Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:39

Dünyanın Ərdoğandan gözləntisi – Qərb mediası


Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, onun avtoritarizmə söykənən islahatlarını dəyişmək istəyən rəqibini məğlub edərək daha beş illik hakimiyyət dönəmi qazandı. Mayın 28-də prezident seçkisinin ikinci turunda Ərdoğan 52 faizdən çox, rəqibi Kamal Kılıcdaroğlu isə 48 faizə yaxın səs yığıb.

“The Associated Press” yazır ki, Ərdoğan yaşam xərclərini yüksəltmiş inflyasiya ilə mübarizə aparmalı, azı 50 min nəfərin həyatına son qoymuş zəlzələ zonasında bərpa işlərinə başçılıq etməlidir.

Ərdoğan növbəti prezidentlik dönəmində NATO-nun digər üzvləri ilə alyansın gələcəyi, eləcə də Ukraynadakı müharibəylə bağlı daha incə davranmalı olacaq.

Bu arada qərb liderlərinin təbrikləri də Türkiyənin və Ərdoğanın qlobal siyasətdə artan rolunu göstərir, agentlik qeyd edir. Qərb siyasətçiləri illərlə davam edən, bəzən gərginləşən münasibətlərə baxmayaraq, Ərdoğanla işləməyə hazır olduqlarını bildiriblər.

İsveçin NATO-ya üzvlük niyyətinin açarı Türkiyənin əlindədir. Hərbi alyans Rusiyaya qarşı güclənməyə çalışır. Ukraynadan taxıl ixracını davam etdirməklə qlobal ərzaq böhranını qarşısının alınması da əsas məsələlər sayılır.

Oyunun qaydaları dəyişə bilər

Vaşinqtonda yerləşən Xarici Əlaqələr Şurasının aparıcı əməkdaşı Stiven A. Kuk (Steven A. Cook) agentliyə deyib ki, ABŞ-dan tələbləri olan Türkiyə İsveçin NATO-ya üzvlüyü yolunda “qapı dirəklərinin yerini dəyişəcək” (yəni, oyunun qaydalarını dəyişəcək –red.).

Təhlilçi qeyd edib ki, yeni konstitusiya haqda danışan Ərdoğan mühafizəkar və dindar Ədalət və İnkişaf Partiyasının (AKP) qəbul etdiyi dəyişikliklərin gerçəkləşdirilməsinə çalışacaq.

Ərdoğan qələbə çıxışında qeyd edib ki, zəlzələnin ziyan vurduğu şəhərlərin yenidən qurulması onun prioriteti olacaq. Prezident onu da deyib ki, bir milyon suriyalı qaçqın Suriyada Türkiyənin nəzarətində olan “təhlükəsiz zonalara” qaytarılacaq, bu, Qətərlə birlikdə həyata keçirilən yerləşdirmə layihəsi çərçivəsində aparılacaq.

Ərdoğan əsasən mühafizəkar seçicilərin dəstəyini qazanıb. Onlar onu Türkiyənin islam profilini, eləcə də beynəlxalq siyasətdə ölkənin nüfuzunu yüksəltməsinə görə sevirlər.

2010-cu ildən CHP-ni idarə edən Kılıcdaroğlu isə seçilərsə, qaçqınları geri göndərəcəyini deyir, kürd silahlılarla sülh danışıqlarını istisna edirdi.

Dəyərsizləşən lirə

“Reuters” Ərdoğanın qələbəsi açıqlanandan sonra lirənin yeni rekord həddə düşdüyünü yazır. Bu ilin əvvəlindən azı 6% zəifləyən lirə son on ildə dəyərinin 90 faizindən çoxunu itirib.

Tənqidçilər illərlə davam edən iqtisadi təlatümlərə görə hökumətin qeyri-mənəvi siyasətini görürlər. Müxalifət bu siyasətin əksini vəd edirdi.

Ərdoğan qələbə nitqində inflyasiyanı ən vacib məsələ adlandırıb, amma onun da azalacağını vəd edib. Belə ki, mərkəzi bank iki il öncə 19 faiz olan faiz dərəcəsini 8.5 faizə salıb.

Ancaq “Reuters” təhlilçilərin bu fikrə ehtiyatlı yanaşdığını yazır.

“Ərdoğanın birbaşa ənənəvi iqtisadi yanaşmanı qəbul edəcəyi inandırıcı görünmür”, – “Teneo” konsultasiya firmasının prezidentlərindən biri Volfanqo Pikkoli (Wolfango Piccoli) emaillə yazılı şərhində qeyd edib.

Onun sözlərinə görə, 2024-cü ilin martında yerli seçkilər öncəsi vaxt qazanmaq məqsədilə indiki “qeyri-ənənəvi” yanaşmaya bəzi dəyişikliklər oluna bilər.

Rusiya və Ukrayna ilə münasibətlər, Suriya

Atlantik Şurasının (Atlantic Council) Türkiyə üzrə baş direktoru Defne Arslanın fikrincə, Ərdoğanın qələbəsi, eləcə də onu dəstəkləyən partiyaların parlamentdə çoxluğa sahiblənməsi o deməkdir ki, Türkiyə daha bir “mərkəzləşmiş qərarvermə”, həmçinin “siyasi sabitsizlik” dövrünə qədəm qoyur.

Qurumun aparıcı əməkdaşı Yevgeniya Gaberin sözlərinə görə, Ərdoğan Rusiyanın Ukraynaya qarşı işğalında ikibaşlı mövqeyi dəyişməyəcək, Moskvayla iqtisadi əməkdaşlığı, ticarəti inkişaf etdirəcək, Kiyevə isə özünümüdafiədə dəstək verəcək. Ancaq hakimiyyətini möhkəmləndirmiş Ərdoğan “bu dəfə daha sərt oynaya bilər”, yəni, Ukraynadan taxıl ixracı üçün Rusiyanı daha çox danışığa cəlb edə, hətta tərəfləri atəşkəsə sövq edə bilər.

Yevgeniya deyir ki, Rusiya Türkiyənin iqtisadi tərəfdaşları arasında qalacaq, çünki Ankara özünün tükənən mərkəzi bank ehtiyatlarını doldurmağa çalışır. Ərdoğanın seçki kampaniyasının əsas mesajı da belə olub ki, “Türkiyənin Rusiyaya münasibətləri Birləşmiş Ştatlarla olandan az əhəmiyyətli deyil”. Yevgeniya Rusiya Prezidenti Vladimir Putinin hələ seçkinin rəsmi açıqlanmazdan öncə Ərdoğana zəng etməsini təəccüblü saymır.

Atlantik Şurasının daha bir aparıcı əməkdaşı Riç Autzen (Rich Outzen) qeyd edir ki, Suriya Ərdoğan üçün şəxsi miras məsələsi kimi qalır. Ankara Türkiyə ilə sərhəddə yerləşən, PKK-ya bağlı YPG-ni dağıtmaq, Suriyaya xeyli sayda qaçqını qaytarmaq istəyir. Riç bu il, yaxud gələn il YPG-yə qarşı yeni hərbi əməliyyatı istisna etmir.

XS
SM
MD
LG