Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:59

Rusiyadan qazanan Gürcüstan və Ermənistanı sanksiyalar gözləyirmi?


Tbilisidə Rusiya ilə uçuşların bərpa olunmasına etiraz edənlərdən birinin saxlanması
Tbilisidə Rusiya ilə uçuşların bərpa olunmasına etiraz edənlərdən birinin saxlanması

ABŞ-ın CNBC saytı yazır ki, Ukrayna müharibəsi başlanandan sonra iqtisadiyyatlarında gözlənilməz və sıçrayışlı artım yaşanan Gürcüstan və Ermənistan Rusiya ilə ticarətə görə Qərb sanksiyaları ilə üzləşə bilərlər.

Məqalədə deyilir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) rəqəmlərinə görə ötən il Gürcüstan iqtisadiyyatında 10.1 faiz, Ermənistan iqtisadiyyatında isə 12.6 faiz iqtisadi artım qeydə alınıb. BVF bildirir ki, 2023-cü ildə bu rəqəmlər müvafiq olaraq 4 və 5.5 faizə düşə bilər.

Lakin ekspertlərin fikrincə bu azalma proqnozuna baxmayaraq hər iki ölkədə artımın əsas meylləri və deməli mümkün Qərb sanksiyaları riski də qalır.

Gürcüstandakı Azadlığın İnkişafı və İnformasiya Azadlığı İnstitutunun aparıcı eksperti Mixeil Kukava CNBC-yə deyib ki, Gürcüstan Rusiyanın bütün dünyada təklənməsindən fürsətlənməsəydi, iqtisadiyyatında belə artım olmazdı.

Qərb liderləri bir sıra treyderlərin Rusiyaya qarşı sanksiyalardan yan keçmək üçün Ermənistan, Gürcüstan, Qazaxıstan və Türkiyə kimi ölkələrdən istifadə etməsindən narahatdırlar.

Özünün son iqtisadi proqnozunda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Rusiya kimi təcrid edilmiş ölkələrə dəstək verən ölkələri “aralıq ticarət partnyorları” adlandırır.

Bankın hesabatında deyilir:

“Avropa İttifaqından, Birləşmiş Krallıqdan və Birləşmiş Ştatlardan Mərkəzi Asiya və Qafqaza ixrac dramatik şəkildə artıb. Bu isə “aralıq ticarətin” artmasını göstərir. Mallar Mərkəzi Asiya iqtisadiyyatlarına ixrac edilir və çox vaxt oradan Rusiyaya satılır”.

Həm imkan, həm də risk

2022-ci il ərzində Gürcüstanın Rusiya ilə idxalı 79, ixracı isə 7 faiz artıb.

Rusiya Ermənistanın həm idxal, həm də ixracda ən böyük partnyorudur.

BVF-in hesabatında deyilir ki, Rusiya ilə ticarət Qırğızıstan, Tacikistan və Azərbaycanda da artıb.

BVF-in direktor müavini Subir Lall deyir ki, regionda dəyişən ticarət nizamı həm imkan, həm də risk yaradır.

CNBC yazır ki, Gürcüstan və Ermənistan hökumətləri onun sorğusuna hələ ki cavab verməyiblər.

Bununla belə Gürcüstanın dövlət statistika qurumu – Geostatın məlumatına görə ölkənin Rusiya ilə ticarətində əsas yeri avtomobillər, benzin və “başqa qeyri-müəyyən materiallar” tutur. 2022-ci ildə Gürcüstandan Rusiyaya avtomobillərin, təyyarələrin və gəmilərin ixracı 2021-ci illə müqayisədə 4 dəfə artıb.

Kukava bu barədə deyib:

“Rusiyanın istər idxal, istərsə də ixracda nə vaxtsa Gürcüstanın əsas ticarət partnyoru olması mənim yadıma gəlmir. Bəzi malların ixracı 1000, bəzilərinin ixracı isə 500 faiz artıb. Şübhəli deyilmi?”

Mümkün sanksiyalar

Belə vəziyyət Avropa İttifaqından və müttəfiqlərdən araçı ölkələrə qarşı sanksiyaların qoyulması çağırışlarının artmasına səbəb olub.

Avropa Komissiyasının sözçülərindən biri CNBC-yə deyib ki, Avropa İttifaqı hazırda Rusiya üçün vasitəçi olan üçüncü ölkələrin müəyyənləşdirilməsi üzərində işləyir.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen demişdi ki, Ukraynaya qarşı müharibəyə görə Rusiya üzərinə qoyulacaq 11-ci sanksiya paketində sanksiyalardan yayınma yollarının bağlanması üçün müddəalar yer alacaq.

AYİB-in təxminlərinə görə belə “araçı ticarət” Ermənistan və Qırğızıstan kimi ölkələrin ÜDM-ində 4-6 faiz paya malikdir. Bu kimi araçı ölkələr belə ticarətlə milli valyutalarının ucuzlaşmasının qarşısını almağa çalışırlar.

Qərb müttəfiqləri hələ ki, sanksiyalar paketinin konkret açımını verməyiblər, amma bir sıra ekspertlər önləyici tədbirlərin çox sərt olacağını gözləyirlər.

CNBC yazır ki, belə tədbirlərin zərbəsi ilk növbədə Gürcüstan kimi Aİ və ya NATO üzvlüyü istəyən ölkələrə dəyə bilər.

XS
SM
MD
LG