Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:54

Paşinyan: 'Şuşanın itirilməsi dönüş nöqtəsi oldu...'


Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də Milli Məclisin 44 günlük müharibənin təfərrüatlarını öyrənən istintaq komissiyasının iclasında iştirak edib
Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də Milli Məclisin 44 günlük müharibənin təfərrüatlarını öyrənən istintaq komissiyasının iclasında iştirak edib

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də Milli Məclisin 44 günlük müharibənin təfərrüatlarını öyrənən istintaq komissiyasının iclasında iştirak edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Paşinyan iclasın əvvəlində deyib ki, bu, onun Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların tarixçəsi, 44 günlük müharibə və 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanması ilə bağlı məsələlərdən danışa bilməsi üçün ən yaxşı imkandır.

9 noyabr bəyanatı niyə imzalandı və müharibə niyə dayandı?

Paşinyanın sözlərinə görə sözü gedən bəyanatın imzalanması qərarında Şuşanın itirilməsi dönüş nöqtəsi olub:

“Burada əsas məsələ Şuşanın strateji əhəmiyyəti idi. Stepanakert (Xankəndi-red) zərbə altında qala, 25 min əsgər mühasirə təhlükəsi ilə üzləşə bilərdi”.

Paşinyan bildirib ki, bu, müharibənin dayandırılması üçün beşinci cəhd olub. Belə bir söhbət oktyabrın 7-də Paşinyan Vladimir Putini ad günü münasibətilə təbrik etmək üçün zəng edəndə olmuşdu.

Paşinyanın sözlərinə görə Putin ona müsahibələrindən birində Yerevanın kompromislərə hazır olduğunu deməyi məsləhət görüb:

“Bizim anlayışımız belə idi ki, atəş qeyd-şərtsiz dayandırılmalı və tərəflər həmin an üçün olduqları mövqelərdə qalmalı idilər. Daha sonra məsləhətləşmələr başlanmalı idi.”

Azərbaycan prezidenti atəşkəsə razı deyildi

Paşinyan deyib ki, bundan sonra Putinlə danışıb, amma Putin deyib ki, Azərbaycan prezidenti atəşkəs rejiminə razı deyil.

Ertəsi gün Putin Paşinyana deyib ki, Azərbaycan tərəfinin ön şərti var: Füzuli döyüşsüz təslim edilməli, Ermənistan qüvvələri Araz çayı boyunca geri çəkilməlidir ki, su anbarı Azərbaycanın nəzarətində olsun və onlar anbardan irriqasiya üçün istifadə edə bilsinlər:

“Bundan başqa Azərbaycan rəhbərliyi Artsaxda (Qarabağ-red) qətl və adam oğurluğuna görə cəza çəkən Quliyev və Əsgərovun qaytarılmasına ümid edirdi və bildirirdi ki, bunun əvəzində əsirlərin qaytarılması mümkündür. Bütün bunların müqabilində atəşkəs yox, yalnız həlak olanların dəfn edilməsi üçün humanitar atəşkəs elan edilməliydi. Bundan başqa hərbi əməliyyatların dayandırılması üçün heç bir şərt qoyulmamalı idi”.

Paşinyanın sözlərinə görə Yerevan bu şərtləri qəbul etməyib.

Xankəndidə həyəcan: "Qarabağda dərman və bəzi ərzaqlar bir neçə günə bitəcək"
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

“Yola razıyam, dəhlizə yox”

Ermənistan baş naziri deyib ki, o Azərbaycan və Naxçıvan arasında yolların açıq olmasını qəbul edir, amma bu, dəhliz yox, yol olmalı və Ermənistanın yurisdiksiyası və suverenliyi çərçivəsindən çıxmamalıdır:

“Müharibənin dayandırılması üçün 19 oktyabr tarixli təklifdə deyilirdi: yeddi rayonun hamısı Azərbaycanın nəzarətinə keçir, Dağlıq Qarabağın statusu qeyri-müəyyən qalır, Dağlıq Qarabağın artıq itirilmiş əraziləri Azərbaycanın nəzarətində qalır, Şuşa Azərbaycana təslim edilir, Meğridə sülhməramlılar yerləşdirilir, beləliklə faktiki olaraq Azərbaycan və Naxçıvan Muxtar Respublikasını birləşdirən zolaq və bizim nəzarətimizdə olmayan dəhliz yaranır”.

Paşinyan bildirib ki, o vəziyyətin son dərəcə ağırlığına baxmayaraq bu şərtlərə razılıq verməyib.

“Şuşa və Meğridə sülhməramlılar “qırmızı xəttim” idi”

Paşinyan bildirib ki, Şuşanın verilməsi və Meğridə sülhməramlıların yerləşdirilməsi onun üçün “qırmızı xətt” olub.

O əlavə edib ki, Şuşa durduqca mübarizənin “konkret məqsədi və motivi” var idi:

“Amma digər tərəfdən danışıqlardan aydın görünürdü ki, Azərbaycanın növbəti məqsədi Şuşa olacaq. Şuşanı almaqla, azərbaycanlılar Laçın yolunu bağlayardılar və Stepanakertə (Xankəndi-red) hücum, Müdafiə ordusunun 5,6,7-ci müdafiə rayonlarına təkcə cəbhədən yox, həm də arxadan zərbə endirə bilərdilər”.

