Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:24

Aİ-nin Ermənistandakı səfiri: 'Ümid edirik ki, hər iki tərəf qoşunlarını çıxaracaq'


Laçın dəhlizi
Laçın dəhlizi

Separatçılar Şarl Mişeldən narazı qalıblar

Xankəndidəki separatçı rejimin başçıları Avropa İttifaqı Şurasının sədri Şarl Mişeli kəskin tənqid ediblər.

Bəyanatda deyilir ki, “ayrı-ayrı ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin Artsax (Qarabağ-red) xalqının taleyi barədə qərarlar qəbul etmək haqqı yoxdur”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə separatçılar Avropa İttifaqı rəhbərliyinin “Qarabağ xalqının qanuni hüquq və maraqlarını görməzliyə vurmaqda davam etməsindən” narazıdırlar.

Separatçılar habelə Şarl Mişelin bəyanatında “Laçın dəhlizinin 5 aydır davam edən blokadasından, Azərbaycanın Laçın yolunda buraxılış-yoxlanış postu qoymasından” söz açılmamasından narazı qalıblar:

“Bu fakt onu göstərir ki, Avropa Şurasının sədri Azərbaycanın Artsax (Qarabağ-red) xalqının iztirablarından siyasi alət kimi istifadə etməsinə nəinki mane olmur, hətta əslində bunu təqdir edir”.

86 min 600 kvadrat kilometr

Azatutyun yazır ki, separatçılar Şarl Mişelin bəyanatını tənqid etsələr də, Nikol Paşinyanın Azərbaycanın Qarabağ da daxil 86 min 600 kvadrat kilometrlik ərazisini tanımasından danışmırlar.

“Qarabağ parlamentinin deputatı” kimi təqdim olunan Artur Arutyunyan Azatutyunun bu sualına cavab verərkən deyib ki, rəsmi Yerevanın heç bir sənədində Azərbaycanın 86 min 600 kvadrat kilometrlik ərazisinin tanınmasından heç bir söhbət getmir.

Arutyunyan Mişelin yalnız ərazi bütövlüyündən danışmasını, millətlərin öz müqəddəratını təyinetmə hüququ barədə susmasını tənqid edib:

“Bu Şarl Mişelin bəyanatında olub. Amma mən Ermənistan XİN-in və ya Ermənistan Respublikasının heç bir sənədində 86 min 600 kvadrat kilometr söhbətini görməmişəm”.

***

Mayın 14-də Brüsseldəki danışıqlardan sonra Avropa Şurasının prezidenti Şarl Mişel bəyan edib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımaq öhdəliyini bir daha təsdiqləyiblər.

Ermənistan Xarici işlər nazirinin müavini Paruyr Ovannisyan mayın 15-də deyib ki, 1991-ci ildə imzalanmış, Sovet İttifaqı dağılmarkən mövcud olan sərhədlərlə bağlı Alma-Ata Bəyannaməsindən söhbət gedir.

“Azatutyun” radiosunun Azərbaycanın qoşunları çıxarıb-çıxarmayacağı ilə bağlı sualına nazir müavini öz ehtimalını dilə gətirib: “Bu ideya həmkarlarımızın yanında müzakirə olunub. Təkcə Avropa İttifaqı deyil, həm də Amerika Birləşmiş Ştatları ilə birlikdə. Və artıq bu sərhədlərin tanınması, əlbəttə ki, belə bir çəkilməni nəzərdə tutur”.

Bu arada Aİ-nin Ermənistandakı səfiri Andrea Viktorin də eyni suala cavab verərək tərəflər arasında bərabərlik işarəsi qoyub: “Biz razılığa gəlməyin son dərəcə vacib olduğunu başa düşürük və ümid edirik ki, hər iki tərəf qoşunlarını çıxaracaq və hamı delimitasiya və demarkasiya işlərinə keçəcək”.

“Azatutyun” Ermənistan hakimiyyətinə istinadla yazır ki, Azərbaycan 2021-ci ildən başlayaraq Ermənistanın suveren ərazisinin bir hissəsini, 139 kvadrat kilometr ərazini işğal edib.

Azərbaycan isə bu iddiaları rədd edir, sərhədləri dəqiqləşdirdiyini bildirir.

“Bu, Brüssel ifadəsi idi”

Viktorin Ermənistana eyni müraciətlə nə demək istəməsi haqda suala cavabında səfir deyib:

“Aydın qeyd olundu ki, Ermənistan qoşunlarının sərhədyanı ərazilərdə olduğu bir-iki nöqtədə çox dəqiq delimitasiya və demarkasiya aparılmalıdır. Bu, Brüssel ifadəsi idi, sadəcə təkrar edirəm. Qrafikə gəlincə, bu, danışıqlardan asılıdır. Ümid edirəm ki, dünənki iclasda müzakirə olunan bütün məsələlər yenidən cızıldı və bir sıra məsələlər başqa səviyyələrdə də müzakirə olunacaq. Ümid edirəm ki, biz tezliklə keyfiyyətcə həll yoluna gələcəyik və bu, həm də qoşunların çıxarılmasını nəzərdə tutan ərazi bütövlüyünə hörmətə gətirib çıxaracaq”.

Aİ səfiri bu məqamların nədən ibarət olduğunu və hansı ərazilərdən danışdıqlarını açıqlamayıb. “Ayrıntılarla tanış deyiləm, bu haqda danışıqlardan eşitmişəm”, – səfir bildirib.

Aİ səfirinin mətbuat konfransında iştirak edən xarici işlər nazirinin müavini Paruyr Ovannisyan da bu suala dəqiq cavab verməyib. O, Viktorinin Birinci Qarabağ müharibəsini nəzərdə tutduğunu söyləyib: “Görünür, bu qəbul edilmiş formatdır: həmişə hər iki tərəfə müraciət etmək. Amma burada hər kəsə aydındır ki, bu müddət ərzində Ermənistan ərazisindən qoşunların çıxarılmasından söhbət gedir”.

“Zəngəzur dəhlizi” ideyası

“Azatutyun” radiosunun Brüssel danışıqlarında Yerevanın rədd etdiyi “Zəngəzur dəhlizi” ideyasını Azərbaycan Prezidenti İlham Əliyevin yenidən irəli sürməsi ilə bağlı digər sualına cavab verən xarici işlər nazirinin müavini vurğulayıb ki, dəhliz məntiqindən söhbət getməyib. Brüsseldə kommunikasiya və iqtisadi marşrutların açılması məsələsində irəliləyişdən danışan Avropa İttifaqı Şurasının prezidenti Azərbaycan prezidentinin dəhliz tələbindən imtina edib-etmədiyini dəqiqləşdirməyib.

“Tərəfdaşlarımız artıq bu termindən istifadə etmirlər. Vasitəçilərin mövqeyinin nədən ibarət olduğu isə artıq bəlli idi”, – Ovannisyan bildirib.

Şarl Mişel mayın 14-də mediaya bildirib ki, liderlər iki ölkənin ərazi bütövlüyünə birmənalı sadiq olduqlarını təsdiq ediblər və sərhədin son delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq. Mişel tərəflərin regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlik müzakirələrdə aydın irəliləyişin əldə edildiyi vurğulayıb.

Bu həftə iki ölkənin xarici işlər nazirləri Moskvada görüşməlidir. İyunun əvvəlində və iyulda isə liderlərin Kişinyovda, daha sonra Brüsseldə bir araya gələcəyi gözlənilir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb.

XS
SM
MD
LG