Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:57

Zelenski Ərdoğanla görüşəcək


Volodimir Zelenski (sağda) və Rəcəb Tayyib Ərdoğan, 18 avqust, 2022-ci il
Volodimir Zelenski (sağda) və Rəcəb Tayyib Ərdoğan, 18 avqust, 2022-ci il

İyulun 7-də Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq. Bu arada Kiyev NATO üzvlüyü, Rusiya qüvvələrinə qarşı davam edən əkshücumda daha çox silah istəyir.

Zelenski İstanbula Praqadan gedir. O, Çex Respublikasında deyib ki, Vilnüsdəki NATO sammitində Ukraynanın hərbi alyansa üzvlüyünə dair “aydın siqnal” göndərilməlidir.

Aydın siqnal gözləntisi

“Dəvətlə bağlı aydın siqnal, bəzi konkret şeylər haqda danışırıq. Bu motivasiya bizə lazımdır. Bizə münasibətlərdə səmimiyyət gərəkdir”, – Zelenski iyulun 6-da Praqada Çexiya Prezidenti Petr Pavel ilə birgə mətbuat konfransına deyib.

O, Ukraynanın əkshücumu haqda bildirib ki, sürətlə getməsə də, “biz irəliləyirik, rusiyalılar kimi geri çəkilmirik”.

Zelenski jurnalistlərə onu da deyib ki, silahların ləng göndərilməsi əkshücumu yubadıb, bu isə Rusiyanın işğal etdiyi yerlərdə müdafiəni gücləndirməsinə imkan yaradıb.

Pavel Ukraynanın NATO və Avropa İttifaqlı üzvlüyünə dəstəyini bildirərək qeyd edib ki, Ukrayna özünü Rusiyanın işğalından müdafiə etdiyi bir dönəmdə Çex Respublikasının dəstəyinə bel bağlaya bilər.

Zelenski Praqadan öncə Sofiyada olub, Ukraynanın Qərb təşkilatlarına, konkret olaraq NATO və Aİ-yə inteqrasiyası üzrə deklarasiya imzalayıb.

Rusiya sazişin uzadılmasına qarşıdır

İstanbul danışıqlarında isə NATO-nun gələn həftəyə gözlənən sammiti, eləcə də Ukrayna taxılının Qara Dəniz vasitəsilə daşınması üzrə saziş müzakirə olunacaq. Sənədin müddəti iyulun 17-də bitir.

Rusiya sazişin müddətinin uzanmasına razılıq verməyib. Moskva bildirir ki, öz taxılı və gübrəsinin ixracına əngəllər qaldığından bu razılaşmanı yeniləməyə əsas görmür.

Ötən il razılaşmanın əldə olunmasna vasitəçilik etmiş Türkiyə onun vaxtını uzatmağa çağırır.

Bu arada Ukrayna hakimiyyəti qərbi Lvov şəhərinə Rusiyanın hücumunda ölənlərin sayının 10-a qalxdığını bildirib. Bi qadının meyiti dağıntılar altından çıxarılıb. Hücumda 42 nəfər xəsarət alıb.

XS
SM
MD
LG