Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:34

Ermənistan parlamentində yenə qarışıqlıq oldu


Ermənistan Milli Məclisi, 24 may 2023
Ermənistan Milli Məclisi, 24 may 2023

Ermənistan Milli Məclisində mayın 24-də keçirilən iclasda deputatlar arasında qarışıqlıq olub.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, bu iclasda Kassasiya Məhkəməsinə hakimlərin seçilməsi müzakirə olunurdu.

Keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasından deputat Artur Sarkisyan hakimliyə namizəd Armen Danielyanı onun hüququnu pozmaqda ittiham edib.

Deputat iddia edib ki, o 2021-ci ilin 15 noyabrında həbs edilərkən danışmasına imkan verilməyib:

“Siz bugün bu tribunada dayanıb fəxrlə deyirsiniz ki, bütün qərarlarınızı qanun çərçivəsində qəbul etmisiniz. Deməliyəm ki, siz qanunsuz qərarlar qəbul etmisiniz. Buna sübut mənim həbsim barədə qanunsuz qərarınızdır. Mən çox düşünmüşəm ki, siz mənə niyə o vaxt danışmaq imkanı verməmisiniz, çünki mənim gözlərimin içinə baxıb məni həbs etməyə kişiliyiniz çatmayıb”.

Çıxışın bu məqamında parlamentin spikeri Alen Simonyan deputatı “ədəbli” olmağa dəvət edib və deyib ki, “kişilik standartları Milli Məclisdə müəyyən edilmir”.

Artur Sarkisyan çıxışın sonunda hakimliyə namizədə üz tutub: “Mənim gözümün içinə bax və mən çıxıb gedim”.

Onun bu sözlərindən sonra deputatlar arasında çəkişmə başlanıb. Spiker mühafizəyə Sarkisyanın zaldan çıxarılması üçün göstəriş verib.

Sarkisyan niyə həbs edilmişdi?

Artur Sarkisyan 2016-cı ildə vəzifə saxtakarlığında və səlahiyyətlərini aşmaqda ittiham olunurdu.

43 yaşlı Sarkisyan və eləcə də Syunik vilayətinin başqa vəzifəliləri Nikol Paşinyanı və onun hökumətini 2020-ci il müharibəsindəki məğlubiyyətə görə ittiham edirdilər.

Bu məsələ üzrə Sisyan rayonunun və Syunikdəki bir sıra başqa yaşayış məntəqələrinin rəhbərlərinə qarşı hazırda müxtəlif cinayət işləri qaldırılıb.

Artur Sarkisyan 2021-ci ilin növbədənkənar parlament seçkisi zamanı, hələ mandatını almazdan əvvəl həbs olunmuşdu.

Bundan sonra o deputat toxunulmazlığı ilə bağlı Konstitusiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb.

XS
SM
MD
LG