Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:52

Avropa İttifaqının 1 milyard dollarlıq malları Rusiyada ‘yoxa çıxıb’


Qazaxıstan-Rusiya sərhədi
Qazaxıstan-Rusiya sərhədi

2022-ci ildə Avropa İttifaqı ölkələrindən Ermənistan, Qazaxıstan və Qırğızıstana göndərilmiş 1 milyard dollarlıq mal Rusiya ərazisindən tranzit zamanı “yoxa çıxıb”.

Financial Times qəzeti bu hadisəni “xəlvəti ticarət” adlandırır.

Açıq mənbələrin məlumatlarına görə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan sonra Avropa İttifaqından Rusiya ərazisinə “tranzit” adı ilə 2 milyard dollarlıq mal gətirilib.

Qəzet yazır ki, Avropa İttifaqından Rusiya ərazisinə “xəlvəti ticarət” sxemi ilə gətirilmiş malların dəyəri göstərildiyindən qat-qat çoxdur.

Sözü gedən Avropa İttifaqı mallarının rəsmi alıcısı Ermənistan, Qazaxıstan və Qırğızıstandakı şirkətlərdir.

FT yazır ki, Rusiya Aİ-nin gömrük bəyannamələrində saxta təyinat məntəqələri göstərməklə sanksiyalardan yan keçə bilib.

Beləliklə də, Rusiyaya ixracı qadağan edilmiş mallar, o cümlədən təyyarələr üçün ehtiyat hissələri, optik avadanlıq və qaz turbinləri tranzit adı ilə birbaşa Rusiya ərazisinə gətirilib.

Cavabı bəlli sual

Estoniyanın sanksiyalar naziri Erki Kodar bu barədə deyib:

"Bu mallar hara getməli idi ki? Bu ölkələrə bu mallar niyə məhz indi lazım olub? İndi regionda bu mallara kimin ən çox ehtiyacı var? Əlbəttə, Rusiyanın”.

Qəzet yazır ki, bu qanunsuz ticarətin çox böyük hissəsi Baltik ölkələrinin ərazisi ilə həyata keçirilir.

Eyni zamanda Rusiya ilə qonşu və ona qarşı sanksiyalara qoşulmayan ölkələrdə bəzi kateqoriyadan olan malların idxalı kəskin artıb.

Belə ehtimal edilir ki, bu mallar sonradan Rusiyaya ötürülüb.

Avropa İttifaqı dəfələrlə bəyan edib ki, Rusiyaya dolanbac yollarla sanksiyalı malların çatdırılması ilə mübarizə aparacaq.

Məsələn bu ay Aİ ikili təyinatlı malların Rusiya ərazisi ilə tranzitini qadağan edib.

“Sadə riyaziyyat”

Aİ-nin Rusiyaya qarşı sanksiyalarının 11-ci paketində Rusiya ərazisinə üçüncü ölkələr vasitəsilə çatan malların ixracına qadağanın olacağı gözlənilir.

Bu sanksiya paketində bir çox bəndlər sanksiyalı malların Rusiyaya çatdırılmasına imkan verən dəlmə-deşiklərin bağlanmasını nəzərdə tutur.

Euromonitor International strateji tədqiqatlar mərkəzi Aİ-nin statistika qurumu Avrostata istinadla bildirir ki, Rusiyaya qarşı sanksiyalar irəli sürüləndən bəri, daha dəqiq deyilərsə 2022-ci ilin martından noyabrınadək Aİ-dən Rusiyaya ixracat 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 47 faiz azalıb.

Amma eyni zamanda elə həmin dövrdə Aİ-nin Rusiya ilə qonşu ölkələrə - Belarusa, Ermənistana, Qazaxıstana, Gürcüstana, Özbəkistan və Qırğızıstana ixracı 48 faiz artıb.

Bloomberg agentliyi yazır ki, indi Aİ və G7 qrupunun əsas diqqəti Rusiyanın sanksiyalardan yayınma yollarına yönələcək.

Bu isə Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən üçüncü ölkələrə nəzarətin sərtləşəcəyi və diplomatik təzyiqin artacağı deməkdir.

XS
SM
MD
LG