuanla edilib.

Fevral ayında bu göstərici 434.5 milyard dollar idi.

Bundan başqa yuandan Çinin bütün xarici tranşlarında istifadə 48.4 faiz təşkil edib. Reuters agentliyinin hesablamasına görə ABŞ dollarının payı fevral ayındakı 48.6 faizdən 46.7 faizə düşüb.

Rusiya sanksiyalarına görə

Bir çox ekspertlərin fikrincə Çinin dollardan istifadəni mümkün olduğu qədər məhdudlaşdırmasından əsas məqsəd qlobal enerji bazarında əsas oyunçulardan biri olan Rusiyaya qarşı Qərb sanksiyalarının ziyanını azaltmaqdır.

Qeyd olunur ki, Hindistan hökuməti də eyni məqsədlə dollardan kənarlaşmağa və daha çox Hindistan rupisindən və Rusiya rublundan istifadəyə çalışır.

Rusiya isə bu proseslərdən siyasi divident götürməyə çalışır. Rusiya prezidenti Vladimir Putin ölkənin xarici ticarətində daha çox yuandan istifadə olunmasını təklif edib.

Onun fikrincə Rusiya yuandan təkcə Çinlə yox, başqa ölkələrlə, xüsusilə də Afrika və Cənubi Amerika ölkələri ilə ticarətdə də istifadə etməlidir.

Son məlumatlar göstərir ki, Rusiya Bankı bu istiqamətdə artıq praktik addımlar atmağa başlayıb.

Rusiyanın xarici ticarətində hazırda yuanın payı dollar və avrodan çoxdur.

Bir sıra başqa ölkələr də

Bir sıra ölkələr də yuandan istifadəni genişləndirməyə çalışırlar.

Argentina bildirib ki, Çindən idxal üçün ödənişlərini yuanla etməyə hazırdır.

Bu da qeyd olunur ki, Argentina aprel ayında yuandan istifadə ilə Çindən 1 milyard dollarlıq mal almalı idi.

Ölkə bundan sonra Çindən hər ay idxal üçün 790 milyon dollarlıq ödənişi yuanla edəcək.

Braziliya da artıq Çinlə ticarətdə yuandan istifadəyə başlayıb. Çin Brazilyanın əsas, Argentinanın isə ikinci böyük ticarət partnyorudur.

Ötən ay Hindistanın qonşusu Banqladeş nüvə elektrik stansiyasının tikintisi üçün ödənişi yuanla etmək qərarına gəlib.

Banqladeş Rupur stansiyası üçün lazım olan 110 milyon dolları ödəməkdə çətinlik çəkir və bu səbəbdən yuandan istifadəyə qərar verib.

Dollar elə dollardır

Lakin belə sabit yüksəlişinə baxmayaraq yuanın qlobal ticarətdəki payı xeyli azdır.

SWIFT beynəlxalq tranş və ödəmə sisteminin məlumatına görə yuandan qlobal ticarətdə istifadə mart ayında 4.5 faizə yüksəlib, halbuki elə həmin dövrdə dolların payı 83.71 faiz olub.

Elə Hindistan hökuməti də banklara və ticarət şirkətlərinə Rusiyadan idxal üçün yuandan istifadə etməməyi tapşırıb.

Hökumət bildirib ki, Rusiyadan idxal üçün yuandan yox, Birləşmiş Ərəb Əmirliklərinin dirhəmindən istifadə olunacaq.

Citigroup və Goldman Sachs kimi qlobal maliyyə təsisatları proqnoz veriblər ki, 2030-cu ilədək yuan beynəlxalq ticarətdə istifadə olunan üçüncü valyuta olacaq.

Çin hökuməti Sinqapurda, Londonda, Parisdə, Honq Konq və Lüksemburqda qlobal yuan bazarı yaradıb.

Ölkə 2009 və 2020-ci illər arasında, Avropa İttifaqı da daxil 41 valyuta mübadiləsi sazişi imlzalayıb.

Ekspertlərin fikrincə, buna baxmayaraq yuanın beynəlxalqlaşması uzun prosesdir və geosiyasi çətinliklərlə üzləşəcək.

XS
SM
MD
LG