Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:12

Ceyhun Bayramov: Qarabağ ermənilərinə xüsusi qarantiyalar verilməyəcək


Ceyhun Bayramov
Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qarabağın erməni əhalisinə xüsusi qarantiyalar verilməsinə dair tələbi rədd etdiyini bildirib.

Nazir Reuters agentliyinə müsahibəsində bildirib ki, Qarabağın erməni əhalisi kifayət dərəcədə mühafizə olunur.

Reuters yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ötən ay Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını bəyan etməsindən sonra sanki iki ölkənin münasibətlərinin normallaşdırılmasında böyük irəliləyişə ümid yaranmışdı. Paşinyan bunun müqabilində Azərbaycanın Qarabağın erməni əhalisinin təhlükəsizliyinə qarantiya verməsini istəmişdi.

Lakin iyunun 23-də Reuters agentliyinə müsahibəsində Ceyhun Bayramov bildirib ki, belə bir qarantiyaya ehtiyac yoxdur və bunun tələb olunması Azərbaycanın daxili işlərinə qarışılması deməkdir:

"Biz Ermənistan Respublikasından belə bir ön şərtləri və ya bəhanələri bir neçə səbəbdən qəbul edə bilmərik. Ən əsası da budur: bu daxili və suveren bir məsələdir. Azərbaycan Konstitusiyası və Azərbaycanın tərəf olduğu beynəlxalq konvensiyalar bu əhalinin hüquqları üçün qarantiyaya lazım olan bütün zəruri şəraiti yaradır”.

Nazir deyib ki, ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olunsalar, öz dillərində təhsil ala və mədəniyyətlərini qoruyub saxlaya və başqa etnik və dini azlıqlar kimi qurumlarını yarada bilərlər.

Bayramov bunu da vurğulayıb ki, sülh danışıqlarında “müəyyən tərəqqi” var və Bakı razılaşma əldə olunmasını istəyir.

“Paşinyan niyə iki il yarım gözləyib?”

Lakin nazir eyni zamanda öz ermənistanlı həmkarı ilə gələn həftə Vaşinqtonda keçirilməsi nəzərdə tutulan görüşündən əvvəl tərəflər arasında fikir ayrılığının nə qədər böyük olduğunu göstərən bəyanatlar səsləndirib:

"Biz inanırıq ki, Ermənistan baş naziri bunu ilk dəfə olaraq açıq bəyan edib. Amma nəyə görə baş nazirə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etmək üçün iki il yarım vaxt lazım gəlib?”

Londonda Ukrayna ilə bağlı beynəlxalq konfransda iştirak edən Ceyhun Bayramov minlərlə erməni əsgərin hələ də Azərbaycan ərazisində qalmasından narazılıq ifadə edib.

Reuters yazır ki, Azərbaycan Qarabağda etnik erməni hökumətinin və hərbi strukturlarının ləğvini tələb edir və erməni əhalinin Azərbaycan pasportlarını qəbul etməsini istəyir.

Laçın dəhlizindəki post

Reuters yazır ki, regionda gərginlik Azərbaycan Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizində sərhəd yoxlama-buraxılış postu qurandan sonra daha da gərginləşib.

Bundan əvvəl isə dəhlizlə azad hərəkətə özlərini Azərbaycanın ekofəalları adlandıran qrupun həftələrlə davam edən aksiyası mane olurdu.

Bakı bildirir ki, sözü gedən post Qarabağa qanunsuz silah və sursatın gətirilməsinin qarşısını almaq üçündür.

Azərbaycan rəsmiləri bu posta görə Qarabağdakı erməni əhalinin humanitar böhranla üzləşdiyinə dair Yerevanın ittihamlarını rədd edirlər.

Rəsmi Yerevan bir neçə dəfə Azərbaycanın Qarabağda “etnik təmizləməyə” hazırlaşdığına dair bəyanatlar verib. Bakı bu iddiaları rədd edir.

Bayramov deyib ki, əgər Ermənistan bir sıra addımları atmağa hazır olarsa, sülh əllə çatılacaq məsafədədir:

"Əgər təkcə bəyanatlar vermək üçün yox, həm də bəzi praktik addımlar atmaq üçün iradə çatarsa, razılaşmanın hətta bu ilin sonunadək əldə olunması mümkündür. Əgər buna real hazırlıq olmasa...onda bu daha sonra ola bilər”.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında illərdir sülh danışıqları getsə də, hələlik, müsbət nəticə əldə edilməyib.

XS
SM
MD
LG