Şuşanın təslim edilməsi

Paşinyanın sözlərinə görə o Şuşanın həlledici faktor olduğunu bildiyindən şəhərin möhkəmləndirilməsinə və müdafiəsinin təşkilinə hazırlığa başlanıb:

“Axırda belə bir təsəvvür yarandı ki, lazım olan bütün işlər görülüb. Amma bu hazırlıq işlərindən az sonra xəbər gəldi ki, bir qrup azərbaycanlı Zarıslı kəndi rayonunda bizim müdafiəmizi yarıb və Laçın-Stepanakert (Xankəndi-red) yoluna çıxıb, yəni yolu bağlayıb. Bu xəbəri mənə Dağlıq Qarabağın prezidenti (Qarabağdakı qondarma rejimin başçısı-red) verdi, amma Ermənistan baş qərargahı xəbəri təkzib etdi”.

Paşinyan bildirib ki, bu xəbərin verilməsi və təkzibi dəfələrlə təkrar olunub və nəhayət noyabrın 7-də Baş Qərargahın rəisi Onik Qasparyan Şuşanın itirildiyini bildirib.

Ermənistan baş naziri bildirib ki, onun bütün əmrlərində Şuşanın nəyin bahasına olursa-olsun saxlanmasının mühümlüyü vurğulanırdı.

Paşinyan xatırladıb ki, Şuşanın təslim edilməsi ilə bağlı cinayət işi qaldırılıb və bütün detallar aydınlaşdırılmalıdır.

Qazax rayonunun Ermənistanın nəzarətində olan kəndləri
Qazax rayonunun Ermənistanın nəzarətində olan kəndləri

Qazaxın kəndlərinin qaytarılması məsələsi

Paşinyanın dediyinə görə, o Ermənistanın Tavuş rayonundakı anklavların (Qazax rayonunun kəndləri-red) məsələsi üzrə danışıqlara yalnız bir şərtlə razılıq verib ki, Şuşa və Ermənistan ərazisi ilə dəhliz verilməsi bəndləri danışıqlardan çıxarılsın. Paşinyan habelə Qarabağdakı Hadrut rayonunun əvəzində Ağdam rayonunun qaytarılmasımnı təklif edib.

Baş nazir vurğulayıb ki, bu artıq üçtərəfli bəyanatın imzalanmasına aparan yolun başlanğıcı idi:

“8 noyabra olan vəziyyətə görə Şuşanın bizim nəzarətimizdə olduğu barədə nə deyilsə də, mən başa düşürdüm ki, biz artıq onu tamamilə qaytara bilməyəcəyik”.

Paşinyanın sözlərinə görə noyabrın 8-də və 9-da Putinlə təxminən 20 telefon söhbətindən sonra məlum oldu ki, Azərbaycan Hadrutu Ağdama dəyişmək təklifini rədd edib:

“Nəhayət müzakirələr nəticəsində bizim razılaşdırdığımız mətndə Şuşa barəsində, Ermənistan ərazisi ilə dəhliz barəsində heç nə deyilmirdi, söhbət hərbi əməliyyatların dayandırılmasından, yeddi rayonunun qaytarılmasından, Laçın dəhlizinin yaradılmasından, orada və Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsindən gedirdi. Mən noyabrın 9-da səhər bu sənədi imzaladım”.

Paşinyan bildirib ki, Azərbaycan bu sənədi imzalamamışdı və yeni təkliflər irəli sürmüşdü.

Xankəndidə Azərbaycan polisi necə işləyəcək? MÜZAKİRƏ #Izahla
Gözlə

No media source currently available

0:00 0:38:49 0:00

Pis variantlardan ən yaxşısı

Paşinyan deyib ki, o Qazaxın kəndlərinin qaytarılmasına dair bəndlə razılaşmayıb və son nəticədə indiki 9 noyabr üçtərəfli bəyanatı yaranıb:

“Uzun sürən mürəkkəb müzakirələrdən sonra mən sizə məlum olan sənədi imzaladım. Bu, əlbəttə səhərki variantdan pis idi, amma Meğridən dəhlizi və Tavuş rayonu anklavlarının qaytarılmasını nəzərdə tutan başqa variantlardan yaxşı idi”.

Ermənistan baş naziri deyib ki, Qarabağ məsələsi son 25 ildə həll olunsa idi, 44 günlük müharibə olmayacaqdı.

Azatutyun yazır ki, Paşinyan çıxışını iyunun 27-də, 44 günlük müharibəni öyrənən komissiyanın növbəti iclasında davam etdirəcək.

Həmin iclasda deputatların Paşinyana suallar vermək imkanı olacaq.

Ermənistan müxalifəti Milli Məclisin bugünkü iclasını boykot edib və onu “Paşinyanın şousu” adlandırıb.

Azərbaycan XİN Nikol Paşinyanın açıqlamasına münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan baş naziri Nikol Paşinyanın iyunun 20-də parlamentdə çıxışı zamanı səsləndirdiyi bəzi fikirlərə münasibət bildirib.

Nazirliyin vurğulamasına görə, Paşinyanın çıxışı 44 günlük müharibə zamanı və ümumilikdə, işğal dövründə aparılmış bir sıra danışıqları “təhrif etməklə yanaşı, göstərib ki, Ermənistan çağırışlara baxmayaraq, Azərbaycan ərazilərini danışıqlar yolu ilə işğaldan azad etməkdən imtina edib”.

“Ermənistan tərəfinin tarixi səhvlərindən dərs çıxarması və post-münaqişə dövründə sülh prosesinin uğurla nəticələnməsi işinə maneçilik törətmək səylərindən əl çəkməsi zəruridir”- XİN-n açıqlamasının sonunda qeyd edilir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG